
Həkimlərin fikrincə, dünyanın normal həyata qayıtmasına çox qalmayıb; professor: “Hələ də maska taxmayıb, virusa inanmayanlar var...”
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Lakin vaksinasiya prosesi də günbəgün sürətlənir və hətta artıq tanınmış liderlər də koronavirusa qarşı vaksin vurdururlar. Bu barədə detallara keçməzdən öncə qeyd edək ki, materialı hazırladığımız zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 93 milyon 616 mini keçib. Bu virusdan ölənlər isə 2 milyon 4 mindən yuxarıdır.İndiyə qədər yoluxanlar arasında 66 milyon 920 min nəfər müalicə alaraq, sağalıblar. Söhbət vaksindən öncə alınan müalicələrdən gedir. Hazırda isə durum fərqlidir. Yuxarıda da qeyd etdiyimiz kimi artıq sürətli vaksinasiya prosesi gedir və hesab edilir ki, bu bəlanın sonuna çox qalmayıb. Bununla belə son sutkada dünyada 759 mindən yuxarı adam koronavirusa yoluxub ki, bu, indiyədək görünən ən yüksək statistikalar sırasındadır. Günlük ölüm sayı isə 15 min 424 nəfər olub. Bu say da yüksəkdir.
Rəqəmlərin bu cür yüksək olmasını əsas gətirən bir sıra şəxslər hesab edirlər ki, dünyada liderlərin koronavirusa qarşı vaksin vurdurmaları da saxtadır və bu, görüntü xatirinə atılan addımdır.
Bəs həqiqətən də bu, belədirmi?
Qeyd edək ki, indiyə qədər Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya istehsalı koronavirus peyvəndini vurdurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yaymışdı. Məlumatlarda Şoyqunun peyvənd vurduran zaman fotoları da öz əksini tapmışdı. Şoyqu ötən ilin sentyabr ayında peyvənd olunduğunu açıqlayıb.

Eyni zamanda, həmin ərəfədə Rusiya prezidenti Vladimir Putin də qızının koronavirus əleyhinə vaksin vurdurduğunu və heç bir yan təsirinin olmadığını qeyd etmişdi.
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səuda da koronavirusa qarşı peyvənd vurulub.Məlumata görə, vəliəhd şahzadə bununla ölkədə koronavirusa qarşı peyvəndin vurulduğu ilk şəxs olub.
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden COVID-19 əleyhinə “Pfizer” vaksininin ikinci dozasını vurdurub.Qeyd edilir ki, C.Bayden Nyuarkda, iqamətgahından 10-15 kilometr məsafədə yerləşən hospitalda vaksin vurdurub.
Ötən gün ( 14 yanvar) Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da koronavirusa qarşı peyvənd olundu. Prosedur Ankara Şəhər Xəstəxanasında gerçəkləşdi. Prezident Çin istehsalı olan “Sinovac” vaksini vurdurdu. Müəyyən edilmiş qaydaya əsasən, dövlət başçısına ikinci doza 28 gün sonra vurulmalıdır. Proses canlı olaraq yayımlandı.
Qardaş ölkədə “Sinovac” vaksini ilə kütləvi peyvəndləməyə yanvarın 13-də start verilib.
“Yeni Müsavat”a danışan infeksionist Mərdan Əliyev deyib ki, liderlərin vaksin vurdurmadıqlarını deyənlər şayiə yayırlar: “Böyük ehtimalla bu yayılan məlumatlar yalandır. Ümumiyyətlə, koronavirusla bağlı yayılan şayiələr çoxluq təşkil edir. Hələ də bəzi adamlar hesab edirlər ki, bu virus mövcud deyil. İndi də peyvəndlə bağlı belə xəbərlər yayırlar. Peyvəndin dərmanla müqayisədə yan təsiri çox az olur. Peyvənd sadəcə olaraq antigendir. Məsələn, virusun 5 antigeni varsa, onlardan ən güclüsünü duru halında insan bədəninə vururlar. Bununla da həmin antigenə qarşı immunitet yaranır. Əslində zaman da antigenin seçilməsinə gedir. Ona görə də peyvəndin hazırlanması prosesi zaman alır. Koronavirusa qarşı hazırlanan vaksinlərin ciddi yan təsiri yoxdur. Qızarda, yerində az da olsa şişkinlik müşahidə edilə bilər. Ona görə də hesab edirəm ki, liderlər həqiqətən də koronavirusa qarşı vaksin vurdurublar. Çünki onlar da vaksinin zərərsiz olduğunu bilirlər”.
Azərbaycanda hazırda sərt karantin rejimi tətbiq edilir. Bəs bu proses nə zamana qədər uzana bilər? 18 yanvardan sonra sərt karantin rejimi qaldırılacaqmı?“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, ölkədə hazırda vəziyyət tam nəzarətdə deyil: “Məsələ burasındadır ki, yoluxma daha çox Abşeron rayonundadır və hazırda əksər adamlar bu virusu keçiriblər və onlarda immunitet formalaşıb. Bir qrup insanın da vaksinasiya olunması bizim üçün yetərli olacaq. Yanvarın 18-dən sonra karantinin saxlanması situasiyadan asılı olacaq. Bunu ciddi dəyərləndirmək lazımdır. Çalışmalıyıq ki, həm vaksinasiya, həm də karantin qaydalarına əməl etməklə virusa qarşı mübarizə aparaq. Hədəf bu olmalıdır ki, aprel ayında insanlar toylarını edə bilsinlər, normal həyat bərpa olunsun. Dünyada yolların açılması və digər bu kimi məsələlər vaksinasiya prosesindən sonra olacaq. Vaksinasiyadan 42 gün sonra immunitet formalaşır. Hesab edirəm ki, karantin davranışlarına əməl etməliyik. Hələ indiyə qədər maska taxmayıb, virusa inanmayanlar var. Ona görə də düşünürəm ki, birdən-birə karantini tam ləğv etmək də olmaz. Lakin buna hissə-hissə gedilməlidir”.
Tarix: 16-01-2021, 11:38