Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ümid etdiyini bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden öz vəzifəsinin icrasına başlayandan sonra, beşinci nəsil “F-35” qırıcılarının yaradılması proqramında Ankaranın rolu məsələsində pozitiv addımlar atılacaq.Türkiyə lideri bu zaman bir daha Amerika hakimiyyətinin qərarını və Ankaraya qarşı sanksiyaların tətbiqini «ciddi səhv» adlandırıb («Röyter»).
«Heç bir ölkə bizim müdafiə sənayemizlə bağlı atacağımız addımları müəyyən edə bilməz. Bu, tam olaraq bizim qəbul etdiyimiz qərarlardan asılıdır» - deyə, Ərdoğan İstanbulda reportyorlara bildirib.
Əlavə edib ki, Türkiyə Rusiya ilə “S-400”-lərin ikinci partiyasının alınması barədə danışıqlar aparır.
Türkiyə dövlətinin başçısı qeyd edib ki, Ankaranın Rusiyadan müdafiə sistemləri alması məsələsinə yönəlik Co Bayden administrasiyasının planlarından xəbərsizdir.
"Baxmayaraq ki, biz “F-35”-lər üçün ciddi pullar ödədik, indiyə qədər onları bizə verməyiblər. Bu, Birləşmiş Ştatların NATO üzrə həmkarına qarşı işlədiyi ciddi səhvdir. Ümid edirəm ki, Bayden fəaliyyətə başayadan sonra, danışıqlara başlayıb, pozitiv addımlar atacaq və prosesləri lazımi məcraya yönəldə biləcəyik” - deyə, Ərdoğan qeyd edib.
AzPolitika.info
Tarix: 17-01-2021, 06:52