Prezident rejimə qarşı meydan mübarizəsinə start verdi: Mayya Sandunu gözləyən ağır imtahan


 
Bu gün Moldovanın yeni prezidenti Mayya Sandunun çağırışı ilə paytaxt Kişinyovda mitinq keçiriləcək.
 
Ovqat.com xəbər verir ki, mitinqin əsas tələbi hökumətin və parlamentin istefası, həmçinin parlamentin son zamanlar qəbul etdiyi bir sıra qanun və qərarların ləğvi ilə bağlı olacaq.
 
Deyəcəksiniz ki, Mayya xanım əgər prezidentdirsə, niyə bir fərmanla məsələni həll etmir, meydan mübarizəsinə başlayır? 
 
Məsələ burasındadır ki, o, hələ hakimiyyətə gəlməmişdən əvvəl bu səlahiyyətlərdən məhrum edilib. Necə? Gəlin, tələsmədən Mayya Sandunun nəyə və niyə etiraz etdiklərinə nəzər salaq.
 
Qərb tərəfindən dəstəklənən və ölkə tarixində ən çox səs almaqla hakimiyyətə gələn Mayya Sandunun uğurlarını əngəlləmək üçün Moldova parlamenti bəzi mübahisəli qərarlar qəbul edib. Bunlardan biri rus dilinin rəsmi dil kimi məşrulaşdırılmasıdır. İlk baxışdan, “bunun Mayya xanımın prezidentliyinə nə dəxli var” sualı ortaya çıxmasına baxmayaraq, məsələnin dərinliyinə nəzər salanda iki ayrı problem kimi görünən bu hadisələr bir-biriylə üzvi şəkildə bağlıdır. Moldova parlamenti bu qərarı qəbul çıxarmaqla, prezidentə qarşı cəbhəyə rusqafalıları da  cəlb etmək yolunu tutub. Beləcə Mayya xanım ya qanuna qarşı gedərək Rusiya ilə, ya da laqeyd qalaraq Qərblə üz-üzə qoyulub.


 
Qəbul olunan yeni dil haqqında qanuna görə, rusca - ölkənin beynəlxalq ünsiyyət vasitəsi statusu qazanıb. Qanunda bundan sonra Moldova hökumətinin bütün qərarları iki dildə - moldovan və rus dilində çıxarması, vətəndaşların sorğularına həm də rusca cavab verməsi nəzərdə tutulur. Nəticədə rus dili ölkədə işləklik qazanıb. Avropa İttifaqı tərəfindən sərt şəkildə qınanılan bu qərar Kreml tərəfindən təqdirlə qarşılanıb. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov qərarla bağlı şərhində isə nəinki Moldovada, həmçinin “keçmiş Sovet İttifaqı məkanında bu və ya digər şəkildə rus dilində danışıldığını və bundan sonra da danışılacağını” vurğulayıb. 
 
Mayya Sandu və tərəfdarlarının qarşı çıxdığı digər məsələ parlamentin bu yaxınlarda qəbul etdiyi prezident səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qanuna dəyişikliklərlə bağlıdır. Dəyişikliklərdə ölkənin Milli Təhlükəsizlik Xidmətinə nəzarət prezidentdən alınıb parlamentə verilir. Bu dəyişiklik təklifi artıq parlamentdə ilk oxunuşdan keçmişdir. Məlumata görə, Avropa İtitfaqı bu qanunvericilik aktını da qınayıb. Rusiya isə guya, bunu Moldovanın daxili işi hesab edərək, özgə işinə burun soxmayıb.
 
Avropa İttifaqın xarici siyasət idarəsi hər iki qanun layihələrinin - həm dil, həm də prezident səlahiyyətləri ilə bağlı sənədin, "tələsik və qeyri-şəffaf bir şəkildə" hazırlandığını irəli sürülüb və səsvermənin "bütün lazımi prosedurlara riayət etməyə imkan verməyən şəraitdə keçirildiyini" bildirib.
 


Parlamentin digər mübahisəli qərarı Moldovadakı ABŞ səfirliyinin iqamətgahının yeri ilə bağlıdır. Bu zamanadək səfirlik bunasına Respublika Stadionunun yaxınlığında yer verilsə də, parlament bu məsələyə yenidən baxıb və qərarı ləğv edib.
 
Mayya Sandunun qarşı çıxdığı əsas problemlərdən biri də Moldova hökumətinin qeyri-qənaətbəxş fəaliyyətidir. Yeni prezident hələ seçilməmişdən qabaq Moldova hakimiyyətini korrupsionerlikdə ittiham edir və mütləq dəyişdirilməsinin vacibliyini vurğulayırdı. Onun seçkiqabağı təşviqat platformasında yer alan vədlərindən biri də bu idi və həmin vədlərlə Moldova xalqının səsini alan Sandunun bir müddətdən sonra icraatlara başlamaq məsuliyyəti doğacaq. İnsafən, Mayya xanım da bu istiqamətdə bacardığı addımları atır. Özünün sosial şəbəkələrdə yaydığı bəyanatına görə, artıq ölkənin Baş naziri İon Kikə istefa mesajını göndərib. Facebook statusunda Baş nazirə zəng etdiyini bildirən Mayya Sandunun dediyinə görə, mesaj bu şəkildə olub: “Mən ona dedim ki, ölkənin fərqli bir parlamentə və hökumətə ehtiyacı var. Hökumətin istefası bu hədəfə gedən ən qısa yoldur”.
 
Yeni qanunvericilik aktları isə prezidentin hökuməti və parlamenti istefaya gəndərmək səlahiyyətini məhdudlaşdırılıb. Mayya Sandu da məcburən bunu xalqla meydanda siyasi təzyiq vasitəsilə həyata keçirməlidir. Bugünkü mitinq də Mayya Sandunun meydan mübarizəsinin başlanğıcı olacaq.



 

Baxmayaraq ki, seçki zamanı Sandunun arxasında böyük xalq kütləsi dayanırdı və xanım siyasətçi onların səsini alaraq hakimiyyətə gəlib, onun Rusiyapərəst hökumətə və parlamentə qarşı meydan mübarizəsinin asan olacağını demək çətindir. Bu çətinliyin arxasında 3 önəmli səbəbi durur: soyuqların başlaması, koronavirusun yayılması və Rusiyaya bağlı qüvvələrin törədə biləcəyi təxribatlar. 
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına inansaq, Moldovada koronavirus epidemiyası hazırda getdikcə yüksələn xətt üzrə yayılır. Ötən gün 1728 nəfərin bu virusa yoluxduğu Moldovada indiyədək 115 min 557 yoluxma halı qeydə alınıb. Düzdür, onlardan böyük qismi, hardasa 100 mini artıq sağalıb, amma yenə də günlük yoluxma hallarında artımlar müşahidə olunur. Belə bir vəziyyətdə insanların kütləvi tədbirlərə qatılması yoluxma sayının artmasını sürətləndirəcək və opponentləri ona qarşı təbliğatlarında bu arqumentdən yetərincə faydalanırlar.
 
Moldovada havalar da artıq soyumağa başlayıb. Bu sətirlər qələmə alınan zaman Kişinyovda hava temperaturu sıfırın altında idi: -1°C. Havanın tutqun olması, rütubətliliyin 93%-ə yüksəlməsi və küləkli hava şəraiti ayazın daha sərt hiss edilməsinə yol açır. Bu da azmış kimi, Kişinyovda bu gün günorta saatlarında yağış gözlənilir. Sözsüz ki, həftələr qışa doğru irəlilədikcə, havaların daha da soyuması istisna edilmir və bu da Mayya Sandunun korrupsioner rejimə qarşı mübarizəsini ən azı yaza qədər çətinləşdirə bilər.


 
Sandu qarşısında ən əsas maneələrdən biri də Rusiya amilidir. Sirr deyil ki, ölkənin şərqində yerləşən Dnestryanı vilayət birbaşa rusların nəzarətindədir. 3.5 milyon əhalisi olan Moldovanın bu bölgəsində yarım milyon insan (ümumi əhalinin 14%) yaşayır və onlar Kişinyovdan çox Moskvaya bağlıdırlar. Vilayətin 200 minə yaxın sakini Rusiya pasportu daşıyır və Moskvanın dəstəyi ilə qurulan Dnestryanı ordunun əsgərləridir. Ümumiyyətlə, “Dnestryanı Respublika”nın “ordu dövlət” olduğunu nəzərə alsaq, Mayya xanımın onlarla mübarizəsinin asan keçməyəcəyi ortadadır. Separatçı rejimin rus dilinin dövlət dili kimi ləğvinə etiraz bəhanəsilə hələ 1992-ci ildən bəri ayrılıq bayrağı açdığını və yeni prezidentə “dil haqqında yeni qanunvericilik aktı ləğv olunarsa, yenidən savaş çıxar” mesaji göndərməsi də vəziyyəti tündləşdirir. 
 
Sandu üçün ən qorxunc olanı isə budur ki, eyni istiqamətdə daha ciddi təhlükə Moldovanın mərkəzi dövlət orqanlarından gəlir. Rusiyaya bağlı 5-ci kolon ölkə idarəetmə orqanlarının hər tərəfinə kök salıb. Onlar da bizim “5-ci kolon” kimi xirtdəyədək korrupsiyaya bulaşıb və Mayya xanım da məhz bu “yerli parazit”lərə qarşı üsyan bayrağı qaldırıb. Necə ki, bizdə “yerli parazit”lərə qarşı mübarizə ermənilərin əvvəl Tovuza, sonra isə Qarabağa hücumları ilə  pozuldu və bütün diqqətlər daxildən xaricə yönəldi, Moldovada da eyni ssenarini “Dnestryanı Respublika” təkrarlaya bilər
 
Yeri gəlmişkən, Azərbaycanda bu xarici təhlükə Türkiyənin dəstəyi ilə sovuşsa da, Rusiyanın  Dağlıq Qarabağa "sülhməramlı"larını yerləşdirməsi ilə yarımçıq qaldı. Ardınca gələn zəfər bayramlarında rus bayraqları dalğalandı və bizim “yerli parazitlər” sanki bununla dünyaya “hər şeyə rəğmən, yenə biz ” mesajı verdilər. 


 
Moldova xalqının qarşısında isə daha çətin imtahan dayanır. Onlardakı “5-ci kolon”un separatçı Dnestryanı bölgə hakimiyyəti ilə çuğlaşması daha ağır nəticələr verə bilər. Ən azı ona görə ki, Moldovanın Türkiyəsi Rumıniyadır və bu ölkənin Rusiya ilə qarşı-qarşıya gələ bilməsi hələ ki, real görünmür. Rumıniyanın Türkiyəyə çevrilməsi NATO hərbi donanmalarının Qara dənizə yerləşməsiylə reallaşa bilər ki, alyans bu istiqamətdə bəzi addımlar atmağa çalışır. Amma bu dəstək zəmininin nə vaxt tamamlanacağı isə bəlli deyil.
 
İndiki şəraitdə Mayya Sandunun vəziyyəti daha çox, Belaruslu həmkarı Svetlana Tixanovskayanın (səsvermədə əslində onun qələbə çaldığı seçkidən sonrakı etiraz mitinqlərinə yüzminlərlə insanın qatılması nəticəsində ortaya çıxdı) taleyinə bənzəyir. İkisi arasında yeganə fərq Sandunun qələbəsinin rəsmən tanınması, Tixanovskayaya isə bu haqqın çox görülməsidir. Belarus təcrübəsi sübut edir ki, xanım Sandu hətta xalqın əksər hissəsini meydana çıxarsa belə, Rusiyanın “5-ci kolonu”nu yerindən tərpətmək böyük müşkülə çevriləcək.
 
Heydər Oğuz,
Ovqat.com



Tarix: 6-12-2020, 16:14
Xəbəri paylaş



Xəbər lenti