“İki dəli məxluq” - İran Trampa Səddamın taleyini vəd edir



İran hökuməti Birləşmiş Ştatlar tərəfindən elan olunmuş iqtisadi müharibənin nəticələrini azaltmaq və Tehrana yönəlik sərt sanksiyaları dayandırmaq üçün bütün səyləri göstərir. 
Bu barədə dekabrın 23-də İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani bəyan edib.
Xəbəri «İRNA» dövlət informasiya agentliyi yayıb.
«Biz, sanksiyaları nə vaxt dayandıra biləcəyiksə, o zaman sionizm, siyasi reaksiya və ekstremistlər üzərində qələbə çalacağıq. Sanksiyalar sionistlərin, reaksionerlərin və ABŞ-dakı ekstremistlərin məhsuludur» - deyə, Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında bəyan edib.
Həsən Ruhani keçmiş İraq diktatoru Səddam Hüseyni və ABŞ-ın indiki prezidenti Donald Trampı İran xalqına müharibə gətirən «dəli məxluqlar» adlandırıb.
«Səddam bizi silahlı münaqişəyə çəkdi, Tramp isə iqtisadi müharibəyə. Biz, silahlı münaqişə zamanı (1980-1988 illər İran-İraq müharibəsi nəzərdə tutulur - Red.) birləşdik, biz bir olduq və biz, Səddama qalib gəldik, biz, həmin dəlini necə asdıqlarını gördük. Trampın da aqibəti Səddamınkından yaxşı olmayacaq» - İran prezidenti deyib.
Ruhaninin sözlərinə görə, İranı beynəlxalq səhnədə təcrid etməyə çalışsa da, Tramp administrasiyası özü təcridə düşüb.
«Hər dəfə onlar BMT-yə və beynəlxalq təşkilatlara müraciət edərkən, Amerikanın ənənəvi müttəfiqləri onları dəstəkləmədi və Avropa onların sözlərini qəbul etmədi» - prezident qeyd edib.
Tarix: 24-12-2020, 08:42
Xəbəri paylaş



Xəbər lenti