Əhali ciddi böhranla üz-üzədir, Moskva isə çarə tapa bilmir 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalı və Ukraynadan imtina edilməsi yarımadada yaşayanların əksəriyyəti tərəfindən dəstəklənmişdi. Əhali o dövrdə Ukraynadakından qat-qat yüksək olan Rusiya təqaüd və maaşlarını alacaqlarının, ərzaq məhsullarının və digər şeylərin qiymətlərinin dəyişməyəcəyinin illüziyasında idi.
Reallıq bu illüziyaları çox tez məhv etdi. Ukraynanın keyfiyyətli məhsulları yox olan kimi, onları rus surroqatı və daha yüksək qiymətlərlə əvəz etdi. Daha bir illüziya - Kerç boğazından bir körpü tikəcəklər və hər şey çox yaxşı olacaq idi. Nəticədə daxili qiymətlər daha da artdı.
Yalta sakini bir təqaüdçünün şikayət etdiyi kimi: “Əvvəllər dükanlarda və bazarlarda qiymətlər yalnız yay tətili mövsümündə - turistlərə görə qalxırdısa və qalan vaxtlarda insan kimi yaşaya bilirdiksə, indi qiymətlər il boyu yüksəkdir. Bir ay əvvəl sözün, əsl mənasında hər şeyin qiyməti 20-30% artdı. Bu, bir kabusdur! İnsanlar hələ çox qiyməti qalxmayan şeyləri alırdılar: taxıl, makaron, yağ, kartof. Rəflər gözümüzün qabağında sürətlə boşalırdı. Ancaq bu, uzun sürmədi, çünki qiymətlər hər şey üçün kəskin və praktik olaraq qaldırıldı”.
Təqaüdçüyə görə, deyilənlər heç də bütün problemlər deyil: “Buraya saxta və keyfiyyətsiz məhsullar axını başladı. Kərə yağı, qatıq, pendir, kolbasa – başdan ayağa kimyəvi qatqılarla doludur və onları yemək mümkün deyil. Rusiyadan gələn bütün dərmanlar bahalıdır və bazarda çox sayda saxta dərmanlar var. Kim Ukraynanın Xerson bölgəsində dərman sifariş edə bilərsə, edir. Elə ərzağı da kim bacarırsa, Ukraynadan daha ucuz qiymətə gətirir”.
Bütün bu çətinliklərə daha biri əlavə edildi – strateji çətinlik. Yarımadada böyük su qıtlığı olduğu üçün Krım ekoloji və humanitar fəlakətin astanasındadır.
Xatırladaq ki, bu problem bölgədə həmişə olub. Xüsusilə, yarımadanın şimalında və şərqdə çöl hissəsində. Krım tatar əhalisi az və ya çox qiymətli suyu qorumaq və iqtisadiyyatı qənaətli şəkildə idarə etməyi öyrənib. Əhali artdıqca, su çatışmazlığı və ümumiyyətlə, iqtisadiyyatın idarəedilməsindəki çətinliklər Krımın o vaxtkı RSFSR-dən Ukraynaya verilməsi məsələsini gündəmə gətirmişdi. Belə bir qərarın qəbul edilməsinin məqsədəuyğunluğu 1939-cu ildə SSRİ Dövlət Plan Komitəsinin Stalinist Siyasi Büronun göstərişi ilə tərtib etdiyi bir hesabatda bildirilirdi.
Məlum səbəblərdən, 1950-ci illərin əvvəllərinə qədər Krımın mülkiyyəti məsələsi gündəmə gətirilmədi, lakin 1953-cü ildə çox kəskin şəkildə qalxdı. Krım tatarlarının deportasiyasından sonra yarımadanın iqtisadiyyatı tamamilə məhv oldu və Rusiyadan gələn köçkünlər Ukraynanın Xerson və Nikolayev bölgələri üçün ənənəvi olan dəmyə əkinçilik bacarıqlarına sahib deyildilər.
Krımın Ukraynaya verilməsinə obyektiv iqtisadi şərtlər səbəb oldu və 1961-ci ildə tamamlanan Şimali Krım Kanalının inşasının başlanması ilə müşayiət olundu. Kanalla Krıma axıdılan Dnepr çayının suyu yarımadanın ehtiyaclarının 85%-ni təmin edirdi.
Ukraynaya qarşı təcavüzə başlayanda Moskvanın su probleminin olduğunu bilmədiyini söyləmək olmaz. Novorossiya adlanan ərazinin Xerson bölgəsini də əhatə edəcəyi və Krıma su tədarükünün davam edəcəyi ehtimal olunurdu. Bu, baş vermədi və 2015-ci ildə Ukrayna kanalı bağladı və Krıma suyun verilməsini dayandırdı.
Həmişəki kimi, Moskvada və Simferopolda bu problemə saymazlıqla yanaşdılar. Onlar yeraltı mənbələrdən suları daha geniş miqyasda çıxarmağa başladılar ki, bu da, xüsusilə Krımın çöl hissəsində su balansının pozulmasına və torpaqların şoranlaşmasına səbəb oldu. Nəticədə buğda, düyü və tərəvəz becərilməsi, eləcə də bağçılıq demək olar ki, tamamilə məhv olub. Dünyaca məşhur Krım üzüm bağları yox olmağa başlayıb, şərab istehsalı azalır.
Suyun çatışmazlığını paytaxt Simferopoldan Yalta, Aluşta və s. daxil olmaqla, cənub sahilindəki kurortlara qədər əhali hiss edir. Buna şiddətli bir quraqlıq əlavə edildi. Şəhərləri və qəsəbələri su ilə təmin edən su anbarları ya tamamilə quruyub, ya da cəmi 15-20% doludur. Şəhərlərdə su cədvəl üzrə səhər və axşam 3 saat verilir. Əksər kəndlərdə su maşınları ilə gətirilir.
Məşhur Su-Uçxan şəlaləsi (Krım tatar dilindən tərcümədə “Düşən su”) qurudu. Şəlalə, mənbəyi məşhur Krım Qırmızı Mağaralarının (Qızıl-Koba) dərinliklərində yerləşən Kizilkobinka çayının yuxarı hissəsinin bir hissəsidir. Çay Bazar-Oba dağının yamacından 25 metr yüksəklikdən güclü axır və şalaləyə çevrilirdi. İndi çay çox dayazlaşıb və şəlalə yox olub, yalnız ondan bir xatirə kimi, iri çay daşları qalıb.
Rusiya hökuməti su probleminin həlli üçün 50 milyard rubl ayırsa da, mütəxəssislər bunu bacara biləcəyinə şübhə edirlər. Zaman-zaman Kuban və Dondan suyun köçürülməsi kimi fantastik layihələr var idi. Bununla birlikdə, o bölgədə onsuz da su çatışmazlığı var. Su atılması üçün enerji xərcləri olduqca böyük olacaq və bölgə də enerji çatışmazlığı içindədir.
Mətbuat konfransında Vladimir Putin Azov dənizinin dibi ilə Krıma su verəcəyinə söz verdi. Ona bu cəfəngiyyatın kimin tərəfindən məsləhət görülməsi sirr olaraq qalır. Rusiya Elmlər Akademiyasının hidrobiologiya və ixtiyologiya üzrə ekspert şurasının üzvü Nikolay Şadrinin qeyd etdiyi kimi, “Bu, “Kuban çayından su verəcəyimiz” fikirləri ilə eyni seriyadandır - sonra görəcəyik ki, bu çay da demək olar ki, quruyub”.
Nəhayət, dəniz suyunun duzsuzlaşmasından, içməli suya çevirilməsindən danışmağa başladılar. Və dərhal Rusiyanın uyğun texnologiyalara sahib olmadığı aydın oldu. Yalnız İsrailin uzun illərdir dəniz suyunu duzsuzlaşdıran müvafiq imkanları var.
Amma Krımla bağlı bu prosesə böyük bir beynəlxalq şirkəti cəlb etmək hüquqi problemlərlə qarşılaşır. Krım beynəlxalq sanksiyalar altındadır və xarici işlər naziri Dmitri Kuleba “Ukrayna 24” telekanalının efirində dediyi kimi, “Kiyev yarımadanı şirin su ilə təmin etmək üçün gəlmək arzusuna düşən müvafiq şirkətlərin iştirakının qarşısını alacaq. Ukraynanın mövqeyi budur ki, Dneprdən gələn su yalnız yarımadanın işğaldan azad olunmasından sonra axacaq. O vaxta qədər işğalçılar bu problemi qoy beynəlxalq yardım olmadan həll etsinlər”.
Problemin nə qədər kəskinləşdiyini Rusiyada və Krımda insanların Ukraynaya qazın kəsilməsinin və yalnız su müqabilində verilməsinin vacibliyindən danışmağa başlamaları da sübut edir. Eyni zamanda, həm Moskva, həm də Krım rəsmiləri Ukraynanın beş ildən çoxdur Rusiya qazını deyil, ehtiyac duyduğu 9 milyard kubmetri Avropa bazarlarından aldığını unudurlar. Üstəlik, Ukraynanın öz istehsalındakı artım sayəsində ildən-ilə qaz idxalı azalır.
Rus deputatların “Ukrayna su soyqırımı” ilə bağlı Avropa məhkəmələrinə şikayət etmək cəhdləri də uğurlu olmadı. Onlara beynəlxalq ictimaiyyətin Krımı Ukraynanın işğal olunmuş hissəsi hesab etdiyini və buna görə də bu cür müraciətlər üçün heç bir əsas olmadığı kifayət qədər anlaşılan formada izah edildi.
Sinoptiklərin fikrincə, 2021-ci il kifayət qədər quru keçəcək. Beləliklə, keçən ilin dekabr ayında Krım dağlarına cəmi 21 mm yağıntı düşdü. Nəzərə alın ki, dağ çaylarının minimum doldurulması üçün 120-150 mm yağıntıya ehtiyac var. Vəziyyətin yanvar və fevral aylarında yaxşılaşması ehtimalı yoxdur. Ukrayna Milli Aqrar Elmlər Akademiyası Su Problemləri və Meliorasiya İnstitutu direktorunun müavini Mixail Yatsyukun dediyi kimi, “Bu il Krımın susuzlaşdırılması ilə bağlı vəziyyət sonrakı illərdə onun su təchizatına təsir göstərəcək. Düşən yağıntılar, əslində axıntı əmələ gətirmir, əraziləri daha çox nəmləndirir və torpaq nəm ehtiyatlarını artırır, lakin axıntı əmələ gətirmir. Bu, Krım rəhbərliyi adlananların qarşısında ciddi problem olacaq”.
Ukrayna, şübhəsiz ki, Krımdakı su ilə bağlı vəziyyətə biganə qalmır. Yenə də Kiyev Ukrayna pasportlarını saxlayan krımlıları öz vətəndaşı kimi tanıyır. Buna baxmayaraq, bölgənin davamlı hərbiləşdirilməsinə göz yuma bilməz.
Dmitri Kulebanın dediyi kimi, “Əslində, Krımda mülki əhali üçün kifayət qədər su var. Su problemi hərbi bazalar və hərbi sənaye tərəfindən istehlakın kəskin artması ilə ortaya çıxır. Buna görə hər şey çox sadədir: Krımı silahsızlaşdırın, sualtı nüvə qayığına çevirməyi dayandırın – məsələnin həlli budur”.
Lakin Moskva Krımdakı su probleminin həlli ilə deyil, imitasiyası ilə məşğuldur, əslində isə yarımadanın militarizasiyasını artırır. Həmişə olduğu kimi, yarımada sakinlərinin hesabına. Axı, ruslar başqa cür bacarmır...
Tarix: 10-01-2021, 20:55