ABŞ üçün qarşıdakı dövrdə ən vacib mövzulardan biri S-400 olacaq.Axar.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-leytenant İsmayıl Haqqı Pekin deyib. O bildirib ki, Bayden hakimiyyəti artıq indidən Türkiyəni təhdid edir:
“ABŞ-ın açıqlamalarında Türkiyə ilə S-400-lə əlaqədar ortaq işçi qrupu qurması fikirində olmadığını açıq görürük. ABŞ Türkiyəni hər zaman sözdə strateji tərəfdaş olaraq görüb. Onların ittifaq anlayışında iki bərabər ölkə yoxdur. ABŞ-ın maraqları var və bu, Türkiyənin əleyhinə olsa belə, buna uymalıdır. Buna görə “strateji tərəfdaş” sözünü işlədirlər. Onun maraqlarına xidmət edilən müddətdə problem yaşanmır”.
O qeyd edib ki, ABŞ Türkiyəni müttəfiqdən çox, qarşı tərəf kimi görür:
“ABŞ Suriyada Türkiyəyə qarşı bir terror dövləti qurmağa çalışır. Kipr məsələsində qarşımızdadır. Şərqi Aralıq dənizində və Liviyada da Türkiyəyə qarşı təşkilatlandılar”.
Qeyd edək ki, ABŞ Dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken Türkiyənin NATO-da olmasına baxmayaraq, S-400 almasının qəbuledilməz olduğunu bildirib.
Tarix: 21-01-2021, 10:42