Moskvada dekabrın 3-də tanınmış sənədli film ustası Vitali Manskinin SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla bağlı çəkdiyi “Qorbaçov.Cənnət” sənədli filminin təqdimatı olub.
Demokrat.az bildirir ki, rejissor Mixail Qorbaçovdan yaşadığı xidməti evində müsahibə götürüb.
Film Avropanın nufuzlu sənədli filmlər festivalı sayılan IDFA-nın əsas mükafatını alıb.
Filmlə bağlı ekspert rəyləri maraqlıdır.
Kadrlarda 90 yaşlı qoca Qorbaçov və onun gündəlik həyatı təsvir olunur. O çətinliklə kreslodan qalxır, yataq otağına xüsusi quraşdırılmış liftlə qalxır.
Saat yarımlıq film Mixail Qorbaçova ömürlük verilmiş xidməti mənzilində çəkilib. Evi tikanlı məfillərə bürünmüş hündür hasarlar əhatə edir. Hər yerdə müşahidə kameraları qurulub.
Belə yerdə dünyanı dəyişdirmiş şəxs tək-tənha yaşayır.
Filmdə Qorbaçov 2020-ci ili öz köməkçisinin evində qarşılayır. Onun daha hər hansı yaxın adamı yoxdur. Qorbaçov yalnız bir kəlmə deyir: Daha nəvələri onun yanına gəlmir, əvvələr gəlirdilər. İndi yox. Vəssalam! Başqa söz daha lazım deyil.
Film boyu biz qohumları, əzizləri tərəfindən atılmış tənha şəxsi görürük. Qorbaçovun qızı və nəvələri Almaniyada yaşayırlar. Rusiyaya gəlmirlər. Qorbaçov isə heç yerə artıq gedə bilmir.