Türkiyədən ABŞ-ın sanksiyalarına "sürpriz" cavab zərbəsi - Foto, Video

Rəcəb Tayyib ƏrdoğanRəcəb Tayyib Ərdoğan

Türkiyənin müdafiə sənayesi öz yenilikləri ilə təəccübləndirməyə davam edir. ABŞ və Avropanın qurduğu maneələrə baxmayaraq qardaş ölkə hərbi gücünü artırmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın elan etdiyi sanksiyalara Türkiyə bu dəfə də sürprizlə cavab verdib. Yerli istehsal məhsulu olan hava hücumundan müdafiə sistemlərinin qarşıdakı aylarda Türkiyə Ordusunun istifadəsində olacağı açıqlanıb.
NATO müttəfiqləri olan ABŞ və Avropa ölkələri Türkiyənin Rusiyadan S-400 sistemlərini almasına sərt təpki vermişdi. Onlar Türkiyəni həmin sistemləri aktiv hala gətirməkdən çəkindirmək üçün bütün təzyiq vasitələrinə əl atıblar.
"Hisar" müdafiə sistemləri "Hisar" müdafiə sistemləri
Amma maraqlıdır ki, Rusiyanın S-300 sistemlərindən istifadə edən Yunanıstana qarşı eyni təpki göstərilmir. Bundan başqa Türkiyənin Rusiyadan S-400 sistemlərini alması da təsadüfi deyil.
Əvvəllər Türkiyə ABŞ-dan hava hücumundan müdafiə sistemləri və "F" seriyasından olan daha müasir qırıcı təyyarələr almaq üçün razılığa gəlmişdi. Hətta razılaşmaya əsasən pulun bir hissəsi köçürülmüşdü. Amma son anda ABŞ həmin texnikaları Türkiyəyə satmaqdan imtina etdi. Əvəzində Yunanıstana F-35 təyyarələri satdı.
Türkiyə ilə həmsərhəd olan və hər fürsətdə qardaş ölkəyə qarşı düşmənçilik edən Yunanıstan həmin təyyarələrin "görünməz" olduğunu deyərək lovğalanırdı. Həm də belə açıqlamalar Türkiyəyə qarşı hədə-qorxu xarakteri daşıyırdı. Sonradan Türkiyə həmin təyyarələri aşkarlayıb məhv edə bilən müdafiə sistemlərini Rusiyadan aldı.
Ardınca ABŞ və Avropanın anlaşılmaz təzyiqləri başladı. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələdə sona qədər gedəcəyini bildirdi və sözünün üstündə durdu. Çünki Qərbin təzyiqlərinin məntiqsizliyi siyasətdən anlamayanlara da aydındır. Özləri müdafiə sistemləri satmaqdan imtina edirlər, Rusiyadan almasına da etiraz edirlər. Belə çıxır ki, Qərb Türkiyənin müdafiəsiz qalmasını istəyir.
Nəhayət, bu günlərdə ABŞ Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq etdi. Amma Ankara bu sanksiyaların Türkiyənin inkişafını əngəlləyə bilməyəcəyini bildirdi. Sanksiyaların dərhal ardından bəlli oldu ki, Türkiyənin özünün istehsal etdiyi "Hisar A+" hava hücumundan müdafiə sistemlərinin sınaqaqları artıq uğurla tamamlanıb və gələn ilə Ordunun istifadəsinə veriləcək.
"Hisar" müdafiə radar sistemləri "Hisar" müdafiə radar sistemləri
Türkiyənin "Aselsan" və "Roketsan" şirkətləri müdafiə sənayesi üçün lazım olan bütün detalları istehsal edə bilmək üçün dayanmadan yeniliklər tətbiq edirlər. Müdafiə sənayesində təchizatın 70 faizini yerli istehsalla təmin etməyi bacaran Türkiyə ABŞ-ın sanksiyalarından sonra bu sahədə işləri daha da sürətləndirib.
Türkiyə mediasının yazdığına görə, "Hisar" sistemləri sınaqlardan uğurla keçib. Bu sistemlər hədəfi yüksək dəqiqlik və çevikliklə məhv edir. Son açıqlamaya görə, bu sistemlər qarşıdakı aylarda Ordunun arsenalında olacaq.
Rusiyadan aldığı sistemlərə gəlincə, Türkiyə əvvəllər də bəyan edib ki, o sistemlər ölkənin NATO qüvvələrinə inteqrasiya edilməyəcək. Yəni Rusiya istehsalı olan sistemlər Türkiyənin NATO qüvvələrinə daxil olmayan hərbi qüvvələrinin istifadəsində olacaq.



Tarix: 20-12-2020, 15:18
Xəbəri paylaş



Xəbər lenti