Putinin bir sözü Paşinyanın rəqiblərini “həvəsləndirib” – absurd və utopiya

İrəvan qondarma rejimin “müstəqilliyi”ni tanısaydı, Rusiya müharibəyə qarışacaqdı?..

Ermənilər elə bir kataklizmə tuş gəliblər ki, indi də “saman çöpü”ndən yapışmağa başlayıblar. Daha dəqiq desək, Rusiya Prezidenti Vladimir Putinin sözlərindən “həvəsləniblər”.
“Yeni Müsavat” xatırladır ki, Putin Rusiyanın müharibəyə müdaxilə etməməsinin səbəblərindən danışarkən Ermənistanın belə, “artsax”ı tanımadığını bildirmişdi. Kreml başçısının sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyini Ermənistanın özü belə tanımadığı üçün Dağlıq Qarabağ və ətrafındakı 7 rayon beynəlxalq hüquqa əsasən Azərbaycanın ayrılmaz tərkib hissəsi idi və indi də elədir.
İndi Ermənistanın baş naziri Nikol Paşinyanın opponentləri onu  günahlandırırlar ki, müharibə başlayan kimi Dağlıq Qarabağdakı oyuncaq qurumun “müstəqilliyi”ni tanımalıydı. Ermənilərə elə gəlir ki, Ermənistan özü qondarma respublikanı tanısaydı, Moskvanın mövqeyi fərqli ola bilərdi.
Ancaq bu, özünü aldatmaqdan başqa bir şey deyil. Çünki beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT-nin 4 qətnaməsi var idi və Rusiya bundan kənara çıxa bilməzdi.  
Sürət Hüseynovu qoymurlar rahat yaşasın, deyirlər ki..." - Qulamhüseyn  Əlibəyli
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, oyuncaq qurumun “müstəqilliyi”ni tanımaq Ermənistan üçün vacib olmayıb. Onun fikrincə, rəsmi İrəvan onsuz da Dağlıq Qarabağı öz ərazisi hesab edib. Partiya sədri hesab edir ki, Ermənistan qondarma qurumu tanısaydı belə, hər hansı hüquqi nəticəsi olmayacaqdı: “Çünki faktiki işğal edilmiş ərazilərimizdə xunta rejimi qurulmuşdu. Bunu tanımaq beynəlxalq hüquqa və ölkələrin daxili qanunlarına zidd qərar olardı. Elə Fransa Senatının qondarma respublikanı tanımaq barədə qətnaməsi də heç bir hüquqi əhəmiyyəti olmayan qərardır. Ona görə Ermənistan “Artsax”ın müstəqilliyini elan etsəydi, Rusiya yenə də qanunları kobud şəkildə pozmayacaqdı”, - deyə Q.Əlibəyli qeyd etdi. 
Onun sözlərinə görə, Fransa Senatı özünü gülünc vəziyyətə salıb: “Xatırlayırsınızsa, Fransa inzibati məhkəməsi ölkənin Arnuvill şəhəri ilə Xocavənd arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Bu özü göstərir ki, Fransada senatorların daxili qanunlardan, məhkəmənin qərarından və ölkənin beynəlxalq mövqeyindən xəbəri yoxdur. Odur ki, Fransa və ya hər hansı təşkilatın qondarma rejimin “müstəqilliyini” tanımasının mənası yoxdur. O cümlədən Ermənistan da tanısaydı, yenə Rusiya müharibəyə müdaxilə etməyəcəkdi”.
Siyasi ekspert Ramiyə Məmmədova Paşinyanın rəqibləri onu ittiham etməyə arqumentlər axtarırlar. Politoloq hesab edir ki, Rusiya münaqişənin həllində öz mövqeyini bildirib və müharibəyə qədər Ermənistan qondarma qurumun “müstəqilliyini” tanısaydı belə, həmsədr ölkənin prezidenti Putin beynəlxalq hüquq prizmasından kənara çıxmazdı.  
Türkiyənin Azərbaycana verdiyi dəstək Rusiyaya ismarıc oldu" - RAMİYƏ  MƏMMƏDOVA - Hürriyyət
Siyasi şərhçi “Artsax” adlı xəyali və qanunsuz rejimin heç vaxt müzakirə predmeti olmayacağını düşünür: “Paşinyan çalışırdı ki, danışıqlar prosesində Araik Aryutunyan da iştirak etsin, qondarma respublika ayrıca tərəf kimi qoşulsun. Amma buna nə Azərbaycan razılıq verdi, nə də Minsk Qrupunun həmsədr ölkələri belə təşəbbüslə çıxış etdilər. Artıq bu məsələlər bir keçmişdir, nə Minsk Qrupu var, nə qondarma rejimin tanınmasının perspektivi görünür. Ermənilər özləri üçün nağıllar uydurub fantaziya dünyasında yaşamağa davam eləsinlər”.
Politoloqun qənaətincə, bundan sonra ayrı-ayrı Qərb təsisatlarının, senatorlarun, parlamentarilərin qondarma rejimi tanımaqla bağlı təkliflərinə hazır olmalıyıq: “Avropada separatizmi dəstəkləyənlər var. Eyni zamanda, ABŞ-da bəzi ermənipərəst konqresmenlərin belə iddialarla irəli çıxacağını hesablamalıyıq. Müharibə bitsə də, onun siyasi nəticələri yekunlaşmayıb. Biz hər cür fitnə-fəsada, qərəzli bəyanatlara hazırlıqlı olmalıyıq. Heç bir siyasi qüvvənin təzyiqi ilə bizi əvvələ qaytarmaq mümkün deyil. Azərbaycan Ordusu BMT-nin 4 qətnaməsini özü icra edib və beynəlxalq qanun bizim yanımızdadır”.
Emil SALAMOĞLU
Tarix: 28-11-2020, 09:56
Xəbəri paylaş



Xəbər lenti