ABŞ prezidenti Donald Tramp "silahlı qiyam"ın səbəkarı oldu, ölkə üçün təhlükə yaradır və vəzifəsindən kənarlaşdırılmalıdır.Trend-in TASS-a istinadən verdiyi məlumata görə, spiker Nensi Pelosi (demokrat, Kaliforniya ştatı) ABŞ Nümayəndələr Palatasında dövlət başçısının impiçmentinə dair iclasda belə açıqlama verib.
"ABŞ prezidentinin bu iğtişaşı, ölkəmizə qarşı bu silahlı üsyanı başlatdığını bilirik. O getməlidir. O hamımızın sevdiyimiz ölkə üçün açıq və təcili bir təhlükə yaradır" - Pelosi deyib.
"Prezidentə impiçment tətbiq olunmalıdır. Hesab edirəm ki, prezident Senat tərəfindən təqsirli bilinməlidir. [İmpiçment] Bizə əziz olanı məhv etmək əzmindəki bir insandan ölkənin xilas olacağına zəmanət verən konstitusiya vasitəsidir" - spiker əlavə edib.
Xatırladaq ki, yanvarın 6-da Trampın tərəfdarları ABŞ Konqresinə girərək Cozef Baydenin qazandığı 3 noyabr prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışıblar. Konqresdəki Demokratlar Trampı qiyam qaldırmaqda günahlandırıb və onun hakimiyyətdən uzaqlaşdırılmasını istəyiblər.
Tarix: 14-01-2021, 08:06