Rusiyaya qarşı beynəlxalq qətnamə, amma: “Moskva əməl etməyəcək”


Rusiyaya qarşı beynəlxalq qətnamə, amma: “Moskva əməl etməyəcək”
Şahin Cəfərli: “Baş Assambleyada qəbul edilən qərarların icra mexanizmi yoxdur”
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiya hərbi qüvvələrinin Krımdan ən qısa müddətdə çıxmasını və Ukrayna ərazisinin müvəqqəti işğalına son qoymasını nəzərdə tutan qərar qəbul edib. 193 üzvlü BMT Baş Assambleyasında səsə qoyulan qərar 17 əleyhinə, 63 lehinə olmaqla qəbul edilib. 62 üzv isə fikir bildirməkdən imtina edib.
 
Krım və Sevastapol şəhərinin Rusiya tərəfindən işğalını pisləyən qərarda “ilhaqın tanınmadığı” və “Krımın zorakılıqla ələ keçirilməsinin qanunsuz və beynəlxalq hüquqa zidd olduğu” vurğulanıb. BMT üzvləri və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən, Rusiyanın Krımın işğalına son qoyacaq addımlara güclü dəstək verilməsi istənilib.
 
Qərarda, həmçinin qeyd edilib ki, BMT “Rusiyanın Krımda hərbi mövcudluğunu artırmasından, məhz Ukrayna ərazilərinə nüvə potensialına sahib təyyarələr, raketlər, silah-sursatlar və hərbi personal da daxil olmaqla, müasir silahlar köçürməsindən” narahatdır. Rusiyanın Krımda ələ keçirdiyi Ukrayna hərbi sənaye şirkətlərindən istifadəsinin də pislənildiyi qərarda, Moskvanın Krımdakı nüvə obyektləri və materiallarının yurisdiksiyasını genişləndirmək səylərinə də xitam verməsi tələb olunub, Krımda hərbi gəmilər istehsalına dair fəaliyyətləri qınanıb. Qara dəniz, Azov dənizi və Kerç boğazında beynəlxalq hüquqa uyğun gəmi səyahətlərinə mane olmaqdan imtina etməsi istənilib.
 
Qeyd edək ki, Qərb ölkələri tərəfindən dəstəklənən qərarın, dünya ictimaiyyətinin Krımın ilhaqına dair fikrini əks etdirdiyi ifadə edilir. Xatırladaq ki, bənzər bir qətnamə 2019-cu ildə də BMT Baş Assambleyasında qəbul edilib.
 
Bəs, bu qərar Rusiyanın mövqeyinə necə təsir edəcək? Sözügedən qərarın Rusiya tərəfindən rədd edilməsi hansı nəticələrə gətirib çıxara bilər?
 
Mövzunu AYNA-ya dəyərləndirən siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, BMT qətnamələrinin işə yarayıb-yaramamasını ən yaxşı Azərbaycan bilir: “Çünki Qarabağla bağlı da dəfələrlə istər BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, istər ondan sonra BMT Baş Assambleyası çərçivəsində qəbul olan qərarların faktiki olaraq heç biri yerinə yetirilməyib. Düzdür, mən bu qərar və qətnamələrin əhəmiyyətini inkar etmirəm, çünki Azərbaycanın 44 günlük Vətən müharibəsinə legitimlik qazandıran və yol açan məqamlardan biri də məhz həmin qərar və qətnamələrdə Azərbaycanın ərazi bötövlüyünün vurğulanması faktı olub. Yəni, həmin sənədlər siyasi baxımdan əhəmiyyətli olsa da, faktiki olaraq həmin qərarları məhz BMT özü icra etməyib”.
Tarix: 10-12-2020, 22:39
Xəbəri paylaş



Xəbər lenti