Virus əleyhinə vaksin ölümə səbəb olurmu - İsmayıl Balık şərh edir Norveçdə koronavirus (COVID-19) əleyhinə “Pfizer” vaksini vurulan 23 nəfər həyatını itirib. Bu xəbəri eşitdikdən sonra peyvənd olunmağı düşünən insanlarda fikir ayrılığı və suallar yaranıb. Koronavirus vaksininin heç bir yan təsirinin olmadığı sübut olunubsa, bəs, ölüm halları niyə baş verir?
Norveçdə “Pfizer” vaksinasiyasına ötən ilin dekabrında başlanılıb. Peyvəndi ilk qəbul edən Oslo qocalar evlərinin sakinləri olub. Norveç Tibb Agentliyi ümumi yan təsirlərin zəif yaşlı insanlarda ciddi reaksiyalara səbəb ola biləcəyini qeyd edib. Bu yaş qrupunda peyvəndlərin kifayət qədər sınaqdan keçirilmədiyi vurğulanır.
Türkiyə həm “Sinovac”, həm də “Pfizer” vaksinini müxtəlif sınaqlardan keçirən ölkələrdəndir. Ankara Universiteti Tibb fakultəsinin İnfeksion xəstəliklər şöbəsinin müdiri, professor-doktor İsmayıl Balık baş verən hadisəni AYNA-ya şərh edərkən deyib ki, sınaqlar zamanı “Pfizer” peyvəndinin ciddi yan təsirlərinə rast gəlməyiblər. Onun sözlərinə görə, peyvənd sadəcə allergik reaksiya və anaflaktik şok verə bilər ki, bu, insana vurulan hər hansı bir dərman preparatlarında da mümkündür.
“Almaniya və Norveçdən “Biontech-Pfizer mRNA” peyvəndi vurulan 80 yaşdan yuxarı insanların ölümləri ilə əlaqədar cəmiyyətdə narahatlıq olduğu görünür. Almaniyada 10, Norveçdə 13 nəfərin peyvənddən sonra öldüyü açıqlandı. Ancaq həm Almaniya, həm də Norveç səhiyyə nazirlikləri bu ölümlərin peyvəndlə birbaşa əlaqəli olduğunu düşünmədiklərini açıqladılar. Bütün ölüm hadisələrinin yaşlı qocalar evində yaşayan və ağır xroniki xəstəlikləri olan insanlar arasında olduğunu və bu səbəbdən ölümlərin peyvəndlə deyil, təsadüfi olduğunu izah etdilər. Norveçdəki qocalar evlərində həftədə 400-ə yaxın ölüm qeydə alındığı ifadə edildi. Ölüm hadisələrində görülən yan təsirlərin, ümumiyyətlə qızdırma, ürək bulanması və qusma olduğu və bunların demək olar ki hamısının bədəni çox zəif olan xəstələr olduğu təyin olundu. Bu səbəblə Norveç, ölüm peyvəndi əlaqəsinin olub-olmadığı aydınlaşana qədər, 80 yaşdan yuxarı və ağır xəstəlikləri olan xəstələrin peyvənd olunmaması xəbərdarlığını etdi”, - İ.Balık bildirib.
Mütəxəssis hesab edir ki, bütün bunlara baxdığımızda, ölümlərin təsadüfi olma ehtimalı daha yüksəkdir: “Buna baxmayaraq, Norveçin ehtiyatlı olma qərarı uyğun bir qərardır. Ancaq bu, mümkün risk, passiv peyvəndlər üçün mövcud məlumatlar fonunda müzakirə mövzusu deyil. Bugünlərdə səhiyyə mütəxəssislərimiz tərəfindən qocalar evlərində peyvəndləmə həyata keçiriləcək. Bu xəbərlərin yayılmasından sonra ölkəmizdə yaşlı insanlar üçün narahatlıq ola bilər. Ancaq bunun bizim üçün yersiz olduğunu deyə bilərik”.
Həmsöhbətimizin sözlərinə görə, hələlik mRNA peyvəndi istifadə edilmədiyi üçün hərəkətsiz vaksin istifadə olunur: “Ən azından, təsirsiz hala gətirilmiş peyvəndlərin yaşlılarda və ağır xəstəlikləri olanlarda ölümə səbəb olduğu təcrübəsi yoxdur. Yəni, 65 yaşdan yuxarı qocalarımız mütləq vaksinasiya olunmalıdırlar. Həm təhlükəsiz olduğu üçün, həm də virusa yoluxma ehtimalı və ölüm ölüm riski onlarda yüksək olduğu üçün. Peyvənd COVID-19-a yoluxmanı və ölüm riskini önləyir. Ancaq bir daha xatırlatmaq faydalıdır ki, vaksinasiya olunanlar, epidemiya bitənə qədər maska və məsafə qaydalarına əməl etməlidirlər”.
Professor əlavə edib ki, peyvənd müzakirələrindəki digər bir məsələ effektivlik nisbətidir: “Ümumdünya Səhiyyə Təşkilatı, səmərəliliyi 50 faizdən çox olan bir peyvəndin pandemiyada istifadə edilə biləcəyini açıqladı. Faza tədqiqatlarının ilkin hesabatına görə, mRNA peyvəndlərinin (Biontech-Pfizer və mODERnA) səmərəliliyi 95 faiz, Oxford peyvəndinin (vektor peyvəndi) səmərəliliyi, təxminən 75%-dir. Türkiyənin də istifadə etdiyi “Sinovac” şirkətinin peyvəndinin (“Coronavac”) səmərəliliyinin, təxminən 91 faiz olduğu bildirilir. Yaşlılarda mRNA peyvəndlərinin təsirsiz hala gətirilmiş peyvəndlərdən daha yüksək olduğu proqnozlaşdırılsa da, inanıram ki, 65 yaşdan yuxarı ağır xəstəlikləri olanlar üçün, Norveçdə ölüm hallarının səbəbi tam başa düşülənə qədər inaktiv peyvəndlərə üstünlük verilməlidir”.
Qeyd edək ki, qardaş ölkə koronavirusla mübarizədə “Coronavac” peyvəndini seçib. Artıq risk qrupuna aid 600 min səhiyyə işçisi peyvənd olunub və onlarda heç bir əks təsir aşkarlanmayıb. Bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “Coronavac” vaksinini canlı yayımda vurdurub.
Onu da xatırladaq ki, Almaniyada Almaniya-ABŞ şirkətləri tərəfindən istehsal olunan “Pfizer-BioNTech” peyvəndi vurulan 10 nəfər dünyasını dəyişib. Bu hesabla Almaniyada peyvənd edilən 842 min insandan 10-u vaksinasiyadan sonra həyatını itirib. Virusun geniş yayıldığı ölkədə ölümlərin səbəbi araşdırılmağa başlanılıb. Qeyd edilir ki, həyatını itirənlər 79-93 yaş arası xroniki xəstəlikləri olanlardır. Onların peyvənd edilmələri ilə ölümləri arasındakı müddət 1-4 saat arasında dəyişir. Həmin şəxslər müalicə alan, əlavə xəstəliklərdən əziyyət çəkən xəstələr olublar.
10 milyon doza “Pfizer-BioNTech” peyvəndi sifariş edən Avstraliya baş verənlərdən sonra hərəkətə keçərək, bu mövzuda təcili məlumat istədiklərini açıqlayıb. Peyvənd olunduqdan sonrakı ilk 15-30 dəqiqəni xəstəxanada, həkim nəzarəti altında keçirmək tövsiyə edilir.
Nəhayət, Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev ilk vaksin olunan şəxslərdir.
Tarix: 19-01-2021, 21:04