ƏRDOĞANSIZ GEDİLMƏYƏCƏK YOL:ABŞ Türkiyə ilə dil tapmazsa, gərginlik xeyli artacaq


Ərgün Dilər
“Takvim”, Türkiyə, 19 dekabr 2020-ci il
 
Milli müdafiə naziri Hulusi Akar ABŞ-la münasibətləri dəyərləndirdi. Məncə, əsas hissəsi burası idi: “Biz dostluqdan yanayıq. Biz 83 milyonun haqlarını qorumaq üçün nə lazımdırsa, etməyə hazırıq. Aramızdakı ən böyük problem S-400 deyil. PKK/YPG terrorçu deyilmi? Öncə oradan başlamalıyıq. ABŞ-dan olan dostlarımızın bunun cavabını verməsi lazımdır. Bunun adının qoyulması lazımdır. PKK terrorçudur. YPG də onun Suriyadakı adıdır. Bunlar bizim xalqımıza, sərhədlərimizə qarşı təhdid və risk yaratmaqdadırlar. Bizim əməliyyatlarımızın kürdlərə qarşı aparıldığını ifadə etməyə çalışırlar. Bizim kürd qardaşlarımızla, ya da başqa millətlərlə problemimiz yoxdur. Bizə verilən vəzifə terrorla, terrorçu ilə mübarizədir…”
Qarşıdakı günlərdə yaşanacaq olanlar ABŞ-Türkiyə münasibətlərinin yenidən kodlanması olacaqdır. S-400-lə bağlı gedən mübahisə, əslində, Türkiyənin dünyadakı mövqeyi və yeni qlobal güc balansı ilə əlaqədar idi.
Akar bunları söyləyərkən ABŞ Xarici işlər naziri Pompeo da Sanksiyaların məqsədi Rusiyanın önəmli bir gəlir, giriş və nüfuz əldə etməsini önləməkdir, Türkiyənin və ya ABŞ-ın hər hansı bir müttəfqinin hərbi qabiliyyətinə zərər vermək niyyəti yoxdur” dedi. Onun Mövlud Çavuşoğlu ilə apardığı telefon danışığından sızdırılan bu idi… Ayrıca, ABŞ “Türkiyənin yenidən NATO ilə uyğun silah almaqla bağlı öz öhdəliyinə əməl etməsini” istədi.
İki önəmli şəxsin açıqlamalarına baxınca, problemin deyildiyindən daha böyük olduğu anlaşılır. Gəlin, biz də daha fərqli bir pəncərədən baxaraq işin içinə girək.
Tramp prezident olan zaman ümumiyyətlə, xüsusilə də AKP-dəki bəzi şəxslərdə, optimist hava vardı. Bəzilərində də “Artıq hər şeyi həll edərik” ümidi var idi. Zaman ötdükcə önəmli şəxslərlə bir araya gəldik, yollarımız kəsişdi. Söhbət söhbəti açarkən, növbə bir anda PKK/YPG məsələsinə gəldi. Masadakı dostlar fikrimi soruşdu. Hər yerdə paylaşdığım üçün yenə açıq və aydın danışdım: “Dostlar, Trampın Türkiyəyə baxışı, əlbəttə, müsbətdir. Əlbəttə, bir addım atmaq, irəliləmək istəyir. Ancaq YPG məsələsində “Dərin Amerika” prezidenti saymaz. Ona qulaq asmaz. O, YPG ilə Pentaqon arasındakı əlaqəni əsla və qətiyyən bitirə bilməz…”
Hadisələrin tarixi axışına baxıldığında haqlı idim. Tramp da, Bayden də YPG ilə əlaqəni kəsməz, kəsə bilməz.
PKK-nın dəstəbaşı Öcalan harada yaxalandı? Keniyada. Yaxşı, Keniyada yaşayan bir kürd icması var idimi? Öcalan Suriyadan çıxdıqdan sonra, Avropa və Rusiya da daxil olmaqla, getmədiyi ölkə qalmadı. İkinci sual: “Yaxşı, ona hansı ölkə ev sahibliyi edə bildi?” Bəli, heç biri. Edə bilməzdilər, çünki ABŞ “kürd məsələsi” deyilən hadisəni siyasi yollarla həll etmək istəyirdiOnlara silahı buraxıb siyasət daxilində yol qət etməli olduqlarını çatdırırdı. Öcalan MKİ tərəfindən verilincə, Cavid Çağların təyyarəsilə gedib alınınca, çox adam edam gözləntisi içində idi. Ancaq MHP də daxil olmaqla, kimsə arzularla reallıqları qarışdırmadı.
Və Öcalan həyatda qaldı. Üstündən zaman keçdi, “Açılım prosesi” düşünüldü. Başladı. Dövlət əlini daşın altına qoydu. Ancaq başqa güclər dövrəyə girdi. Atılan addımlar havada qaldı. Oslo danışıqlarından sızıntının verilməsi bu işin sanıldığı kimi asan olmayacağını göstərdi. Öcalanın görüşləri haqqında informasiyanın mətbuata sızdırılması, Parisdə PKK-nın 3 liderinin ortadan qaldırılması işləri daha mürəkkəb hala gətirməkdə idi. PKK sadəcə bir terror təşkilatı deyil. Çoxmillətli bir şirkət kimidir. Birdən çox görünməyən, bilinməyən ortağı vardır. Yəni, sahibkarı birdən çoxdur.
Tramp prezident seçildikdən sonra, istəməsə də, YPG-yə yüzlərlə TIR silah yollandımı? Yollandı. Tramp, prezident Ərdoğana “Bunu önləyəcəm” mənasını verən sözlər verdimi? Bəli, ancaq önləyə bilmədi. Vaşinqton-Berlin xətti buna qarşı idi. İstəməyən onlar idi. Orta Şərq-Afrika-Avrasiya üçün kürdlər siyasi baxımdan Türkiyə ilə hərəkət etməli idi. Planları belə idi.
Edilən yardımların intensivliyi azalmayınca, Ankara da haqlı olaraq, “Bu silahlar kimə gedir?” sualını verdi. Qane olmayınca da cənubdan gəlməsi gözlənilən hücumlara qarşı gedib S-400-ü aldı. Testlərini keçirdi. İstifadə etmək üçün gözləməyə başladı.
Xatırlayırsınızsa, Çin Hava Müdafiə Sistemi (HMS) almaq masaya gələn zaman da Kobani hadisələri partlaq verdi. Dünya Kobaniyə kilidləndi.
Türkiyə bölünmə və daxili təhdid qayğısı ilə hərəkət edərkən, ən təpədəkilər kürd kartı üzərindən oyun qurmaqda idilər. Çünki Avrasiya da, Orta Şərq də bu karta bağlıdır. Yəni, ona ehtiyac var.
Amerikanı təşkil edən ailələrdən bəziləri əsla və qətiyyən YPG-dən vaz keçməz. Prezidentlər də bunu önləyə bilməz. Bu, dəqiqdir. Pentaqonun istəyi də budurAnqlosakson yaxınlıqları da olan bir güc isə ABŞ-ın istədiyi ritmə qarşıdır. Bu da dəqiqdir. Əslində, bizim məşğul olduğumuz, içində türkün də, kürdün də olduğu bu məsələ bizdən kənardadır. Bizi özümüzlə baş-başa buraxmırlar.
Xaricdəki güclü ailələrin buradakı hesabları başqa bir yazı mövzusudur. Amma kürd məsələsinə buradan baxanı heç görmədim. Ailələr ortadan çıxsa, problem də bitərAmma heç biri çıxmaz.
Davam edək. Tam elə bu səbəblə, ABŞ-ın sanksiyaları, HDP-nin qapadılması tələbi, Səlahəddin Dəmirtaşın məhkum olunması, Osman Kavalanın həbs edilməsi, Qılıncdaroğlunun “Cümhur İttifaqı çatlayacaq!” iddiası, Davudoğlu, Babacan və Akşenerin “uyğur kartı” üzərindən Ankaranın üzərinə getməsi, İstanbul və Ankara şəhər bələdiyyələrinin bir sıra dosyelərdən bəhs etməsi, Almaniyanın Ankaradakı sabiq səfirinin “Ərdoğandan sonrakı dövrə baxırıq” açıqlaması eyni hesabın detallarıdır.
Dünyanın zirvəsindəki iki əsas cərəyan siyasəti bölməklə (Türkiyənin siyasi qüvvələri nəzərdə tutulur – tərc.) birlikdə, hər partiyanın içinə də etibarlı adamlarını yerlədirmişdir. Bu da işin bir parçasıdır. HDP ilə bağlı gedən diskussiyalarda müxalifətin çox aydın mövqe tuta bilməməsi bununla bağlıdır. Hamısı bir ittifaq içindədir. Buna məcburdurlar, ancaq söyləyə bilməzlər. Bu ittifaq, “HDP-nin bu qədər səsi var” deyə deyil, Türkiyənin dünyadakı mövqeyi ilə bağlı olaraq mövcuddur. Dəmirtaş və Kavala haqqında veriləcək qərar Türkiyənin marşrutunu dəqiq şəkildə göstərəcək. Baxacağınız nöqtə burası olsun.
Nə Qərb, nə də Şərq Prezident Ərdoğansız yürümək istəmir. Qərb Putindən vaz keçsə belə, Ərdoğan daimi böyük müttəfiqdir. Onunla işləməyə məcburdurlar. Başqa seçimləri yoxdur.
HDP, əsla sadəcə bir partiya deyildir. Çoxünsürlü qlobal gücün də (Türkiyəyə yönəlik olan – tərc.) mərkəz nöqtəsidir. İstəyirsiniz – qəbul edin, istəyirsiniz – etməyin… Belə böyük  bir məsələni şəxslər üzərindən anlatmağa qalxar və arxadakı strukturları gözdən qaçırarsınızsa, kimsə bir şey anlamaz. “Dünyaya silah satan ABŞ, nə üçün YPG-yə pulsuz silah yağdırır?” sualına cavab tapmadan baş verənləri anlamaq şansımız yoxdur.
Həftəni baş  vurarkən bunu qeyd edək ki, əgər Akarın altını cızdığı kimi, ABŞ və Türkiyə İraq, Suriya və Aralıq dənizi ilə bağlı ağıl dolu bir yol tapa bilməzsə, münaqişə qaçılmaz olacaq. Arada hər iki tərəfə də yaxın olanlara baxınca, hərəkətliliyin necə sürətli olduğunu görmək olur. Gördüyüm budur. ABŞ-la yaxınlaşma olmazsa, həm Vaşinqtonda, həm də Ankarada gərginliyin kəskin artması qaçılmaz olacaq.
MHP Vaşinqtona əsla isti baxmaz. Həm daxildə, həm də xaricdə balansı tapacaq olan yenə Ərdoğan ola bilər. Başqa ikinci bir şəxs də yoxdur. Bu da müxalifətin diqqətinə…
Tərcümə Strateq.az-ındır
Tarix: 19-12-2020, 22:03
Xəbəri paylaş



Xəbər lenti