Araz Aslanlı: “Ermənistan tərəfdən sülhməramlı kontingentin sayının artırılması ilə bağlı istək olsa da, Azərbaycan tərəfdən bu istək olmadığı üçün Putin buna hörmətlə yanaşdığını göstərmək istəyir” Rusiya Prezidenti Vladimir Putinin dekabrın 17-də illik mətbuat konfransı keçirib. Moskvadakı iqamətgahından suallara cavab verən Kreml rəhbəri 4,5 saat davam edən konfransda 68 suala cavab verib.
O, Qarabağ problemi və bölgəyə yerləşdirilmiş Rusiya sülməramlı kontingenti barədə də danışıb. “Qarabağdakı Rusiya kontingentinin sayının artırılması mümkündür, lakin bu, yalnız münaqişə tərəflərinin razılığı ilə baş verə bilər”, - deyə bildirib.
Putinin bu açıqlamasını AYNA-ya dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, politoloq Araz Aslanlının sözlərinə görə, Rusiya postsovet məkanında, xüsusən də Cənubi Qafqazda hərbi qüvvəsini artırmaqda maraqlıdır: “Rusiya üçün bütün postsovet ölkələrində hərbi imkanını artırmaq üçün əldə olunan istənilən fürsət arzuolunandır, xüsusən də Cənubi Qafqazda. Digər tərəfdən, Putinin qeyd elədiyi məqam Rusiyanın Qarabağda yerləşdiyi üçün dərhal saylarının artırılması ilə bağlı deyil, bu, daha çox “imkan olsa, etiraz etmərik” mesajı daşıyır. Yəni, istək var, amma bu istəyi daha dominat formada yox, daha ehtiyyatlı şəkildə və ölkələrin suverenliklərinə hörmət hissi ilə həyata keçirməyə bildirməklə ortaya qoyur”.
“Hətta, mətbuat konfransının digər hissələrində də Putin bu məsələlərə diqqət yetirməyə çalışdı. Yəni, Rusiyanın daha müasir imperialist dövlət modelinə keçdiyini görürük: “istəsinlər edək, istədikləri üçün gəlirik”. Bir sözlə, Rusiya hegemon dövlət görünüşündən daha çox, “ehtiyac olduğu üçün gələn” görüntüsü formalaşdırmağa çalışır. Arzu və niyyət olduğu kimi qalır, sadəcə bunu tərəflərin üstünə ataraq, həm güc obrazını gizlətməyə çalışır, həm tərəflərin suverenliyinə hörmət etdiyini bildirməyə çalışır, həm də istəyini kobud formada ortaya qoymur. Düşünürəm ki, Ermənistan tərəfdə sülhməramlı kontingentin sayının artırılması ilə bağlı istək olsa da, Azərbaycan tərəfdən bu istək olmadığı üçün Putin buna hörmətlə yanaşdığını göstərmək istəyir”, - deyə politoloq bildirib.
Aslanlı diqqətə çatdırıb ki, Rusiya Qarabağa üçtərəfli bəyanatın nəticəsi olaraq gəlib, hansısa sazişlə yox: “Yəni, onların gəlişi ilə bağlı yeganə sənəd hüquqiliyində problem olan, eyni zamanda beynəlxalq təşkilatların münaqişələrlə bağlı bu günə qədər qəbul etdiyi qərarlar baxımından uyğun olmayan sənəddir. Ona görə də Putin bu fikirləri deyə biləcəyi formada deyir, çünki daha artığı daha kəsin etiraza səbəb ola bilər. Putinin bu açıqlaması həm mövcud vəziyyətdən qaynaqlanır, həm də böyük dövlətin vəhşi imperialist modelindən daha müsair imperialist dövlət modelinə keçməyə çalışdığını göstərir”.
Müsahibimiz edib ki, Rusiya sülhməramlıların sayını artırmadan müddətini azalda da bilər, müddətə toxunmadan sayını artıra da bilər: “Lakin ikisi də bizim üçün arzuolunan deyil. Bizim üçün arzuolunan odur ki, Azərbaycan-Ermənistan sərhədində sülh şəraiti hökm sürsün, Ermənistan Azərbaycana qarşı provokasiya və ərazi iddialarından əl çəksin və bölgədə heç bir sülhməramlıya ehtiyac qalmasın. Və nəinki Azərbaycanın daxilində, heç sərhədində də sülhməramlıya ehtiyac olmasın. Amma daxilimzdə olan bu prosesin bitməsi ilk arzuolunandır. Çünki Azərbaycanın daxilində sülhməramlıların qalması, sadəcə suverenliyimiz baxımından risk deyil, həm də münaqişənin ömrünün uzadılması baxımıdan da təhlükəlidir”.
Müəllif:
Mərahim Nəsib
Tarix: 21-12-2020, 12:25