Avropa Komissiyası bu qış Avropa İttifaqı ölkələrinin koronavirusa qarşı mübarizə strategiyasını açıqlayıb.
“Report” xəbər verir ki, insanların qapalı məkanlarda daha çox toplaşdığı qış fəsli ərzində təhlükəsizlik və səmərəli peyvənd tətbiq olunanadək ayıq-sayıq və ehtiyatlı davranmaq tövsiyə olunur. Sonrakı dövrdə isə məhdudiyyətlərin tədricən, əlaqəli şəkildə ləğvinə dair müvafiq göstərişlərin veriləcəyi bildirilir.
Hazırkı mərhələdə isə ara məsafə saxlamaq, sosial təmasları azaltmaq, test keçirmək, səyahətlərin təhlükəsizliyi üçün tədbirlər görmək, pandemiyadan bezmiş əhalinin psixi sağlamlığını qorumaq kimi nəzarət tədbirləri tövsiyə olunur.
Koronavirus pandemiyası dövründə dünyada 64 milyondan çox insan yoluxub, bunların 1,5 milyona yaxını dünyasını dəyişib, 44 milyondan çoxu da sağalıb.
Tarix: 2-12-2020, 21:32