Baydenin hakimiyyətə gəlişi Yaxın Şərqə sülh gətirəcəkmi?



46-cı ABŞ prezidenti Trampın “izlərini” təmizləyə biləcəkmi?

ABŞ-da prezident seçkilərinin nəticələri ilə bağlı mübahisələr davam etsə də, prezident Donald Trampın etirazlarının nəticə verməyəcəyi artıq dəqiqləşir. Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi, yanvarda səlahiyyətlərinin icrasına başlamağa hazırlaşır.

Medianın yazdığına görə, noyabrın 24-də Bayden hökumət komandasının ilk üzvlərini açıqlayacaq. Yeni prezidentin ilk açıqlayacağı komanda üzvü isə dövlət katibi postuna namizəd Entoni Blinken olacaq. Hillari Klintonun dövlət katibi olduğu zaman onun müavini olmuş Blinken Baydenin xarici siyasət üzrə müşaviri olub.

ABŞ xarici siyasətini həyata keçirən dövlət katibi postunun kimin tutması bütün dünyanı maraqlandırır. BBC-nin “New York Times” qəzetinə istinadən verdiyi xəbərə görə, yeni dövlət katibinin ilk işi ABŞ-ın etibarlı müttəfiq olduğu imicini bərpa etməkdir. Bu mövzuda isə ilk olaraq Paris İqlim müqaviləsi və İranla nüvə sazişi yada düşür.

Yeri gəlmişkən. Blinken prezident Barak Obamanın hakimiyyəti dövründə dövlət katibinin müavini kimi yaxın Şərq siyasəti ilə məşğul olub. Lakin maraqlıdır ki, Bayden haqqında geniş yayılmış fikrin əksinə olaraq Blinken Çinlə rəqabətin davam etdirilməsi tərəfdarıdır. Halbuki Baydenin Çinlə müttəfiq olacağı deyilir.

Cozef Bayden isə hələ seçkilər dövründə ABŞ-a olan etimadı bərpa etməkdən danışıb. ABŞ-ın 46-cı prezidenti İranla nüvə anlaşmasına yenidən baxacaq. Lakin indi bu o qədər də asan görünmür.

Çünki, birincisi, son 4 ildə ABŞ-a rəhbərlik etmiş Donald Tramp sərt anti-İran kursu götürüb, 2018-ci ildə İranla “altılıq” ölkələri arasında imzalanmış nüvə sazişindən çıxıb və Tehrana qarşı sərt embarqolar tətbiq edib. Ən son olaraq, bir neçə gün əvvəl daha bir neçə iranlı iş adamı və şirkətə qarşı embarqo tətbiq olunub. Üstəlik, Tramp faktiki olaraq ABŞ-ı İranla müharibənin eşiyinə gətirib, İran İnqilab Keşikçiləri Korpusunu “terrorçu” elan edib, İran ordusunun generalı Qasim Süleymaninin qətlə yetirilməsini əmr edib. Nəticədə, İran və ABŞ faktiki olaraq müharibə vəziyyətinə düşüb.
https://strateq.az/wp-content/uploads/2020/08/middle-east.jpg

Lakin Trampın maksimum təzyiq siyasəti nəticə vermədi. Nə İran embarqolara boyun əymədi, nə də ABŞ rəhbərliyinin dediyi kimi, Tehranda hakimiyyət dəyişikliyi baş vermədi. Əvəzində ABŞ-ın nüvə sazişindən çıxmasına cavab olaraq Tehran zənginləşdirilmiş nüvə ehtiyatlarının həcmini artırmağa başladı və hələlik silah hazırlamaq həddində olmasa da, aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatını 12 dəfə artırdı.

İndi isə gedərayaq Tramp İrana qarşı sərt addımlarını davam etdirməklə Tehran və Vaşinqton arasında körpülərin bərpasına əl yeri qoymamağa çalışır. Trampın İrana qarşı ən uğurlu siyasi addımı isə ərəb ölkələri ilə İsraili barışdırması oldu. Artıq BƏƏ və Bəhreyn İsraillə normallaşdırma müqaviləsi imzalayıb. Yaxın günlərdə Sudanın da bu müqaviləyə qoşulması gözlənilir.
Trump's fait accompli for Biden on Iran | ORF

Yeri gəlmişkən, ötən gün ABŞ dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanına səfər edib. Krallığın vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanla görüşən Pompeonun Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyi deyilir. Daha bir maraqlı iddia ondan ibarətdir ki, Pompeo-Bin Salman görüşündə İsrail baş naziri Benyamin Netanyahu da iştirak edib. İsrail tərəfi rəsmi açıqlama verməsə də, media orqanları İsrail baş nazirinin kəşfiyyatın rəhbəri ilə birlikdə gizli şəkildə Səudiyyə Ərəbistanına səfər etdiyi və Pompeo ilə bin Salman arasındakı görüşə qatıldığını yazır. Məhz Trampın zamanında ərəb ölkələri. Xüsusən də körfəz ölkələrinin İrana qarşı qeyri-rəsmi koalisiyası yaradıldı və İsraillə ərəb ölkələri arasında münasibətlər istiləşdi.


Bu isə həm də o deməkdir ki, yeni ABŞ prezidenti hər nə qədər Trampın “mirasından” imtina etsə də, bəzi məsələlərdə, xüsusən də İsrail mövzusunda sərt dönüş edə bilməyəcək. Hər nə qədər demokratlar körfəzin ərəb monarxiyalarına qarşı daha sərt mövqedə dayansalar da, Trampın yaratdığı yeni situasiyanı dəyişmək elə də asan olmayacaq.
Trump and Biden on Iran: more continuity than change - Counterfire

Baydenin İranla barışıq siyasətinin qarşısında daha iki mühüm əngəl isə İranın Yaxın Şərq, xüsusən də Suriya siyasəti və daxili siyasi vəziyyət olacaq. Məsələ ondadır ki, Baydenin özü və komandası, o cümlədən xarici siyasət müşaviri Suriyada rejim dəyişikliyi tərəfdarıdır. Bu məsələdə əlbəttə, İran və Vaşinqton arasında fikir ayrılığı davam edəcək. Həmçinin demokratların Yaxın Şərqdə təsir gücünü qoruyub saxlamaqda Trampdan daha çox istəkli olduqları, ümumiyyətlə, daha aktiv müdaxiləçi siyasətin tərəfdarı olduqları məlumdur. Yəni istənilən halda ABŞ-İran toqquşması Yaxın Şərqdə davam edəcək.

İkinci mühüm məqam isə İranın daxili siyasi vəziyyəti olacaq. Aydın məsələdir ki, Tehranın da barışıq tələbləri qarşısında Vaşinqtondan istəkləri olacaq. Bayden hökuməti münasibətləri 2015-ci il vəziyyətinə qaytarmaq üçün. Yəni başqa sözlə, Trampın sanksiyalarını ləğv etmək üçün uzun bir dövrə ehtiyacı olacaq. İranda ABŞ embarqoları sayəsində iqtisadiyyat ağır zərbə alıb, böyük inflyasiya qeydə alınıb. Bu vəziyyətdən yaxın zamanda çıxmaq mümkün deyil.
Biden'ın seçilmesi Yemen'i etkileyecek mi?

Digər tərəfdən gələn ilin yayında İranda prezident seçkiləridir. Son illərdə Həsən Ruhaninin “islahatçı” hökumətinin ardıcıl uğursuzluqları, o cümlədən, nüvə anlaşmasının ləğv olunması “islahat” qanadına ciddi zərbə olub. Bunun nəticəsində bu ilin fevralında keçirilən parlament seçkilərində “islahatçılar” ağır məğlubiyyətə düçar olublar. Əgər bu məğlubiyyət gələn ilin iyununda keçiriləcək prezident seçkilərində təkrarlansa – hazırda bu ehtimal çox yüksək qisymətləndirilir – o zaman yeni “mühafizəkar” prezidentin ABŞ-la rahat dil tapacağı sual altındadır.

Çünki “mühafizəkar” komanda ABŞ-dan daha çox güzəşt tələb edəcək. Baydenin isə yuxarıda da qeyd etdiyim kimi, bu mövzuda əl-qolu o qədər də açıq olmayacaq.
Syria war: US deploys reinforcements to Syria after Russia clashes - BBC  News

Doğrudur, bəzi analitiklərə görə, Baydenin səlahiyyətlərinin icrasına başladığı yanvarın 20-dən etibarən sürətli hərəkət edərsə müəyyən irəliləyişlərə nail ola bilər. Yəni tez bir zamanda hansısa ciddi yumşalmaya gedə bilər. Çünki hər kəsə aydındır ki, 2015-ci ildə imzalanmış müqavilənin yenidən bərpa olunması çox çətin olacaq. İranla yeni nüvə sazişinə ehtiyac var. Bu isə zaman alacaq. Üstəlik, ABŞ-ın region müttəfiqləri olan İsrail və ərəb monarxiyaları İranla sürətli barışıqdan heç də xoşhal olmayacaq.

Lakin bir şey məlumdur ki, Bayden də sələfi Obama kimi Yaxın Şərqdə çoxvektorlu siyasət aparacaq. Yəni bir masada ərəblər, İsrail, başqa masada isə İranla danışıqlar, yaxınlaşma siyasəti yürüdüləcək. Bu isə Baydenin elan etdiyi kimi, ABŞ-ın etibarının bərpa olunması və Tramp kimi cəbhələşmə deyil, dünya lideri rolunu oynamaq üçün daha uyğundur.

Kənan Rövşənoğlu
Tarix: 23-11-2020, 20:45
Xəbəri paylaş



Xəbər lenti