"Davakar adam" Amerikanı ağır yaralayıb, gedir - 4 ilə baxış


Trampdan sonra Baydan ABŞ-ın yaralarına məlhəm tapa biləcəkmi

Yanvarın 20-də ABŞ-ın yeni prezidenti Cozef Baydenin andiçmə mərasimi keçiriləcək. Ancaq son 150 ildə ilk dəfə olaraq ABŞ-da prezident postunun təhvil-təslim mərasimi baş verməyəcək. BBC-nin yazdığına görə, prezident Donald Tramp ənənədən kənara çıxacaq.
Baydenin andiçmə mərasimi günü Tramp Endryus hərbi bazasında vida mərasimi təşkil edəcək. Bu mərasimdən sonra isə sonuncu dəfə “bir nömrəli təyyarəyə” minərək Florida ştatında yerləşən “Mar-a-Laqo” sarayına gedəcək. Bununla da qalmaqallı Donald Trampın ABŞ-ın prezidenti vəzifəsi sona çatacaq.

4 illik prezidentliyi dövründə iki dəfə haqqında impiçment qərarı verilsə də, Vaşinqton bürokratiyası Trampın “yolasalma” mərasimi qaydalara uyğun təşkil edəcək. Vida mərasimində nizami hərbi birlik düzülüşü olacaq, toplardan 21 yaylım atəşi açılacaq, qırmızı xalça və hərbi orkestr iştirak edəcək.

Bununla da ABŞ prezidenti 1860-cı illərdən bu yana intizamla həyata keçirilən ABŞ prezidentlərinin təhvil-təslim prosesini pozan ilk şəxs olacaq. Qaydalara əsasən, keçmiş prezident andiçmə mərasimindən əvvəl xələfini Ağ Evə dəvət edir, ona binanı təqdim edir və burda vidalaşma mərasimi keçirilir. 2017-ci ildə Tramp sələfi Obama tərəfindən bu cür qarşılanmışdı. Amma “incik” Tramp sələfinə bunu etməyəcək. Baxmayaraq ki, onun müavini – vitse-prezident Mayk Pens bu qaydaya əməl edəcək, öz postunu Kamala Harrisə təqdim edəcək.
Əlbəttə, seçildiyi 2016-cı ildən bu yana seçkilərin saxtalaşdırılıması ittihamı ilə üz-üzə qalan və buna görə hətta rəsmi istintaqa məruz qalan Donald Trampın uduzduğu ikinci müddət seçkilərini tanımaması, bu seçkinin saxtalaşdırıldığını iddia etməsi gözlənilən idi. 4 il əvvəl demokratların ona yönəltdiyi ittihamları bu seçkidə Tramp demokratlara qarşı yönəltdi. Amma onsuz da qalmaqalları ilə gündəm olan Trampın seçki etirazı “cızığını keçdi”.
ABD'de Kongre'ye giren ayı postlu ve boynuzlu kişi tutuklandı - BBC News  Türkçe
Yanvarın 6-da Konqresin seçkinin nəticələrini rəsmiləşdirdiyi gün mitinq təşkil edən Tramp Ağ Evin qarşısına toplaşan tərəfdarlarını Konqresin qarşısına yönləndirdi. Nəticədə nəzarətdən çıxan anarxist, irqçi qrupların üzvləri ABŞ tarixində görünməmiş biri işi etdilər: Hücum edib Kapitoli binasına daxil oldular. Bu hadisələr yalnız ABŞ demokratiyasının “beşiyi”nin dağıntısı ilə yekunlaşmadı, baş verən toqquşmalarda biri bina mühafizəçisi olmaqla 5 nəfər öldü. Artıq iki həftədir Kapitoli binasında görünməmiş mənzərə var, bina içərisində, dəhlizlərə silahlı ABŞ milli qvardiyası əsgərləri keşik çəkir.
Azerforum.com - Həqiqət yalandır: alətə çevrilənlərin faciəsi

Baş verənlərə görə, 100-dən çox təxribatçı həbs olunub. Federal Təhqiqatlar Bürosu (FTB) Kapitoliyə hücum edənlərin 200 nəfərinin siyahısının müəyyən olunduğunu bəyan edib.

Bu hadisələr yalnız müddəti bitən və seçkilərdə uduzan prezidentin qəzəbli və narazı tərəfdarlarının çılğınlığı deyil. Tramp 4 il əvvəl hakimiyyətə gələndə də, bu gün də ABŞ-da mövcud sistemdən narazı, qlobalizm əleyhdarı, irqçi qrupları hərəkətə gətirib. Kapitoliyə hücum edənlərin ABŞ-da irqçilik ittihamı ilə qadağan olunmuş Konfederasiya bayrağını qaldırması ABŞ siyasi dairələrini narahat edir. Bu səbəbdən də bir çox Respublikaçılar Partiyası üzvləri Trampın əleyhinə çıxdı.

Lakin Tramp həm də bir reallıqdır. ABŞ-ın bugünkü reallığını və sərt üzünü göstərdi. Təbii ki, seçkilərdə Trampa səs verən insanlar, yaxud da Kopitoli binasına hücum edənlər sıradan Tramp heyranları deyildi, onların içərisində çoxlu sayda radikal, irqçi, antiqlobalist və sair təhlükəli qruplar vardı. Tramp məhz bu insanların səsi olmağa, onların dəstəyini almağa çalışırdı və nəticədə ABŞ paytaxtında tarixdə görünməmiş hadisələrə səbəb oldu.
Kongre Saldırısının Ardından Kimlere Suçlama Yapıldı?

ABŞ-da Respublikaçılar Partiyasında ənənəvi olaraq radikallar, irqçilik tərəfdarları, qatı dindarlar, həmçinin mühafizəkar düşüncəyə aid iş dünyası təmsil olunub. Trampın hakimiyyətinin ilk illərində mühafizəkar siyasəti, ABŞ-ın milli maraqlarını müdafiə etməsi, nəticədə ölkəyə böyük miqdarda pul gətirdi, işsizlik minimuma endi. Üstəlik mühafizəkar vergi siyasəti yerli iş adamlarını məmnun etdi. Ancaq bu prosesin davamı ABŞ-ın qlobal liderlik mövqeyini sarsıtdı. Trampın qərarları nəticə etibarı ilə onu nəinki uzaq dostları tərəfindən, hətta “doğma Avropada” da soyuq qarşılandı. Bu səbəbdən də Trampın xətti dəstəyini itirdi.
Son dakika haberler... Türk siyasetini dizayn edeceğini söyleyen Joe Biden'in  skandal sözlerine peş peşe sert tepkiler - Haberler Hürriyet

Üstəlik pandemiya prosesində mühafizəkar sənaye və iqtisadiyyat gerilədi, əvəzinə qlobalistlərin nəzarətində olan sahələr inkişaf etdi. Corc Floyd olayları ABŞ-da radikalizmin miqyasını ortaya qoymaqla yanaşı Tramp “xəttinə” seçici etibarını daha da zəiflətdi. Nəticədə C.Bayden son 30 ildə ən çox səs toplayaraq ABŞ prezidenti seçildi. Tramp isə Baydenin qələbəsi qarşısında yalnız seçkilərin saxtalaşdırılması iddiasını ortaya atdı və ayrı-ayrı ştatlarda nəticələri dəyişməyə, səsləri yenidən saydırmağa cəhd göstərdi. Bu cəhdlər daha ağır nəticə verdi, bir sıra ştatlarda respublikaçı hakimlər, yerli siyasi liderlər Trampa qarşı çıxdılar. Bunun daha bir nəticəsi o oldu ki, respublikaçılar Corciya ştatında keçirilən senator seçkilərini uduzdu və bununla da respublikaçılar Ağ Ev və Təmsilçilər Məclisindən sonra Senatı da “itirmiş” oldular. Bu prosesin kulminasiyası isə yanvarın 6-da Kapitoliyə hücum oldu. Tramp bu hadisələr zamanı öz partiyasındakı dəstəyi də itirdi. Üstəlik indi Tramp sayəsində respublikaçılar ən azı yaxın bir neçə ildə Senatda azlıqda qalacaqlar. Bayden indi demək olar ki, bütün qanunları rahat şəkildə parlamentin hər iki palatasından keçirə biləcək.

İndi qarşıdakı illərdə Respublikaçılar Partiyası Trampın “zədələrini” sağaltmaqla yanaşı, partiya daxilində formalaşmış radikal və silahlı qrupları təmizləməli olacaq. Bu isə çətin bir proses olacaq. Bu mənada Respublikaçılar Partiyası 4 il əvvəl Trampı namizəd etməklə ölkədəki populist dalğanı nəzərə alıb cari prosesi udsa da, nəticədə ciddi zərbə aldı. Üstəlik Tramp tərəfdarı kimi çıxış edən radikal silahlı qanadın hətta Mayk Pens, Lindsi Qrem kimi “ağır topları” təhdid etməsi Respublikaçılar Partiyası daxilində də ciddi zədələrə səbəb oldu.
Nəticə etibarı ilə Trampın 4 illik prezidentliyi ABŞ-ın mövcud siyasi sistemi, iki əsss partiyasından birinə və nəhayət, ölkənin qlobal imicinə ciddi zərbə vurdu. Təsadüfi deyil ki, Bayden xarici siyasətin prioriteti kimi “ABŞ-ın qlobal imicini bərpa etmək” olduğunu göstərib. Ancaq aydın məsələdir ki, bu elə də asan olmayacaq.
Kənan Rövşənoğlu
Tarix: 17-01-2021, 08:42
Xəbəri paylaş



Xəbər lenti