TÜRKİYƏ YENİ MƏRHƏLƏYƏ HANSI STRATEGİYA İLƏ GEDƏCƏK? –Hərbi bazalarla bağlı məsələ ön plana keçirilməlidir - TƏHLİL


Sərdar Turqut
“Habertürk”, Türkiyə, 07 dekabr 2020-ci il
 
Ətrafımızda Türkiyənin milli təhlükəsizliyi üçün təhdid yarada biləcək bir çox addım atılır. Demək olar ki, hamısı da ciddi proseslərdir. Görünüşə görə, sanki Türkiyəni mühasirəyə almaq istəyirlər və qarşı tərəfin ortaq hədəfi Türkiyənin qarşısının alınması və geriyə döndərilməsidir. Xarici siyasətdə, hər bir düşünmə prosesində olduğu kimi, bəzən zamanında düzgün sualların verilməsi və doğru cavabların alınması ölkəyə yeni doğru yönün tapılmasında yardımçı ola bilir deyə, bu gün bəzi həssas sualları verməklə kifayətlənəcəm. Görünən odur ki, bunlara veriləcək cavablar qarşıdakı günlərdə ölkənin milli təhlükəsizlik gündəliyini xeyli məşğul edəcək.
1. 03 dekabr 2020-ci il tarixdə yazdığım “Baydenin yeni xarici siyasət komandası daxilində Türkiyənin “Strateji türk üçbucağı” müzakirə edilir” başlıqlı köşə yazımda Türkiyənin Qırmızı dəniz və Bəsrə körfəzində atdığı addımların yeni amerikan administrasiyasının diqqətini cəlb etdiyini və Vaşinqtonda Türkiyə məsələsinin bununla bağlı olaraq da müzakirə edildiyini anlatmışdım.
Bu bölgə yalnız yeni amerikan administrasiyasının radarında deyildir. Rusiya da bölgədə yeni addımlar atmağa hazırlaşır. Gələn son məlumatlara görə, Rusiya Sudanın Qırmızı dəniz sahilində rus donanmasının logistika mərkəzi olaraq istifadə edəcəyi bir hərbi baza qurur.
Bölgədə yaranmış durumla bağlı Ankaranın uyğun strategiyası varmı? Ümid edirəm ki, hərbi bazalar məsələsində bölgədə ciddi bir güc olan Türkiyə bu supergüclərlə girdiyi rəqabəti düzgün aparmağa imkan verən bir strategiya işləyib hazırlamışdır.
2. Türkiyənin Şərqi Aralıq dənizindəki həmlələrindən olduqca narahat olan Misir Rusiya və ABŞ-ın gündəliyində olan bu bölgədə də son dərəcə aktivdir və Türkiyənin əleyhinə addımlar atmağa çalışır. Diplomatik mənbələr Qırmızı dənizdə Türkiyə ilə nüfuz savaşına girən Misirin ölkəmizə qarşı Sudan və İsraillə bir ittifaq qurmağa çalışdığını söyləyirlər. Bu, doğrudursa, – mən doğru olduğunu düşünürəm, –qarşıdakı dövrdə Türkiyənin Misirlə əlaqələrini artıq yoluna qoyması doğru bir qərar olaraq ortaya çıxmırmı?
3. Misirin Türkiyənin onu mühasirəyə almağa və Qırmızı dənizdəki maraqlarını baltalamağa yönəlik bir proses içində olduğunu düşünməsi verdiyi rəsmi açıqlamalardan açıqca görünür. Buna qarşı olaraq, Misirin İsrail və Sudanla üçlü bir cəbhə formalaşdırmağa çalışdığı da görünür. Qahirənin təşəbbüsü ilə Misir, İsrail və Sudandan olan yüksək vəzifəli hərbçilərin Qırmızı dənizdə təhlükəsizliyin koordinasiya edilməsi və regiondakı türk varlığının məhdudlaşdırılması planlarını müzakirə etmək üçün tarixi və yeri bildirilməyən bir toplantıda görüşəcəkləri haqqında danışılır. Misir tərəfdən toplantıya Baş Kəşfiyyat Xidmətinin vəzifəli şəxslərinin, Müdafiə naziri müavininin və Cənub bölgəsinin komandirinin qatılacağı da gələn xəbərlər arasında yer alır. Türkiyə baxımından Misir məsələsinin təcili müzakirə olunması aydın deyilmi?
4. Bu arada Bəhreyn də dövrəyə girib. İran amilini önə sürən Bəhreyn 15 sentyabrda Ağ Evdə keçirilən mərasimdə İsraillə münasibətlərin normallaşdırılması haqqında anlaşma imzaladı. Qurulan bu ortaq cəbhənin Türkiyənin də əleyhinə işləməsi ehtimalı yüksək deyilmi?
5. Diplomatik dairələrdə Misirin, eynilə Şərqi Aralıq dənizi Qaz Forumu ilə Aralıq dənizində etdiyi kimi, anlaşmalar imzalamaq və ittifaqlar qurmaq yolu ilə ərəb dünyasını bəzi əməllərdən qoruyacaq, hər cür təhdidi neytrallaşdıracaq bir platforma yaradacağı haqqında danışılır. Misirin “bəzi əməllər” və “hər cür təhdid” deyərkən Türkiyəni də nəzərdə tutması düşünülə bilərmi?
6. Türkiyənin Qətərdəki varlığından və bölgəsindəki aktiv fəaliyyətlərindən son dərəcə narahat olan BƏƏ Türkiyəyə qarşı əməlli-başlı hərəkətə keçib. BƏƏ Yunanıstan, Misir və Kiprin rum kəsiminin İsgəndəriyyənin açıq sularında birgə keçirdiyi “Meduza-10” hərbi təliminə qatılır. Bu təlimə Fransa da aktiv dəstək verir. Türkiyə bu hərbi ittifaqa qarşı son dərəcə həssas yanaşmalı deyilmi?
7. Türkiyə özünə qarşı formalaşan bu cəbhə haqqında düşünərkən, təbii ki, Səudiyyə Ərəbistanı amilini da gözdən qaçırmamalıdır. Bu ilin yanvar ayında Misir və Səudiyyə Ərəbistanı regionda təhlükəsizliyi möhkəmləndirmək, təhdidlərin qarşısını almaq məqsədilə Qırmızı dənizdə “Morqan-16” ortaq dəniz təlimi həyata keçirmişdi.
Bundan bir həftə öncə isə Misir, Qırmızı dənizdəki ərəb sahillərini hücumlardan qorumaq məqsədilə, 63 min hektarlıq sahəsilə Qırmızı dəniz və Afrikanın ən böyük hərbi bazası olan Berenice bazasının açılışını etmişdi. Türkiyə, bunları da nəzərə alaraq, özünə yeni strategiyalar işləyib hazırlamalı və xarici siyasətində yeni istiqamətlər müəyyən etməli deyilmi?
8. Türkiyənin Qətərdəki varlığının və bölgədə atdığı digər addımların öz milli təhlükəsizliyi baxımından təhdid yaratdığını düşünən BƏƏ, buna cavab olsun deyə, Yunanıstanla hərbi əlaqələrini dərinləşdirir. BƏƏ, hazırda F-16 hərbi təyyarələrini Girit adasında yerləşdirmişdirGələcəkdə Türkiyə ilə mümkün bir savaşın çıxması durumunda bunların ölkəmiz əleyhinə istifadə olunacağını düşünmək doğrudurmu?
9. Başda Almaniya olmaqla, bütün Avropa ölkələri yeni amerikan administrasiyası ilə daha anlamlı müttəfiqlik əlaqələri qurmağa hazırlaşır. Almaniya XİN-i yeni dövrdə ABŞ-la Avropanın ortaq olaraq NATO çərçivəsindən də istifadə edərək, dünya sistemini təftiş edən ölkə liderlərinin hərəkət sahələrini məhdudlaşdırmalı olacağını açıqladı.
Bayden administrasiyasının demokratiya və insan haqlarına vurğu etməsi də Avropada bu yönə gediləcəyinin bir işarəti olaraq şərh edilir. Yeni ABŞ administrasiyasının və onun Avropa ilə qura biləcəyi normal müttəfiqlik əlaqəsinin Türkiyə baxımından anlamının nə ola biləcəyi haqqında düşünülürmü?
10. Türkiyənin Misirlə münasibətlərini normallaşdırmaq üçün addımlar atması ehtimalı vardırmı? Belə bir addım həm Şərqi Aralıq dənizindəki, həm də Qırmızı dənizdəki maraqlarımız baxımından önəmli ola biləcəyinə görə, görəsən, bu haqda düşünülürmü?
11. Bayden iqtidarı dövründə Türkiyənin PKK ilə mübarizəsi necə olacaq, ABŞ iqtidarı daxilində bu məsələ ilə bağlı nə düşünürlər? Bu məsələ Türkiyənin ən həssas yanaşmalı olduğu milli təhlükəsizlik məsələsi olduğundan, buna yalnız bir sual kimi baxmayacam və sabah əhatəli bir yazı yazacam.
Tərcümə Strateq.az-ındır
Tarix: 9-12-2020, 14:26
Xəbəri paylaş



Xəbər lenti