Cinayətkar Xəlifə Həftar və onun tərəfdarları bilməlidirlər ki, türk hərbçilərinə qarşı hər hansı hücum baş verərsə, onlar legitim hərbi məqsədə çevriləcəklər.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Həftarın Türkiyəyə ünvanladığı bəyanatları şərh edərkən deyib.
“Həftar - hərbi cinayətkardır, qatildir. O və onun tərəfdarları bilməlidirlər ki, hər hansı bir türk hərbçisinə hücum edilərsə, legitim hərbi məqsədə çevriləcək. Ağıllarını başlarına yığmağı məsləhət görürəm”, - deyə nazir bildirib.
Akar Azərbaycan, Liviya və Şimali Kipr kimi dost və qardaş ölkələrin təhlükəsizliyinin təmininə öz töhfəsini vermək üçün Türkiyə Silahlı Qüvvələrinin hər cür səy göstərdiyini xatırladıb. Nazir bildirib ki, Türkiyə ölkələrin, xüsusilə də öz qonşularının siyasi birliyinə və ərazi bütövlüyünə hörmət edir.
“Milli razılıq hökuməti Liviyada BMT tərəfindən tanınan yeganə legitim hökumətdir. Həftar və onun müttəfiqlərinin qanunsuz silahlı birləşmələri Liviyada əsas problem olaraq qalır”, - deyə Akar bildirib.
Akarın sözlərinə görə, Həftarın hərbi cinayətlərinin ən bariz sübutu Liviyanın Tarhun şəhərində aşkar edilmiş 21 kütləvi məzarlıqdır. “Təəssüf ki, dünya ictimaiyyəti bu cinayətlərin qarşısında susmaqda davam edir”, - deyə Akar bildirib.
Nazir xatırladıb ki, Türkiyə hərbçiləri iki ölkə arasında imzalanmış müdafiə əməkdaşlığı sazişi çərçivəsində Liviyadadırlar. Akar deyib ki, bu günə qədər üç minə yaxın liviyalı hərbçinin təhsili başa çatıb.
“Türkiyə birliyi, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Liviyanın legitim hökumətini dəstəkləməkdə davam edəcək”, - deyə Akar bildirib.
Nazir, həmçinin Şərqi Aralıq dənizi regionundakı vəziyyətə toxunub: “Türkiyə bütün münaqişələrin mehriban qonşuluq və beynəlxalq hüquq prinsipləri əsasında siyasi yolla həllinə tərəfdardır”.
“Kipr münaqişəsinin həlli üçün Yunanıstan tərəfi inadkar mövqeyindən imtina etməli və Kipr türklərinin hüquqlarını tanımalıdır”, - deyə o bildirib.//Qafqazinfo.az