Ermənistanda Qarabağ müharibəsindəki acı məğlubiyyətə görə hökumətdən hesab sorulması prosesi davam edir.“AzPolitika.info” xəbər verir ki, Ermənistandakı tanınmış siyasi fəallardan biri, hüquq müdafiəçisi Avetik İşxanyan Rusiya istehsalı olan yeni “SU-30M”hərbi təyyarələrinin heç nəyə yaramadığını bildirib. Özü də bu ittihamla təkcə sözügedən hüquq müdafiəçisi deyil, bir çox siyasətçilər və hərbçilər də çıxış ediblər.
Belə ki, erməni tərəfi ötən il Rusiyadan alınan və baş nazir Nikol Paşinyan, həmçinin müdafiə naziri David Tonoyan tərəfindən bəh-bəhlə reklam olunan bu təyyarələrdən Qarabağ müharibəsində istifadə edə bilməyib.A.İşaxanyan bildirib ki, həmin təyyarələr Paşinyanın selfi çəkdirməsindən başqa heç nəyə yaramayıb. Baş nazirə və sabiq müdafiə nazirinə müraciət edən İşaxanyan soruşub:
“Bu təyyarələr Rusiya Federasiyasından rəsmi zavod qiymətinə alınıbmı? Əgər alınıbsa, Rusiyanın həmin təyyarələrə aid raketləri verməməsi nə ilə izah oluna bilər?”İşaxanyan iddia edib ki, sözügedən təyyarələrin alınması korrupsiya əməliyyatından başqa bir şey olmayıb. O, xatırladıb ki, bu təyyarələr mütəmadi olaraq uçuşlar həyata keçirmədikdə, sadəcə metal tullantısına dönəcəklər:
“Belə çıxır ki, bizim “SU-30M” təyyarələri timsalında 130 milyon dollarlıq metal tullantımız var.”Xatırladaq ki, 2019-cu ildə Ermənistan Rusiyaya 12 ədəd “SU-30M” qırıcı-bombardmançı təyyarələri sifariş etdiyini bəyan etmişdi. Onların bir qisminin artıq işğalçı ölkəyə gətirildiyi məlum olmuşdu, Paşinyansa həmin təyyarələrdə “poz verərək” fotolar çəkdirmişdi.
Lakin İkinci Qarabağ Müharibəsinin gedişində məlum oldu ki, ermənilər həmin təyyarələrdən istifadə edə bilməyəcəklər. Bu, onunla izah edildi ki, Rusiya təyyarələri versə də, nə onları tam idarə edə biləcək mütəxəssis, nə də həmin təyyarələrə quraşdırılacaq raketlər var. İndi isə müharibəni biabırçı şəkildə uduzan ermənilər müxtəlif bəhanələr gətirməyə çalışırlar ki, bunlardan biri də hərbi əməliyyatların gedişində sözügedən təyyarələrdən istifadə olunmamasıdır.
Ancaq hər kəsə, elə ermənilərin özlərinə də məlumdur ki, bunlar bəhanədən başqa bir şey deyil və istənilən halda, işğalçılar “SU-30M”-dən yox, lap az qala sualtı qayıqlardan da istifadə etsəydilər, Azərbaycan Ordusu onları Qarabağdan qovacaqdı.
Tarix: 23-11-2020, 20:55