Azərbaycandan enerji resursları idxal edən Yunanıstan Ermənistana dəstək verməklə kifayət qədər riskli davranır. Bunun qarşılığında Azərbaycan rəsmi Afinanı qətiyyən məmnun etməyəcək bəzi məsələləri öz siyasi gündəliyinə əlavə edə bilər...
Yunanıstan-Türkiyə silahlı münaqişəsi baş verərsə, bundan yalnız Fransa faydalanmış olacaq. Əvəzində isə ən ciddi ziyanla məhz Yunanıstan üzləşə bilər...
Hələlik kənar təsirlərin alətinə çevrilmiş rəsmi Afina üçün 2021-ci ilin ilk yarısında başlaya biləcəyi ehtimal olunan Türkiyə ilə müharibədən yayınmaq Yunanıstanın gələcəyinin xilası anlamı daşıyır... Türkiyə-Yunanıstan münasibətləri yenidən gərginləşməyə başlayıb. Əslində, bu, o qədər də ciddi yenilik deyil. Çünki bu iki qonşu dövlət arasında tarixi qarşıdurma mövcuddur və ötən il ərzində Türkiyə-Yunanıstan qarşıdurması özünün ən böhranlı dövrünü yaşayıb.Məsələ ondadır ki, rəsmi Afina beynəlxalq və regional siyasət məkanlarında bir qayda olaraq, Türkiyəyə qarşı mövqe tutmaqda xüsusi canfəşanlıq göstərir. Belə ki, rəsmi Ankara hansı istiqamətə yönəlsə, Yunanıstan mütləq Türkiyənin yoluna daş qoymağa çalışır. Bu, artıq rəsmi Afinanın Türkiyə siyasətinin təməl prinsipinə çevrilib.
Rəsmi Ankara ötən əsrin 70-ci illərindən başlayaraq Türkiyənin Avropa Birliyinin tamhüquqlu üzvlüyünə nail olmaq üçün intensiv fəaliyyət göstərib, böyük əmək sərf etməkdədir. Bu müddət ərzində Türkiyə Avropa Birliyinə üzvlük şərtlərini artıqlanması ilə yerinə yetirib.
Buna baxmayaraq, Türkiyə hələ də Avropa Birliyinə üzvlükdən kənarda saxlanır. Əsas səbəblərdən biri məhz rəsmi Afinanın bu məsələ ilə bağlı tutduğu qərəzli mövqedir və Yunanıstanın qərəzli mövqeyi, əslində, dərin düşmənçilik məzmunu daşıyır. Belə ki, Türkiyə ilə ərazi problemləri olan Yunanıstan rəsmi Ankaranın Avropa Birliyinə üzvlük müraciətlərini bir qayda olaraq veto edir. Bununla da Türkiyənin yolu Avropa Birliyinə bağlanmış olur.
Kipr böhranının nizamlanması prosesində də rəsmi Ankara qərəzli mövqeyini davam etdirdi. Belə ki, Avropa Birliyi yunanların və türklərin ortaq dövlətinin qurulması variantının reallaşmasından sonra Kipr adasını vahid dövlət statusunda öz sıralarına qəbul etmək niyyətində idi.
Ancaq alınmadı. Çünki Yunanıstan Kipr adasında yunanların və türklərin vahid dövlətinin yaradılmasına imkan vermədi. Daha sonra Kiprin yunan hissəsinin ümumi ada dövləti statusunda Avropa Birliyinə qəbul edilməsinə nail oldu.
Təbii ki, bu reallıq Türkiyənin Avropa Birliyinə üzvlük cəhdlərinin baş tutmasını daha da çətinləşdirdi. Çünki əgər əvvəllər rəsmi Ankaranın bu quruma üzvlüyünü yalnız Yunanıstan əngəlləyirdisə, indi Kipr yunanları da öz veto hüququndan istifadə edirlər.
Ümumiyyətlə, Yunanıstan yalnız rəsmi Ankaraya deyil, bütün türk dövlətlərinə, o cümlədən, Türkiyənin ən yaxın müttəfiqlərinə qarşı eyni düşmənçilik siyasətində israr edir. Bunu Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurmuş Azərbaycan da öz üzərində hiss etməkdədir.
Məsələ ondadır ki, 44 günlük savaş dönəmidə Yunanıstan birmənalı şəkildə Ermənistanı dəstəklədi. Beynəlxalq siyasət məkanında mifik “erməni xəyalları”nın əsas təbliğatçılarından birinə çevrildi. Savaşdan sonra da eyni davranışlarını davam etdirməkdədir.
Belə ki, bir müddət öncə Yunanıstan Dağlıq Qarabağdakı cinayətkar separatçı quruma humanitar yardım göndərmişdi. Ünvan olaraq humanitar yardımların üzərində "Artsax" yazılmışdı.
Təbii ki, bu, olduqca ciddi diplomatik qalmaqala yol aça biləcək beynəlxalq hüquq pozuntusudur. Rəsmi Afinanın bu davranışı Azərbaycana qarşı xaincə atılmış bir addımdır.
Əslində, Dağlıq Qarabağ münaqişəsinin artıq həll edildiyini Afinada bilməmiş deyildilər. Yunanıstanın bu addımı Türkiyə-Azərbaycan İttifaqına müəyyən problemlər yaratmaq cəhdindən başqa heç bir anlam daşıya bilməz.
Halbuki Yunanıstan Ermənistandan heç bir ciddi və real iqtisadi gəlir əldə etmək şansına sahib deyil. Azərbaycanın Avropaya nəql etdiyi təbii qazdan isə Yunanıstan istifadə edir.
Digər tərəfdən, Yunanıstanın bu siyasi xəyanəti rəsmi Bakını alternativ manevrlərə sövq edə bilər. Hər halda, rəsmi Afinanın beynəlxalq hüquqa zidd addımları davam edərsə, Azərbaycanın da Şimali Kipr Türk Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması ilə bağlı məsələni öz siyasi gündəliyinə daxil edə biləcəyi qətiyyən istisna deyil.
Ona görə də rəsmi Afina hazırda odla oynadığını nəzərə almaq məcburiyyətindədir və Türk dövlətlərinə qarşı düşmənçilik siyasətinin Yunanıstana ziyandan başqa heç nə gətirməyəcəyini proqnozlaşdırmağı bacarmalıdır.
Halbuki rəsmi Afina hələlik belə proqnozlardan xeyli uzaqdır. Belə ki, Yunanıstan hazırda Şərqi Ağdəniz böhranında Türkiyəyə qarşı qurulmuş hərbi-siyasi koalisiyanın tam mərkəzində yer alır və Türkiyənin ərazi sularında olan, yeni kəşf olunmuş enerji resursları qaynaqlarının istismarını əngəlləməyə çalışır.
Onu da qeyd edək ki, Şərqi Ağdəniz böhranında Yunanıstanın əsas müttəfiqi rolunda məhz digər Türkiyə düşməni olan Fransa çıxış edir. Məhz Fransa Yunanıstana dəstək verərək Türkiyə ilə qarşıdurmaya təşviq edir. Əks halda, rəsmi Afina təkbaşına Yunanıstandan daha güclü olduğu qətiyyən şübhə doğurmayan Türkiyəyə qarşı müqavimət göstərməyə qətiyyən cəsarət etməzdi.
Ancaq Türkiyə Yunanıstandan və Fransadan, həmçinin onların hərbi-siyasi koalisiyadakı müttəfiqlərindən çəkinmədiyini artıq birmənalı şəkildə sübuta yetirib. Hətta rəsmi Ankara bunu açıq mətnlə bəyan etməkdən məmnunluq duyduğunu da qətiyyən gizlətmir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Şərqi Ağdəniz regionundan Qarabağadək kritik məsələlərdə ortaya qoyduğumuz güclü iradə və qətiyyətimizi bütün dünyaya göstərdik” deməklə rəsmi Ankaranın heç bir dövlətin və ya hərbi-siyasi koalisiyanın qarşısında geri çəkilmək, öz hədəflərinin reallaşdırılmasında tərəddüd keçirmək niyyətində olmadığını büruzə verib.
Eyni zamanda, prezident R.T.Ərdoğan Türkiyənin öz hərbi-siyasi həmlələri ilə müstəmləkə anlayışı üzərində qurulmuş və əsrlərlə ömrü olan bir beynəlxalq sistemi kökündən sarsıtdığını vurğulayıb. Onun fikrincə, rəsmi Ankaranın mövqeyi Türkiyənin siyasi iradəsinin keçərli olan bölgələrdə “qapalı qapılar arxasında” hazırlanan planların məzlumların qanı bahasına tətbiq edilməsinə imkan vermir.
Maraqlıdır ki, Yunanıstanın üzləşdiyi indiki durumdan narahat olan əksər ekspertlər rəsmi Afinanın geopolitik iradəsinin zəif olduğunu qabardırlar. Hətta onların bəziləri belə bir siyasi iradənin olduğuna şübhə etdiklərini də qətiyyən gizlətmirlər.
Maraqlıdır ki, yunan ekspertlər situasiyanın daha təhlükəli məzmun almasından şikayət edirlər. Məsələn, yunan analitik Corc Filis rəsmi Afinanın müstəqil gücə sahib olmasının əngəlləndiyini iddia edir: "Sanki kimlərsə Yunanıstanın müstəqil gücə sahib olmasını istəmir. Müdafiə sənayesində sıçrayışa nail olmaq üçün yetərli insan resurslarımız var. Ancaq bunu reallaşdıra biləcək siyasi iradə yoxdur. Sağa-sola getmək mümkün deyil. Deyəsən, dəmir yolu ucbatından Türkiyə ilə “qaynar münaqişə”yə doğru irəliləyirik. Bunun 2021-ci ildə baş verəcəyini düşünürəm”.
Göründüyü kimi, yunan ekspert narahatlığını müəyyən mənada Türkiyə üzərindən ifadə etməyə çalışır. Halbuki Yunanıstanın müstəqil gücə sahib olmasını əngəlləyən Türkiyə deyil. Rəsmi Afinanı Türkiyə ilə qarşıdurmaya sövq edən Fransa bilərəkdən diqqətdən yayındırılır. Ancaq rəsmi Parisin öz maraqlarını təmin etmək üçün Yunanıstan ilə Türkiyə arasında münaqişə mühiti yaratmağa can atdığı artıq hər kəsə aydın olan reallıqdır.
Ona görə də rəsmi Afinanın ilk növbədə müstəqil siyasi iradəyə sahib olması, Fransanın hiyləgər geopolitik oyunlarının alətinə çevrilməməsi olduqca vacibdir. Ən azından ona görə ki, Fransa Yunanıstan-Türkiyə münaqişəsinə nail olarsa, bundan yalnız rəsmi Paris faydalanmış olacaq. Əvəzində isə ən ciddi ziyanla məhz Yunanıstan üzləşə bilər.
Bütün bunları nəzərə aldıqda rəsmi Afinanın Türkiyə ilə silahlı münaqişə ehtimalından yayınması önəmli manevr təsiri bağışlaya bilər. Çünki buna nail olarsa, Yunanıstanı biabırçı hərbi məğlubiyyətdən xilas etmiş olar. İndi rəsmi Afina yunan ekspertin bu il üçün iddia etdiyi savaş proqnozunun boşa çıxarılması üçün əlindən gələn hər şeyi etməyə məhkumdur. Əks halda, Ermənistanın taleyini eynilə təkrarlaya bilər.
Elçin XALİDBƏYLİ,Siyasi ekspert,“Yeni Müsavat”
Tarix: 19-01-2021, 20:56