Kremlin imperiya arzuları: Moskva hegemonluğunu saxlaya biləcək?


Kremlin imperiya arzuları: Moskva hegemonluğunu saxlaya biləcək?

Rusiya sülhməranlılarının Dağlıq Qarabağa yerləşməsindən sonra rəsmi Moskvanın Cənubi Qafqazda geosiyasi mövqeləri bir qədər də möhkəmlənib.
Əgər Rusiya rəhbərliyi Ermənistanda Baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına nail ola bilsə, bu Kremlin bölgədə növbəti qələbəsi ola bilər. Bu isə Rusiyanın post-sovet məkanı ilə bağlı yürütdüyü siyasi kursu möhkəmləndirən növbəti amilə çevriləcək.
Ümumiyyətlə, son 20 ildə, yəni Vladimir Putinin prezident postuna gəlməsindən sonra “yaxın xaric” adlandırdığı qonşu postsovet ölkələrini təsir dairəsinə salmaq Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edib.
Bu məqsədə çatmaq üçün Kreml həmin ölkələrin ərazisindəki separatçı münaqişələrdən təzyiq və işğal vasitəsi kimi istifadə edib. Eyni zamanda Rusiyanın patronajlığı ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlar keçmiş Sovet respublikalarını nəzarətdə saxlamaq vasitəsi kimi istifadə edilib. Hətta Putinin bu siyasəti keçmiş SSRİ-ni bərpa etmək səyləri kimi şərh olunub. SSRİ-ni yenidən qurmaq mümkün olmasa da Rusiyanın Ukrayna və Gürcüstanda işğalçı qüvvələri, Ermənistan, Tacikistan və Qırğızıstanda hərbi bazaları, Moldova və Azərbaycanda sülhməramlı qüvvələri, Qazaxıstanda “Baykonur” Kosmik stansiyası mövcuddur.
Bu isə Kremlə NATO üzvü olan Baltikyanı ölkələr istisna olmaqla postsovet regionunda geosiyasi üstünlüyünü saxlamaq imkanı yaradır. Rusiya mövcud vəziyyətdən istifadə edərək Avrasiya məkanında aparıcı siyasi qüvvə olmağa çalışır. Bunun reallaşması isə yaxın gələcəkdə beynəlxalq münasibətlər sistemində baş verəcək hadisələrdən asılı olacaq.
Politoloq Tofiq Abbasov hesab edir ki, Rusiya ətraf dövlətləri öz siyasəti ilə barışmağa vadar etsə də ətraf bölgələrdə mövqeyinin gücləndiyini demək olmaz. Bu da Rusiyanın siyasi elitasındakı ziddiyyətlərlə bağlıdır:
“Bir çox ölkələr artıq Rusiyadan uzaqlaşmağa qərar verib. Ukrayna Rusiya ilə münasibətlər düşmənçilik həddinə çatıb. Belarusla Rusiyanın münasibətlərində ciddi problemlər yaranıb. Son günlər Moldova Rusiya sülhməramlı qüvvələrini ölkədən çıxartmaq qərarına gəlib. Bütün bunlar Rusiyanın hakim dairələrində ətraf dövlətlərlə bağlı siyasəti həyata keçirməklə bağlı vahid mövqeyin olmamasından irəli gəlir. Yəni orada haçalanma var. Bəzi qüvvələr sərt yanaşmanın tərəfdarıdır və hesab edirlər ki, Rusiya qonşu ölkələrə təzyiqi artırmalıdır. Digər qüvvələr isə yumşaq siyasətə üstünlük verir və bildirirlər ki, bunun xeyri daha çox ola bilər. Əslində, onlar daha düzgün deyirlər. Çünki sərt siyasət həmişə əks-təsirə səbəb olur. Rusiya imperiya siyasətini saxlamaq istəyən qüvvələr qonşu ölkələri Rusiyanın “arxa bağçası”, “mədə altısı” adlandırırlar. Bu aşağılayıcı yanaşmadır və düzgün ifadə deyil. Onlar bunu televiziyalarda, tok-şoularda səsləndirilər, amma anlamırlar ki, bunun təsiri mənfi ola bilər. Axı həmin ölkələr müstəqil dövlətlərdir. Onlar postsovet ölkələrini özlərinə yaxınlaşdırmaq üçün hədə dili ilə deyil, normal əməkdaşlıq dili ilə danışmalıdır. Ancaq Rusiyanın daxilində vəziyyət o qədər yaxşı deyil. Rusiyanın gəliri əsasən neft, qaz və silah-sursat satışından əldə olunur. Yüksək texnologiyalara isə Qərb dövlətləri, Yaponiya, Çin, Cənubi Koreya malikdir. Yəni Rusiyanın istehsal etdiyi məhsul o qədər də keyfiyyətli deyil. Ona görə də ətrafdakı xalqları güc yolu ilə özlərinə bağlamağa çalışırlar. Bu isə nəticə vermir. Rusiya bu prosesdə acizlik göstərirsə, artıq onun öz problemidir. Əgər Rusiya digər xalqlara əməkdaşlıq, qarşılıqlı anlaşma formatı çərçivəsində, yüksək mənfəət, texnoloji irəliləyiş vəd etsə onlar özləri bu yaxınlaşmada maraqlı olar. Bu hələ müşahidə olunmur. Kreml onlara nəzarəti itirib. Hakimiyyətdə qarşıdurma meylləri güclənib. Rusiyada Qərbpərəst, liberal elita var və onlar vətənpərvər qüvvələrlə bir araya gələ bilmir. Onların öz korporativ maraqlarına qulluq etməklə dövlətin dayaqlarını zəiflədirlər”.
Qeyd edək ki, siyasi müşahidəçilər Vladimir Putinin hakimiyyəti müddətində mövcud kursun dəyişəcəyinə şübhə ilə yanaşır. Ekspertlərin fikrincə, diskursun baş verməsi üçün yalnız postPutin dövrünü gözləmək lazım gələcək.
Tofiq Abbasovun sözlərinə görə, Putini əvəz edə biləcək qüvvənin siyasi kursunu bəri başdan müəyyənləşdirmək çətindir:
“Putinin yerinə gələcək komanda mövcud siyasi kursa varisliyi nə qədər təmin edə biləcək? Bu çox mürəkkəb məsələdir və onun həllini tapması zaman tələb edir. Elitalar və qruplar arasasındakı ziddiyətlər dərinləşir. İslahatçılar Kremldə Qərbyönümlü xətti gücləndirirlər. Onlar hesab edir ki, Rusiya Qərbə yaxınlaşsa, daha böyük mənfəət əldə edəcək”.
Tarix: 3-12-2020, 12:06
Xəbəri paylaş



Xəbər lenti