Vəkil: “Yəqin ki, o, məhv olduğunu anlamayan bir xalqın olduğunu düşünür” “Ermənistan belə biabırçı məğlubiyyətə uğrayıb. Elə təkcə bu fakt Paşinyanın uğursuz olduğunu göstərir və o vəzifəsindən ayrılmalıdır. O, Ermənistanı biabırçı bir ölümə apardı”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın tanınmış hüquqşünası, vəkil Yervand Varosyan deyib.
Xatırladaq ki, Ermənistanda yüzlərlə vəkil Baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb edən bəyanata qoşulub. Onlardan biri də Varosyandır.
Tanınmış vəkil vurğulayıb ki, müharibə bir ay yarımdan çoxdur ki bitib, amma cəmiyyət hələ nə olduğunu bilmir: “Belə halda hansı yeni seçkilərdən danışmaq olar? Nə qədər ki, Paşinyan hakimiyyətdədir, müharibə ilə bağlı nə baş verdiyini heç kim bilməyəcək. Bu gün müharibə barədə şəxsi söhbətlərdən öyrənirik. Camaat, seçkiyə getməli olan insanlar nə baş verdiyini bilmirlər. Belə şərtlərdə seçkilər ola bilməz. Seçim etmək üçün əvvəlcə meydanı təmizləməlisiniz. Bir az soyumalı, eyforiya vəziyyətindən çıxmalısınız”.
“Bu günə qədər hakimiyyət müharibədə ölən, itkin düşən, əsir götürülən və yaralananların sayını gizlədir. Bütün bunları demir, amma deyir - gəlin seçkilər keçirək. Mən sual verirəm - bütün bunları bilmədən cəmiyyət seçkilərdə necə iştirak edəcək? Bununla cəmiyyəti başqa bir macəraya aparırsınız. Paşinyan təbiətcə bir macərapərəstdir, sərgüzəştlərlə ölkəni məhv etdi. Yəqin ki, o, məhv olduğunu anlamayan bir xalqın olduğunu düşünür. İndi də, Ermənistanda heç bir şey bilməyən insanları seçkilərə gətirməyə çalışır”, - deyə Ermənistan Vəkillər Kollegiyasının üzvü xatırladıb.
Vəkil hesab edir ki, Paşinyanın dövlətə rəhbərlik etməsi üçün lazımi bilik, bacarıq və təcrübəsi yoxdur: “Əminəm ki, bu cür şəxsi keyfiyyətlərə sahib olan bir insan, bu qədər aşağı təhsilli bir insan, duyğularını idarə edə bilməyən bir insan və ümumiyyətlə, belə danışıq lüğəti olan bir insan dövləti idarə edə bilməz. Paşinyan iki addım qabağı hesablaya bilməyən, gündə iki dəfə özünün dediklərini özü təkzib edən bir insandır. Duyğularına qapılaraq açıq bir addım atır və bu addımdan sonra nə edəcəyini anlamır. O, bizi məhv etdi. Paşinyan Ermənistan tarixində ən uğursuz lider olaraq qaldı”.
Tarix: 27-12-2020, 20:47