Rusiyada həbs olunmuş müxalifətçi Aleksey Navalnının vəkilləri yanına buraxılmayıb.Belə ki, vəkilləri Olqa Mixaylova və Vadim Kobzev Navalnı ilə görüşmək üçün Rusiya DİN-in onun saxlandığı idarəsinə gəliblər. Lakin onlara görüşməyə imkan verilməyib.
Qeyd edək ki, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya geri döndükdən sonra “Şeremetyvo” hava limanının pasport-nəzarət məntəqəsində saxlanılıb. Onun barəsində məhkəmə qərar verəcək. Buna qədər Navalnı nəzarətdə saxlanacaq. Ötən ilin avqustunda Omskda olarkən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Navalnı daha sonra çarter reysi ilə Almaniyaya aparılıb. Navalnı xüsusi xidmət tərəfindən zəhərləndiyini bəyan edib. Rəsmi Moskva bu iddianı rədd edib.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsəduallazadə hesab edir ki, Navalnının Rusiyaya dönüşü bu ölkədə demokratik müxalifətin güclənməsinə təkan verəcək.
Politoloq
Cebhe.info-ya bildirib ki, bu, Putin hakimiyyətinə qarşı alternativ siyasi qüvvənin formalaşmasına şərait yarada bilər.
“Rusiyada siyasi aktivist, demokartik düşərgənin təmsilçisi Aleksandr Navalnın siyasi olimpə yüksəlməsi bu ölkədə demokratik düşərgəni canlandırdı və son 20 il ərzində Rusiya hakimiyyətini narahat edən bir müxalifət sistemi formalaşdırdı. Bu müxalifətin özəlliyi siyasi elitadan deyil, geniş xalq kütlələrindən və gənclərdən ibarət olduğu üçün Putin hakimiyyəti müxalifəti zərərləşdirə bilmir və onu özünə qarşı potensial rəqib hesab edir. Navalnı yalnız Putini deyil, Rusiyanı əsrlərdir pərdə arxasından idarə edən hərbi elitanı da narahat edir. Ona görə də A. Navalnıya qarşı bütövlükdə sistem mübarizə aparır. Navalnının zəhərləndirlməsi birbaşa Putinin göstərişi ilə olmaya da bilər. Çünki, dərin dövlət demokratik bir liderin ortaya çıxmasına qarşıdır”.Ekspert bildirdi ki, A.Navalnının Rusiyanın hərbi-siyasi elitası ilə bağlılığının olmaması, xalqın içərisindən çıxması onu zərərsizləşdirməyə mane olur və Putinə ciddi başağrısı verir.
“Navalnın həbsi Putinə qarşı xalqın narazılığını artıracaq. O, uzun müddət həbsdə qalmayacaq. Demokratik düşərgəni təmsil edən birinin hakimiyyətə gəlişi, yalnız xalqın inqilab etməsi ilə reallaşa bilər. Bu da hazırkı situasiyada mümkün deyil. Seçkilər yolu ilə A. Navalnın hakmiyyətə gəlməsi real görünmür. Rusiyanın demokratikləşməsi və bu hərəkatın baş verməsinin qarşısını birbaşa Rusiya hərbi elitası qarşısını alacaq. Aleksey Navalnı post-Putin dövrünə hazırlaşır. Amma, hakimiyyətə gəlməsi mümkün görünmür. Rusiyanın oturuşmuş sistemi demokratik bir liderin hakimiyyətə gəlməsini istisna edir. Yeni siyasi müxalifətin lideri olan A. Navalnının xidməti yalnız Rusiya gənclərinin siyasiləşərək mövcud sistemə qarşı demokratik dalğanı gücləndirəcək”.
Tarix: 19-01-2021, 11:51