Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ATƏT-dən xahiş edib ki, onun və mühacirətdə olan digər müxalifətçilərin ölkəyə təhlükəsiz qayıtmasına kömək etsin. Tixanovskava 9 avqust prezident seçkisindən bir gün sonra Litvaya getməli olub.O, yanvarın 18-də vebsaytında yazıb ki, bu xahişlə bir gün öncə Avropa Birliyi səfirləri ilə onlayn görüşdə çıxış edib.
“Mən beynəlxalq ictimaiyyətlə birlikdə Belarusa qayıtma imkanı əldə etmək istəyirəm. Mənə qarşı iki cinayət işi açılıb, adımı beynəlxalq axtarış siyahısına salıblar. Buna görə qayıtmam üçün xüsusi təminat olmalıdır”, – Tixanovskaya iclasda deyib.
O əlavə edib ki, ötən həftəsonu Berlindən Moskya qayıdan rusiyalı müxalifətçi
Aleksey Navalnının saxlanması bu məsələdə beynəlxalq ictimaiyyətin, özəlliklə ATƏT-in yardımının vacibliyini göstərir.
Tixanovskaya həmçinin ATƏT-ə təklif edib ki, Belarusda davam edən böhranın həllindən ötrü inklüziv dialoq təşkil etsin, AB, Belarus müxalifəti və Lukaşenka arasında danışıqların başlanması üçün kontakt qrupu yaratsın. Müxalifət lideri ölkədə yeni prezident seçkisi keçirilməsinin tərəfdarı olduğunu deyib, əlavə edib ki, səsvermə 45 gün ərzində keçirilə bilər.
Xatırladaq ki, 27 ildir ölkəni idarə edən Aleksandr Lukaşenko avqust seçkisinin qalibi elan olunandan sonra ölkədə etirazlar başlanıb. Müxalifət seçkini Tixanovskayanın udduğunu deyir, yeni seçki keçirməyi, Lukaşenkanın istefasını tələb edirlər.Seçkidən sonra bir sıra müxalifətçilər ölkədən çıxmalı oldular. Nümayişlərdə isə bir neçə nəfər öldürülüb, minlərlə saxlanan olub. Saxlananlara işgəncə verilməsinə dair mötəbər dəlillər var.
"AzPolitika.info"
Tarix: 19-01-2021, 16:59