“ERMƏNİLƏR HƏR CÜR ALÇALMANI HƏZM EDİR” - Sarqsyanın kürəkəni erməniləri təhqir etdi



“Erməni xalqı dünya qarşısında biabır oldu... Ermənistanda daha alçaldıcı və qeyri-adi təzahür müşahidə olunur...”
Qarabağ müharibəsindəki acı məğlubiyyət digər nəticələrlə yanaşı, erməni cəmiyyətinin, onun siyasi elitasının əsl sifətinin açılmasına da səbəb oldu. Artıq erməni siyasətçilər, diplomatlar, ictimai fəallar və s. təkcə bir-birilərini deyil, erməni xalqını da təhqir etməyə başlayıblar.
“AzPolitika.info” xəbər verir ki, Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Serj Sarqsyanın kürəkəni, ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyan özünün “feysbuk” səhifəsində paylaşdığı son yazıda təkcə Paşinyan hökumətini deyil, bütünlükdə erməni xalqını sözün əsl mənasında təhqir edib.
Erməni mətbuatında böyük əks-səda doğuran həmin yazıda Minasyan ermənilərin xalq olaraq alçaldığını, lakin onların bundan qətiyyən narahat olmadıqlarını yazıb: “Dünya başa düşdü ki, ermənini döymək, öldürmək, vətənindən məhrum etmək olar. Və o, tezliklə hər şeyi unudub, heç nə olmamış kimi yaşamaqda davam edəcək... Bütün dünya izləyirdi ki, erməni xalqı nə edəcək, ən böyük məğlubiyyətini necə qəbul edəcək? Bəs, nə gördü? Heç nə. O, hər cür alçalmanı həzm edən və yolunu azmış cəmiyyət gördü. Erməni xalqı dünya qarşısında biabır oldu. Özü də məğlubiyyətə görə yox, bu məğlubiyyətə kollektiv reaksiyasına görə. Daha doğrusu, bu reaksiyanın olmamasına görə. “
Minasyan deyib ki, döyüşlərdə minlərlə erməninin ölməsi, həmin şəxslərin yaxınlarından başqa heç kimi maraqlandırmır və kədərləndirmir: “Bu gün Ermənistanda daha alçaldıcı və qeyri-adi təzahür müşahidə olunur – ölənlərin qohumlarından başqa heç kim kədərlənmir, milli matəm yoxdur. Hətta matəm günü də elan edilmədi... Minlərlə qəhrəman ölüb, yüzlərləəsgər əsir və itkin düşüb, minlərlə oğlan şikəst olub... Bu, sadəcə fəlakət yox, kosmik miqyasda fəlakətdir. Məlumdur ki, Nikol qəsdən matəm elan etmir. Çünki onun üçün bu, faciə deyil. Və o, bunun üçün ictimai tələbat yoxdursa, niyə matəm elan etməlidir ki? Nikol kədərlənmir, bəs biz niyə kədərlənmirik? Bizə bunu deməlidirlər? Nikol sonuncu erməni əclafıdır, o, istəyir ki, hər şey tezliklə unudulsun. Bəs ölkə? Ölkədə “qara cümə” endirim marafonu gedir, restoranlar, mağazalar işləyir, mallar və xidmətlər reklam olunur...”
Ermənistanın sabiq səfiri sonda bütün erməniləri arsızlıqda ittiham edərək, onların Paşinyandan fərqlənmədiklərini bildirib: “Nikol bu faciəni dərk edə bilməz. Doğrudanmı ölkədə hamı Nikoldur? Bizim heç bir xilas şansımız yoxdur, çünki biz kədərlənmirik. Kədərlənmirik, ona görə ki, reallığı anlamırıq, ondan qaçırıq... Matəmi Nazirlər Kabineti, prezident, parlament elan etməlidir. Lakin bu institutlar mövcud deyil, dövlət yoxdur. Deməli, bunu heç olmasa xalq özü etməlidir... Bütün Ermənistan üç gün, bir həftə, yaxud bir ay qara lent taxmalıdır. Aydındır ki, bu, sizə lazım deyil. Çünki bu, hər kəsin məsuliyyəti demək olardı...”
Tarix: 1-12-2020, 15:34
Xəbəri paylaş



Xəbər lenti