Elxan Şahinoğlu: “Rusiya indiki halda Paşinyanın devrilməsində maraqlı deyil” Ermənistan mediasının bugünlərdə yaydığı iki xəbər diqqəti cəlb etdi. Bir xəbərdə bildirilir ki, ölkənin Baş naziri Nikol Paşinyan dekabr ayının son günündə, xalqa Yeni il müraciətində istefasını açıqlayacaq. Bildirilir ki, Paşinyan siyasi xaosun qarşısını almaq üçün yeni seçkilərə getmək, Seçki Məcəlləsini təkmilləşdirmək istiqamətində addımlar atacaq.
Digər xəbər isə Ermənistan siyasətində önəmli faktorlardan olan keçmiş Prezident, “Qarabağ klanı”nın əsas fiquru Robert Köçəryanın Moskvaya səfər edəcəyidir. Məlumata görə, Rusiyaya səfər edəcək Köçəryan orada bir sıra görüşlər keçirəcək. Sabiq Prezidentin Moskvada kimlərlə görüşəcəyi açıqlanmasa da, erməni analitiklər güman edirlər ki, o, Rusiya siyasi elitasından təsirli şəxslərlə müzakirələr aparacaq.
Bəzi fikirlərə görə, Paşinyanın yeni seçkilərə getməsi fürsətindən Kreml yararlanmağa çalışacaq. Rusiyanın özünə yaxın olan, amma uzun illərdir aktiv siyasətdən kənar görünən Köçəryanı Ermənistanda hakimiyyət başına gətirmək istəyi haqqında mülahizələr var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Moskvanın Köçəryanı seçki yolu ilə hakimiyyətə gətirmək niyyəti inandırıcı deyil. Politoloq AYNA-ya bildirib ki, Paşinyanın istefa verəcəyi barədə fikirlər yayılsa da, bu, təsdiqini tapmır.
Analitikin sözlərinə görə, Baş nazirin istefası artıq şayiə xarakteri alıb: “Hiss olunur ki, kimsə Paşinyana qarşı təzyiqi artırmağa çalışır. Ermənistan Baş naziri isə istefa verməyəcəyini dəfələrlə bildirib. Hətta, hər gün bu barədə açıqlama verir ki, belə planı yoxdur. İkincisi, erməni müxalifəti lokal aksiyalar keçirir, mitinqlərə çox adam yığa bilmir. Ümumi müxalifətin meydana 5-7 min nəfər insan yığması ilə Paşinyan hakimiyyətdən getməz. Digər tərəfdən, bu gün Ermənistan əhalisinin, təxminən 25-30 faizi Paşinyanı dəstəkləyir. Bu, az əhalisi olan Ermənistan üçün kifayət qədər ciddi göstəricidir”.
“Erməni cəmiyyəti açıq səsləndirməsə də, artıq Qarabağ yükündən qurtulmağa sevinir. Çünki bu gündən sonra iqtisadiyyatından Qarabağa ayırmalar olmayacaq, gəncləri ölümə göndərməyəcəklər. Bunu Paşinyan dərk edir və reytinqini qorumağa, daha da artırmağa çalışır. Eyni zamanda, bu gün Ermənistanda elə güclü müxalifət yoxdur ki, Paşinyanı hakimiyyətdən kənarlaşdıra bilsin”, - şərhçi vurğulayıb.
Köçəryanın hakimiyyətə qayıtması məsələsinə gəldikdə isə E.Şahinoğlunun fikrincə, “Qarabağ klanı”nın Ermənistanda reytinqi yoxdur: “Köçəryan-Sarkisyan hökumətinin korrupsiya ilə bağlı cinayətləri üzə çıxdı. Erməni cəmiyyəti onların hakimiyyətdə olduğu dönəmi unutmayıb. İkincisi, “Qarabağ klanı”nın reytinqi Birinci Qarabağ müharibəsindəki qələbə üzərində qurulmuşdu. Həmin qələbə indi yoxdur, Azərbaycan Ordusu o qələbəni İkinci Qarabağ müharibəsindəki qalibiyyəti ilə darmadağın etdi”.
“Bəli, Köçəryanın Rusiya siyasi elitası ilə yaxşı əlaqələri var. Amma bu, Moskvanın Köçəryanı “diriltməsinə” yetmir. Kreml seçki yolu ilə Köçəryanı hakimiyyətə gətirə bilməyəcək, hansı ki, bunu Kremldəkilər də anlayırlar”, - deyə analitik vurğulayıb.
Mərkəz rəhbərinin fikrincə Rusiya Köçəryanı bir halda hakimiyyətə gətirə bilər – qanlı inqilabla: “Əlbəttə, Köçəryanın indiki məqamda Moskvaya səfəri Paşinyana təzyiq məqsədi daşıya bilər. Lakin düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Paşinyanın hakimiyyətdən getməsində o qədər də maraqlı deyil. Putin istəyir ki, Qarabağla bağlı noyabrın 10-da imzalanan bəyanatın şərtlərini Paşinyanın özü həyata keçirsin. Rusiya liderində belə bir qorxu var ki, Ermənistanda başqa biri hakimiyyətə gələr və bəyanatdan imtina edər. Bu da müharibənin başlamasıdır ki, müharibənin yenidən alovlanması da Rusiyaya sərf etmir. Ona görə də, Köçəryanın Rusiyaya səfərini Paşinyana müəyyən qədər təzyiq elementi hesab edirəm. Yox, əgər Kremlin həqiqətən də “Qarabağ klanı”nı yenidən Ermənistan hakimiyyətinə gətirmək planı varsa, bunu seçki yolu ilə edə bilməyəcək. Geriyə isə sadəcə bir yol qalır – inqilab”.
Tarix: 20-12-2020, 13:07