Hələlik Paşinyanın əvəzlənməsindən söhbət gedə bilməz
Ermənistanda gözünü baş nazir Nikol Paşinyanın kreslosuna dikən müxaliflər Rusiyaya yönəlik pozitiv açıqlamalar verirlər. Paşinyanın yerinə vahid namizəd kimi irəli sürülən keçmiş baş nazir Vazgen Manukyan iddia edir ki, Rusiyanın köməyi olmadan Ermənistan ordusu öz döyüş qabiliyyətini bərpa edə bilməyəcək. Onun sözlərinə görə, regionun əsas oyunçuları Türkiyə və Rusiyadır. Lakin hesab edir ki, hazırkı şəraitdə Türkiyə ilə gələcəklərini bağlasalar, o zaman məhvə məhkum olacaqlar.
Ona görə də Ermənistan üçün Rusiyanın rolu heç vaxt olmadığı qədər vacibdir. Manukyan Moskvanın Türkiyəyə görə Ermənistanın maraqlarını qurban verəcəyinə inanmadığını deyib: “Sürətlə dəyişən regionda Rusiya minimum 5 il bizim stabil təhlükəsizlik qarantımız və müttəfiqimizdir”.
Bu arada Ermənistan prezidenti Armen Sarkisyan da eks-prezident Robert Koçaryanla görüşüb. Sarkisyan “Kremlin adamı” kimi tanınan Koçaryanla Qarabağ bəyanatından sonra ölkədə yaranmış vəziyyəti müzakirə edib. Xatırladaq ki, bundan öncə Armen Sarkisyan sabiq prezident Serj Sarkisyanla da görüşmüşdü. Siyasi şərhçilərin qənaətincə, müxalif siyasətçilər və hazırki prezident A.Sarkisyan Moskvanın diktəsi altında Ermənistanı yönətməyə hazır olduqları mesajını verir, Paşinyandan fərqli olaraq Kremlin sözündən çıxmayacaqlarını göstərirlər.
Ermənistandakı siyasi qarşıdurmanı “Şərq”ə analiz edən politoloq Qabil Hüseynli bildirib ki, müxalifətin vahid namizədi öz ifadələri ilə göstərir ki, hakimiyyətə gələcəyi təqdirdə Ermənistanda Rusiyanın maraqlarını təmin edəcəklər. Ekspertin sözlərinə görə, bu cür vədlər verilsə də, Moskva Ermənistan müxalifətinə hələlik etimad göstərmir:
“Rusiya prezidenti Vladimir Putin bir müddət Nikol Paşinyanla işləmək istədiyini ona verdiyi dəstəklə açıq ifadə etdi. Bu dəstək səbəbsiz deyil. Moskva çalışır ki, 10 noyabr bəyannaməsinə imza atan Paşinyan sazişin bütün bəndləri tam reallaşanadək hakimiyyətdə qalsın. Çünki baş nazir üçtərəfli razılaşmanın Ermənistan tərəfdən yeganə qarantıdır. Ona görə də hazırda Paşinyanın əvəzlənməsindən söhbət gedə bilməz. Əgər baş nazir özü daxili vəziyyəti qəsdən gərginləşdirməsə, 1 ilə yaxın hakimiyyətdə qalması gözlənilir. Paşinyana qarşı çıxan 17 partiyanın erməni cəmiyyətində ciddi sosial bazası yoxdur. Şovinist, faşist ideologyaya xidmət edən Manukyan və onun dəstəkçilərinin Moskvaya “quyruq bulaması” özlərinə qalacaq”.
Tarix: 11-12-2020, 14:34