Ağ Ev başçısı məğlubiyyətlə barışdı, Bayden onun Konqresə hücum edən tərəfdarlarını terrorçu, spiker isə baş verənləri Trampın Putinə hədiyyəsi adlandırdı; politoloqlar “demokratiya beşiyi”nin böhran keçirdiyini hesab edir...
ABŞ Konqresinin Donald Tramp tərəfdarlarının hücumuna məruz qalmasından sonra yeni prezident seçilən Co Bayden onları terrorçu adlandırıb. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, Bayden baş verənləri Amerika tarixinin ən qaranlıq günü kimi xarakterizə edib.“Onlar terrorçudur, bu qədər sadə. Prezident qanunlardan üstün deyil”, - deyə Bayden açıqlayıb. Bayden əlavə edib ki, onları etiraz aksiyasının iştirakçıları adlandırmağa cürət etməyin: “Bu, iğtişaş, etiraz aksiyası deyildi, bu, xaos idi. Bu, üsyançı kütləsi, qiyamçılar, daxili terrorçulardan ibarət bir izdiham idi. Bu, prezident Trampın demokratiyaya amansız hücumunun nəticəsi idi”.
Tramp da video-müraciət yayıb. Onun sözlərinə görə, 20 yanvarda yeni rəhbərlik işinə başlayır: “Düzgün və nizamlı bir keçid üçün qərarlıyam. Prezident olaraq xidmət etmək böyük şərəf idi”.Bu hadisələr anti-Amerika qüvvələrinin işinə də xeyli yarayıb. Dünyaya demokratiya dərsləri keçən ABŞ-a hər yandan rişxənd gəlməkdədir. Çünki Amerikanın reputasiyasına böyük zərbə vuruldu və Trampın adamlarının üsyana qalxması, Konqresə hücumu Buşun dediyi kimi, “banan respubikalarında olur”. Elə bu fürsətdən istifadə edən Rusiya Dumasının sədri Vyaçeslav Volodin deyib ki, ABŞ daxili problemlərini həll etməli və digər ölkələrin işlərinə müdaxiləni dayandırmalıdır. “Amerika siyasi sistemi dərin bir böhran içərisindədir. ABŞ-dakı hadisələr ciddi təhlil və qiymətləndirmə tələb edir” - Volodin bildirib.
Bu fikirlərə qüvvət olaraq Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Darrok da söyləyib ki, Kapitolidəki hadisələrdən sonra Amerika artıq demokratiyanın parlayan mayakı deyil. Eyni zamanda, bu hadisələr Trampın “Rusiyanın adamı” olması haqda səslənən mülahizələri gücləndirib. Yəni ABŞ prezidenti vəzifədən gedişində növbəti pisliyini etdi və getdi.Bu mövqeni ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də bölüşüb. Spikerin fikrincə, Trampın hərəkəti Putinə hədiyyədir. “O, Putinin alətidir. Putinin hədəfi demokratiyanın dünyadakı rolunu kiçiltmək idi. O, bununla məşğuldur. Onun köməkçisi isə uzun müddət Donald Tramp oldu”, - Pelosi vurğulayıb.
Yeri gəlmişkən, Konqresdəki iğtişaşlardan sonra Trampın komandasında istefalar dayanmır. Nəqliyyat naziri Eleyn Çao istefa verib. Beləliklə, Respublikaçı prezident vəzifədən urvatsız şəkildə gedir və hər şeyi üzünə-gözünə bulaşdırır. Amma Baydenin onun tərəfdarlarını terrorçu adlandırması həm də inaqurasiyadan sonra Trampın məsuliyyətə cəlb olunması məsələsini aktuallaşdırır. Donald andiçmədən sonra həbs olunacaqmı? Yoxsa Tramp yenə müqavimət göstərəcək? Baydenin hakimiyyəti üçün legitimlik problemi ola bilərmi?
İqtidarı dövründə Trampı Rusiya ilə gizli əlaqədə ittiham edirdilər. Bayden üçün də belə bir problem mümkündürmü? Bayden deyib ki, məlum faciəvi olay prezident kimi onun demokrat dəyərlərə diqqətini artıracaq. Onun dönəmində ABŞ-ın xaricə “demokratiya ixracı” siyasətinə hansı düzəlişlər ola bilər?Politoloq, tarixçi Yadigar Sadıqlının bildirdiyinə görə, ABŞ demokratiyası zaman-zaman böhran yaşayıb: “1876-cı il seçkiləri ən kirli seçki hesab olunur. Kennedinin qalib gəldiyi 1960-cı il seçkiləri ilə bağlı xeyli söz-söhbətlər vardı. Oğul-Buşun respublikaçılar partiyasından namizəd göstərilməsi xoşagəlməz hadisə idi. Xüsusi parlaq keyfiyyətlərinin olmaması onu göstərirdi ki, ailə-klan bağları nəticəsində namizəd seçilir. Elə Franklin Ruzveltin 4 dəfə seçilməsi də təqdir olunası deyildi. Amma budəfəki başqa təzahürdür, ABŞ tarixində bənzəri olmayan hadisədir. Seçkiləri açıq-aşkar uduzan şəxs saxtakarlıq barədə ortaya heç bir sübut qoymadan hakimiyyətdən getmək istəmir”.
Politoloqun fikrincə, ilk baxışda görünə bilər ki, bütün problemlərin mənbəyi məhz Trampdır: “Amma belə deyil. Məncə, sistem böhranı ilə üz-üzəyik. Tramp ABŞ tarixində ilk prezident idi ki, daha əvvəl nə dövlət vəzifəsi tutmuşdu, nə hərbçi karyerası vardı. Siyasətdə belə bir təsadüfi adamın respublikaçılar partiyasındakı praymerizi qazanması artıq siyasi böhran göstəricisi idi. Trampın seçki kampaniyası boyu əhalinin müxtəlif qrupları haqqında aşağılayıcı ifadələr işlətməsinə baxmayaraq, seçkini udması ictimai-mənəvi böhranın nəticəsi idi. Respublikaçılar partiyası nəticə çıxararaq onu ikinci dəfə namizəd göstərməyə bilərdi. ABŞ tarixində belə hallar olub. Daha çox prezidentin ölümündən sonra onun yerinə keçən vitse-prezidentlərlə bağlı bir dəfə də seçilmiş prezident Franklin Pirs istəyinə baxmayaraq, Demokratlar partiyası tərəfindən təkrar irəli sürülməyib. Doğrudur, bu zaman Tramp yəqin ki, namizədliyini müstəqil irəli sürəcəkdi və elektoratın səslərinin parçalanması nəticəsində respublikaçılar seçkiləri mütləq uduzacaqdılar. Amma o məğlubiyyət bu biabırçılıqdan yaxşı olardı”.
Y.Sadıqlı hesab edir ki, ABŞ demokratiyası hər dəfə böhrandan çıxmağın yollarını tapıb: “1800-cü il seçkilərindən sonra vitse-prezidentliklə bağlı böhran yarananda konstitusiyaya dəyişiklik edildi. 1876-cı il seçkilərindən 11 il sonra səslərin hesablanması haqqında yeni qanun qəbul olundu. Ruzveltin 4 prezidentliyindən sonra konstitusiyaya edilən dəyişiklik iki dəfədən artıq prezident olmağı qadağan etdi və s. Bu dəfə vəziyyət, açığı, daha ağırdır. Görək ABŞ demokratiyası bu böhrandan necə çıxacaq. Amma çıxacağına şübhə etmirəm”.
Siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, Trampın məsuliyyətə cəlb olunmasını gözləmir: “Bu, ABŞ üçün biabırçılıq olardı ki, keçmiş prezidenti mühakimə edirlər. O zaman Səddamın, Mübarəkin, Qəddafinin başına gətirilənlərdən hansı fərqi olur? Bayden indi Amerikanın nüfuzunu düzəltməyə, dünyada itirdiyi demokratiya imicini yaxşılaşdırmağa çalışacaq. Yeni prezidentin qarşısında duran əsas məsələlərdən biri iqtisadi vəziyyətdir. Pandemiya Amerika əhalisinə ciddi təsir edib, Bayden andiçmədən sonra ən çox daxili problemlərə diqqət ayıracaq”.
Ekspert hesab edir ki, üçüncü dünya ölkələri və liderləri Konqresdəki hadisəni hər dəfə Amerika siyasətçilərinin başına qaxınc edəcəklər. “Bayden Trampın pisliklərini təmizləməli olacaq. Onun üçün həm İran problemi qoyub, həm iqtisadi çətinliklər, həm də demokratiya məsələsində siyasi şantajla məşğul olub. Rusiya siyasətçiləri indi əlini-əlinə sürtərək Amerikadakı xaosdan həzz alırlar. Ancaq burada digər ciddi bir məsələ Respublikaçılar Partiyası ilə bağlıdır. Partiya Trampa görə böyük zərbə aldı və növbəti seçki üçün asan olmayacaq. Ona görə həm Senata, həm Nümayəndələr Palatasına seçilmək üçün Respublikaçılar çox iş görməlidirlər”, - deyə siyasi şərhçi bildirib.
Emil SALAMOĞLU
Tarix: 9-01-2021, 10:06