Ermənistanda müxalifətlə iqtidar arasında qarşıdurmanın yeni fazası formalaşmağa başlayıb.Belə ki, müxalifət partiyaları Baş nazir Nikol Paşinyanı öz xoşu ilə istefa verməyə səsləyir. Yalnız müxalifət partiyaları deyil, “Qarabağ klanı”nın “xaç atası” hesab olunan Robert Köçəryan, erməni milyarder Samvel Karapetyan da Paşinyanı xoşluqla öz postundan istefa verməyə çağırıb. Paşinyana 8 dekabra qədər vaxt verilib, ancaq o, heç də asanlıqla istefa verənə oxşamır. Hətta onun 6 dekabrda xalqa müraciətində də istefa verməyəcəyi bir daha aydınlaşdı.
Digər tərəfdən, rəsmi Moskvanın da Paşinyana dəstəyi aydın şəkildə görünməkdədir. Ermənistanın güc orqanlarının da Baş nazirin tərəfində olması onun əlini daha da möhkəmləndirir. Baxmayaraq ki, müxalifət qüvvələri Ermənistanın digər ərazilərindən əhalini aksiya üçün İrəvana gətirirlər. Onlar qeyd edirlər ki, Paşinyan istefa verməyincə, bu aksiyalar dayanmayacaq. Üstəlik “Qarabağ klanı” Ermənistanda prezident idarəetmə formasının bərpasını tələb edir.
Maraqlıdır, post-sovet məkanında əksəriyyətində etnik münaqişələrin mövcud olduğu belə dövlətlər üçün hansı idarəetmə forması daha səmərəlidir?Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli
Cebhe.info-ya açıqlamasında deyib ki, müstəqilliyi tam möhkəmlənməmiş və dövlətçilik ənənələri olmayan ölkələrdə prezident idarə üsulu daha əlverişlidir:
“Süverenliyini yenicə qazanmış, hələ müstəqilliyi kifayət qədər möhkəmlənməmiş, hakimiyyət qollarının zəif formalaşdığı ölkələrdə prezident hakimiyyəti daha səmərəlidir. Doğrudur, Gürcüstanda da parlament üsul-idarəsidir. Amma hesab edirəm ki, bu idarə üsulu elə orada da səmərə vermir. Yalnız oturuşmuş, inkişaf etmiş, demokratik və dövlətçilik ənənələri olan ölkələrdə parlament idarəçilik forması səmərə verə bilər. Ermənistanda da Sarkisyan 2 dəfədən artıq prezident seçilə bilməyəcəyini anladığı üçün parlament idarə üsuluna keçmişdi. Yəni özü üçün növbəti hakimiyyət kürsüsü hazırlamışdı. Sarkisyan Baş nazir olsa da, Paşinyan onu hakimiyyətdən devirdi”.Politoloq bu gedişlə Ermənistanda vətəndaş müharibəsinin ola biləcəyini də istisna etməyib:
“Ermənistanda çox ciddi qarşıdurma var. Bu vəziyyət ciddi şəkildə vətəndaş müharibəsi ilə sonuclana bilər. Amma 17 partiyanın Paşinyanın istefasını tələb edərək “öz xoşunla hakimiyyətdən get” deməsi o qədər də uğurlu ifadə deyil. Yəqin ki, Paşinyan da bunu qəbul etməyəcək və əlindəki hakimiyyət resursları ilə irəli sürülən ultimatuma qarşı mübarizə aparacaq. Üstəlik də Paşinyan son zamanlar Rusiyadan çox ciddi dəstək almaqdadır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə toplantısında Vladimir Putin digər üzv dövlətləri də Paşinyana kömək etməyə çağırdı. Bu isə o deməkdir ki, əgər Paşinyanı zor gücü ilə devirməyə çalışsalar, ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri yerləşdirilə bilər. Hər halda vəziyyət kifayət qədər gərgindir və bunun sülhlə qurtaracağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Zənnimcə, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq çətin olacaq və yaxud da mümkünsüz görünür”.
Tarix: 7-12-2020, 20:52