ABŞ prezidentlərindən daha güclü olan dünya gücü - sosial media


Osman Gündüz: “Trampın etdiyi nə qədər qorxuludursa, onların etdikləri daha qorxuncdur...”

Adətən insanlıqda təsəvvür belədir ki, ABŞ prezidentləri dünyanın ən güclü fiquru, dünyaya hökm edən bir təmsilçidir. Belə düşünmək üçün insanlarda kifayət qədər ciddi əsaslar da var. Lakin prezident Donald Trampın hakimiyyəti dövründə dünyanın super adamı ilə dəfələrlə konfliktə girən bir dünya gücü ortaya çıxdı. Bu, Tvitter və Facebookun timsalında sosial mediadır.
Dəfələrlə D. Trampın hesablarını keçici olaraq qapadan sosial media sahibləri Vaşinqtondakı son hadisələr zamanı daha da irəli getdilər. Onun ictimaiyyətlə xəbərləşmə imkanlarını tamamilə qapadaraq, hesablarını dondurdular. Elan olundu ki, bu proses 20 yanvara -  yeni prezident Co Baydenin andiçməsinə qədər davam edəcək.
Beləliklə, dünyanın əsas gücünün ABŞ prezidentlərinin olması barədə mif də dağıldı. İndi dünyadakı əsas güc social mediadır. Bu, necə bir gerçəklikdir və insanlıq bu gerçəkliklə nə etsin? Sosial media patronları yeni bir dünya gücü olaraq qarşımıza çıxıblar və hökm etməyə başlayıblar. Bu gerçəklik dünyanı hara götürür?

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı Musavat.com-a danışıb: “Son dövrlər Donald Trampın ətrafında baş verən hadisələr bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib. Hazırda sosial media böyük, nəhəng gücə malikdir. Yəni prosesləri, kütləni idarə etmək, təşkilatlanmaq, informasiya əldə etmək, prosesləri sürətləndirmək üçün sosial media az qala hər şey olmasa da çox şey deməkdir.
İndi Trampın tutduğu mövqe sosial media resuslarının rəhbəri tərəfindən demokratik dəyərlərə zidd olaraq dəyərləndirilir, avantürist, şəxsi məqsədlərindən istifadə edərək, zorakılığa çağırış edən siyasətçi kimi göstərilir. Yəni sosial media bu barədə qərarları özləri verib, özləri Trampı günahlandırmaq qərarına gəlib, onun hesablarını bloklayıblar. Tramp pis adam, demokratik dəyərlərə zidd olan, avatürist və sairə ola bilər, amma müəyyən ictimai dəyərlərin media qurumlarının diqqətini cəlb edən məsələ ondan ibarətdir ki, sosial media resurslarının özlərinin bu cür hərəkət etməsi, bir anda kiminsə hesabını dondurması onun ifadə azadlığına müdaxilə etməsi kimi dəyərləndirilir. Bu artıq qorxunc hadisədir. Trampın etdiyi nə qədər qorxuludursa, onların etdikləri daha qorxuncdur. Şəxsən mənim mövqeyim ondan ibarətdir ki, burada nələrsə doğru deyil. Yəni milyonlar, milyardlarla üzvü olan resusun bu  cür addım atması ifadə azadlığını məhdudlaşdırması deməkdir"..

Osman Gündüz qeyd edib ki, sosial media resursları ilə bağlı müəyyən məsuliyyət çərçivələrinin yaradılması ilə bağlı məqam artıq yetişib: “Yəni hansı məsuliyyət daşıyırlar, bəlkə heç məsuliyyət daşımırlar? Bütün bunlar konkretləşdirilməlidir. İfadə azadlığı ilə bağlı ciddi problemlər var. ABŞ konqresində də bu məsələlər müzakirə olunurdu. Trampla bağlı baş verən hadisələrə görə bu məsələ arxa plana keçdi. Konqresdə Facebook, Gooqle, Tvitter ilə bağlı hesabat hazırlanmışdı. Konqresin hesabatında bildirilirdi ki, adları qeyd edilən qurumlar artıq dünyada rəqabətə mane olur, inhisarçılıq yaradır, inkişafın qarşısını alır, təşəbbüsləri, innovasiyaları boğur və sairə. Bu hesabat Konqresin stolunun üstündədir və  500 səhifədən ibarətdir. Hesabatda deyilir ki, həmin qurumlar məcburən parçalanmaldır. Məsələn, hökumət deyəcək Vatsapp, Googleni sat. Yəni məcburən qurumları parçalayacaqlar. Ola bilər ki, sosial media qurumlarının bu cür addımı Konqresə xoş gəlmək üçündür, onlar bununla  parçalanmaqdan xilas olunmağa çalışırlar. Yəni ortada biznes maraqları da var. Lakin bir daha qeyd edirəm ki, sosial media ətrafında baş verən hadisələr xoşagələn deyil”.
Tarix: 9-01-2021, 09:36
Xəbəri paylaş



Xəbər lenti