İranda Azərbaycan türkçəsinə qarşı diskriminasiya siyasəti davam edir. Qəribədir ki, fars şovinistləri hətta sosial şəbəkələrdə türkçə yazışmalara da qısqanclıqla yanaşır, azərbaycanlı istifadəçilərin ana dilində bir neçə cümləlik mətnlər yaymasını “İranın torpaq bütövlüyünə qarşı təhlükə” kimi göstərirlər. İranda xüsusən gənc şovinistlər arasında türk dilinə qarşı kampaniya başlayıb.Fars dilli tələbələr İran rəsmilərindən türkcə yazışmaların qarşısının alınması və “günahkar”ların cəzalandırılmasını tələb ediblər.
Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, son vaxtlar baş verənlər İran hakimiyyətinin əsl simasını üzə çıxarıb:
“Bütün bunlar, İran adlanan ölkəni idarə edən, hakimiyyətdə olan molla rejiminin bir daha iç üzünü ortaya qoydu. Hər halda türklərin, o cümlədən Güney Azərbaycan türklərinin sosial şəbəkələrdə, ya da onlayn dərslərdə türk dilindən istifadə etmələrinə panirançıların, fars şovinistlərinin bu cür reaksiya vermələri hər şeyi ortaya qoyur.Bunlar hesab edirlər ki, bu dövlət farslarındır və hər kəs farsca danışmağa məcburdur. O qədər ağıllarını itiriblər ki, az qala türk sözünü eşidəndə, türk dilində danışıq görəndə, yazı görəndə qısqanclıq edirlər. Bunun adı artıq faşizmdir. Unudurlar ki, bu dövləti yaradan türklər olub, farslar yox. Separatçılıq və xəyanət edən də farslar olub”.
F.Ələkbərli hesab edir ki, hakimiyyətdə təmsil olunan azərbaycanlılar buna etiraz etməlidir: “Farslara öz yerini göstərmək üçün, ilk növbədə, sapı özümüzdən olan baltalardan başlamaq lazımdır. İranda həm hakimiyyətdə, həm Ali Ruhani rəhbərlikdə yüksək vəzifə tutan türklər fars şovinistlərinə cavab vermirlər.
Xüsusilə də, onlar ən azı islam dinindən çıxış edərək bunu edə bilərlər. Əgər İranda yüksək vəzifə tutan türklər bütün bunların müqabilində susurlarsa, onların türklüyü şübhə altına düşür. İranda heç kəsin ixtiyarı yoxdur ki, türk dilinə, türk mədəniyyətinə qadağa qoysun. Artıq 35 milyonluq Azərbaycan türkü buna bir son verməlidir”.
Tarix: 27-12-2020, 11:30