Şərqdəkilər Qərbə doğru addımlayır, amma Qərb həmin Qərbdirmi?!


Şərqdəkilər Qərbə doğru addımlayır, amma Qərb həmin Qərbdirmi?!
Qabil hüseynli: “Rusiyanın təsir dairəsində olan ölkələr Moldovadan örnək götürə bilər”
 
Noyabrın 15-də Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, sabiq Baş nazir Maya Sandu qalib gəldi. Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) Sandunun 52,08 faiz, hazırkı Prezident İqor Dodonun isə 47,92 faiz səs topladığını açıqladı.
 
Qeyd edək ki, xanım Sandu qərbyönümlü siyasətçi kimi tanınır. O, nəticələr açıqlanandan sonra xalqa ilk müraciətində bildirdi ki, Moldovada demokratiya qalib gəldi. Sandu ölkəsini Qərb dəyərlərinə uyğun idarə edəcəyini, separatçı Dnestryanı probleminin həllinə çalışacağını söylədi.
 
Məlumdur ki, əvvəlki Prezident İ.Dodon Rusiyaya meylli siyasət yürüdən rəhbər kimi tanınırdı. Ekspertlər bildirirlər ki, Sandunun qalib gəlməsi Rusiyanın Moldovada təsir dairəsinin zəiflədiyini göstərir. Ümumiyyətlə, postsovet məkanına daxil olan Şərqi Avropa ölkələrində Kremlin nüfuzunun itdiyi, bu təsirlərin azalmasının Cənubi Qafqaz regionuna da təsirlərinin olacağı proqnozlaşdırılır.
Qabil Hüseynli: “Siyasi Büronun bütün məxfi stenoqramlarını oxuyurdum” -  BRİFİNQ
Moldovada hakimiyyət dəyişikliyi, Rusiyanın Şərqi Avropa regionunda təsirlərinin azalması məsələsini AYNA-ya şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, M.Sandu hakimiyyətə xalqın istəyi ilə gəldi: “Moldova xalqı Dodonu yox, məhz Sandunu ona görə seçdi ki, Dodon Prezident seçilən günlərdə verdiyi vədləri yerinə yetirə bilmədi. Dodon demişdi ki, Moldovanın ərazi bütövlüyünü bərpa edəcək, Dnestryanı bölgəni ölkənin tərkibinə qaytaracaq. Amma bunu həyata keçirə bilmədi”.
 
“Prezident seçilən xanım Sandu cəmiyyətdə tanınmış şəxsdir, Qərb dəyərlərinə meyli ilə fərqlənir. Xüsusən də, Moldova ilə Rumıniyanın birləşdirilməsi ideyasını müdafiə edir. Düşünürəm ki, bundan sonra Moldovada ciddi proseslər gedəcək. Rusiyadan uzaqlaşma meylləri başlayacaq. Həmçinin, Dnestryanı münaqişəsinin həllinin gündəmə gətirilməsi prosesi sürətlənəcək. Beləliklə, postsovet məkanının bu bölgəsində siyasi aktivlik artacaq”, - həmsöhbətimiz bildirib.
 
Q.Hüseynli hesab edir ki, indidən Moldovanın Rusiyadan uzaqlaşacağı proqnozunu vermək çətindir: “Rusiya Prezidenti Sandunu ilk təbrik edənlərdən oldu. Güman ki, Moldovanın yeni hökuməti ilə Moskva danışıqlar aparacaq, müəyyən müzakirələr gedəcək. Güman etmirəm ki, tezliklə Moldova Rusiyanın təsir dairəsindən çıxacaq. Əlbəttə, Sandu Qərbə meylli siyasət aparacaq, liberal dəyərlərə uyğun idarəçilik həyata keçirəcək. Amma Rusiya amilini gözardı edə bilməz. Əgər Moldova tamamilə Rusiyanın təsir dairəsindən uzaqlaşarsa, bu, ümumilikdə postsovet məkanına təsir göstərəcək. Xüsusən də, Cənubi Qafqazın geopolitikasında dəyişiklik olacaq. O mənada ki, hələ də Rusiyanın təsir dairəsində olan ölkələr Moldovadan örnək götürə bilər. Amma bu proses kifayət qədər ağrılı keçə bilər”.
 
“Moldovanın Qərbə meyllənməsinə gəldikdə, guya, Qərb proseslərdə düzgün mövqe tutur ki? Məsələn, bu gün Fransa Azərbaycanın haqlı mübarizəsinə düzgün yanaşma göstərir ki? Rusiya ilə müqayisə etsək, bu gün Rusiyanın mövqeyi Fransadan daha yaxşıdır. Yaxud da, ABŞ insan haqlarına hörmət edir? Necə hörmət edir ki, 30 ildir məcburi köçkün həyatı yaşayan azərbaycanlılarla bağlı ədalətli mövqe nümayiş etdirmir? Məsələ burasındadır ki, bu gün Qərbdə də liberal dəyərlərin ciddi böhranı yaşanır. Avropada millətçilik ciddi şəkildə baş qaldırıb, sağ təmayüllü qüvvələr meydan sulayır. Bu halları nəzərdən yayındırmaq olmaz. Ona görə də, Moldovanın sabah birdəfəlik postsovet məkanından siyasi olaraq ayrılacağını demək mümkün deyil. Eyni zamanda, unutmaq olmaz ki, bu ölkənin Dnestryanı münaqişəsi kimi taleyüklü problemi həll olunmamış qalmaqdadır”, - deyə sabiq dövlət müşaviri vurğulayıb.  
Tarix: 21-11-2020, 16:11
Xəbəri paylaş



Xəbər lenti