Amerika xaos içində - Bayden ölkəni xilas edə biləcəkmi...


“Orada sabitliyin pozulması dünyaya yaxşı heç nə vəd etmir”

Dünyaya inqilablar, qan-qada, xaos yayan Amerika indi özü bu qorxunc ssenarilərlə üz-üzə qalıb. Bir çox analitik mərkəzlər ABŞ-ın parçalanacağını, bölünəcəyini belə proqnoz edir. Bu dünya nəhənginin çöküşü, parçalanması, orada sabitliyin pozulması dünyaya nə vəd edir? Əsas da ABŞ-ın hədəf aldığı ölkələr - İran, Rusiya, Türkiyə, Çin və s. bundan nə kimi xeyir, ya da ziyan görər? Ən əsası, yaşı 80-ə dirənmiş Bayden ölkəsini bu fəlakətdən qurtara biləcəkmi?
AMİP katibi Əli Orucov bildirdi ki, prezident seçkilərindən sonra  seçki ətrafinda olaylar demokratiya və demokratik dəyərlərə inama ciddi zərbə vurmaqla yanaşı, həm də inamı sarsıtdı. Lakin bütün bu xoşagəlməz olaylara baxmayaraq ABŞ-ın parçalanacağı haqqında verilən proqnozlor ciddi deyil. Nə qədər də gərginliklər və qarşıdurmalar olsa belə, ABŞ-da dövlətçilik ənənələri var, demokratik prinsiblərın sıradan çıxarılması mümkün görünmür: “Nəzərə almaq lazımdır ki, ABŞ-da hakimiyyət qolları arasında səlahiyyət bölgüsü var. Hər hansı bir qurum özbaşına dövləti idarə etmir.

Yeni prezidentin çox yaşlı olması da təhlükəli deyil. Əgər bu təhlükəni Amerika seçiciləri hiss etsəydilər, Baydenə səs verməzdilər. Lakin bunuunla belə, ABŞ-dakı seçkilərlə bağlı yaranmış vəziyyət qeyri-demokratik rejimlərin və liderlərin əlinə bəhanələr verdi. Düşünürəm ki, dünya düzəni ABŞ simasında daha mütərəqqi ideyalara və inkişafa doğru dəyişməkdədir. Bununla yanaşı, cəmiyyətin ehtiyac və istəkləri də dəyişməkdədir.
Təbii ki, Çin və Rusiya ABŞ-dakı proseslərin daha da gərginləşməsini və çatın daha da dərinləşməsini istəyirlər. ABŞ-ın zəifləməsi Çinə və Rusiyaya sərf edir. Lakin hesab edirəm ki, prosesin daha dərinliklərə getməsinə və dağıdıcı istiqamət alacağına imkan verməyəcəklər".

Siyasi analitik Yeganə Hacıyeva isə bildirdi ki, son prezident seçkiləri ABŞ-ın demokratik imicinin üstündən xətt çəkdi: "Bu seçkiləri birmənalı olaraq texnoloji korporasiyaların qalib gəlməsi kimi xarakterizə edə bilərik. Keçən seçkilərdə Trampın qalibiyyətini “seçkini saxtalaşdırıb iddiaları” ilə günahlandıran və cəmiyyəti buna inandıran Demokratlar, Bayden qalib gəldiyi seçkidə cəmiyyəti “seçki saxtalaşdırıla bilməz”ə inandırmağa çalışdılar, burada da onların yardımçısı məhz həmin texnoloji qiqantlar oldu. Afrikanın Keniya kimi 3-cü sinif ölkəsi ABŞ hökümətini seçkidə saxtakarlıq hallarını araşdırmağa, seçkinin nəticələrinə dinc etiraz edən öz vətəndaşlarına qarşı güc tətbiqinə görə tənqid etdi. Baş verənlərin ABŞ dövlətinə xarici siyasətinə təsiri mövzusunda onu şərh edə bilərəm ki, adioz  Tramp ABŞ ticarətini çoxmilyardlıq artıq yükdən azad etməyə, qlobal ticarətdə Avropa Birliyinin yükünün azaldılmasına, ABŞ-ın NATO və beynəlxalq təşkilatlardakı xərclərinin azalmasına, sanksiyalar da daxil müxtəlif siyasi və iqtisadi alətlərlə Avropa və Mərkəzi Asiya regionunda Çinin və Rusiyanın mövgeyinin zəiflədilməsinə, ABŞ-ın mövqelərini möhkəmlənməsinə yönələn siyasəti yürütdü.
Seçkidən sonrakı proseslərin ABŞ-ın dövlət bütövlüyünə hədəsi haqqında səslənən fikirlərlərdə həqiqət payı var, lakin bu, ABŞ dövlət aparatının sonrakı davranışlarından asılıdır.
Məsələ ondadır ki, küçədə etiraz edən 1 milyon ABŞ vətəndaşı Kapitoliyə təkcə Trampı dəstəkləməyə deyil, mövcud sistemə etiraz üçün toplaşmışdı. Bu, ABŞ daxili ekstremizmin görsənən tərəfidir, cəmiyyətdə görünməyən daha dərin kökləri mövcuddur.
ABŞ ektremizminin digər ölkələrdəkilərdən fərqi həm də ondadır ki, ekstremist qruplar silahlı qruplardır.
ABŞ kimi nəhəngin çöküşü, parçalanması, orada sabitliyin pozulması dünyaya yaxşı heç nə vəd etmir. ABŞ-ın parçalanması deyil, sabitliyinin pozulması və nəticə kimi zəifləməsi belə, dünyaya yaxşı heç nə vəd etmir. Ümumiyyətlə isə önümüzdəki bir neçə ildə bunu gözləmək doğru deyil.  Çünki ABŞ-da güc və nüfuz  siyasi qruplara bağlı ənənəvi iqtisadi dairələrin (silah, neft, ekoloji, mədən, turizm və əyləncə industriyasının) əlində  cəmlənmişdir".

Ekspertin sözlərinə görə, ABŞ-ın 80  yaşlı prezidentinin proseslərə təsir gücü minimumdur. Baydenin bir prezident kimi, təşəbbüskar və güclü prezident olmasını gözləmək doğru deyil. Bunun üçün nə o şərtlər, nə də Baydenin fərdi potensialı mövcuddur: “O, ABŞ-ın ən sözə baxan prezidenti olacaq”.
Y.Hacıyeva qeyd etdi ki, ABŞ-ın bütün dünyada polis rolunda çıxış etməsi böyük maliyyə, xərc  və resursların hesabına başa gəlirdi. ABŞ-da kimin prezident olması  bu nəzarətdən imtina ediləcəyi anlamına gəlmir: “Sadəcə, ABŞ  bu qədər xərclər hesabına başa gələn geosiyasi addımlarındakı mexanizmləri, alətləri dəyişəcək. Qlobal səviyyədə ABŞ-ın narahat olduğu ölkələr siyahısında öncə  Çin, sonra Rusiya, daha sonra İran, ardınca isə Türkiyə var.
Ümumiyyətlə, bu üçlükdə ABŞ-la münasibətlərin zaman-zaman pisləşməsi olsa da ən xoşməramlı Türkiyədir. ABŞ-in yeni siyasətində Mərkəzi Asiya və Cənubi Qafqaz maraqlarının qorunmasında güvənə biləcəyi tək güc Türkiyədir. Rusiya və İran eyni mövqe, münasibətlərin ən kəskinləşəcəyi isə Çindir".
Ekspert onu da dedi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden və elan edilmiş vitse-prezident Kamala Harris Ağ Ev yanında Milli Təhlükəsizlik şurasının yeni üzvlərini elan ediblər.

Ağ Ev yanında Milli Təhlükəsizlik şurasının yeni əməkdaşlarından biri Andrea Kendall-Taylordur: “Andrea Kendall-Taylor Rusiya və Mərkəzi Asiya işləri üzrə direktor vəzifəsinə təyin olunacaq. Andrea keçmiş kəşfiyyat zabitidir və Milli Kəşfiyyat Agentiyinin Rusiya və Avrasiya üzrə idarəsində və Mərkəzi Kəşfiyyat İdarəsinin baş analitiki olub.  2011-ci ildə Kendall-Taylorun da müəllifi olduğu ”Caspian Energy Politics" adlı dissertasiya işində Xəzər regionunun üç əsas neft-qaz ixracatçısının-Azərbaycan, Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarının rolu, onun Rusiya və Çinlə münasibətlərə təsirinin analizi aparılıb.
Erməni lobbisi ilə əməkdaşlıq edən Konqress üzvləri Kendall-Taylorun təyinatının əleyhinədir".“Yeni Müsavat”

Tarix: 12-01-2021, 08:47
Xəbəri paylaş



Xəbər lenti