Həsən Cəfəri“Iranwire”, 20.11.2020 İranda prezident seçkilərinə 7 ay qalıb. Son 3 ildə baş verən hadisələr, mövcud iqtisadi böhran və yerinə yetirilməmiş vədlərə görə seçicilərin yüksək iştirakı gözlənilmir. Bununla belə, mühafizəkarlar arasında seçki müzakirələri davam edir və hər gün mövzu ilə bağlı xəbərlər və müsahibələr yayımlanır. Mümkün namizədlər ya İnqilab Keşikçilərinin içindən, ya da İnqilab Keşikçilərinin dəstəklədiyi şəxs ola bilər. Bununla birlikdə, “Sepah”ın bir komandanı İnqilab Keşikçilərindən kiminsə prezident olmasından qorxmadığını söyləyir.2021-ci ildə keçiriləcək seçki ilə bağlı son şərhində İİKK baş komandanının müşaviri
İsmayıl Kövsəri öz sıralarından bir nəfərin prezidentliyi fikrini müdafiə edib və “Khabar Online”-a bildirib:
“40 ildə iqtidarda olan siyasətçilər nə ediblər?”Kövsəri inqilab keşikçiləri deyil, hərbiçilərin seçkidə iştirakının vacibliyini vurğulayanları da tənqid edib: “Bilmirəm, niyə bəzi insanlar psixoloji müharibəyə başlayıb? Onlar inqilab keşikçilərini nəzərdə tutur…”
İsmayıl Kövsəri istər hərbi məsələlərdə, istərsə də iqtisadiyyatda “Sepah”ın fəaliyyətini ciddi şəkildə müdafiə edib və hətta deyib ki, “bəzi “Sepah” üzvləri özünü siyasətçi hesab edən fərdlərdən daha savadlıdırlar”.
Qanunun tələbiHərbçilərin siyasətə girişini qadağan etmək bütün mədəni ölkələrdə qəbul edilmiş bir prinsipdir. Siyasi hakimiyyət yalnız hərbi vəziyyət rejimində olan ölkələrdə ordunun əlindədir.İslam Respublikasında da Ruhullah Xomeyninin açıq şəkildə qadağan etdiyi bu məsələ qanunvericilikdə daha ciddi şəkildə əks olunub.
Xomeyni dəfələrlə hərbiçilərin bu sahəyə girişini
“fəsad” adlandırıb və vəsiyyətnaməsində vurğulayıb:
“Silahlı qüvvələrin, istər ordu, istər hüquq-mühafizə orqanı, istər İİKK, istər də “Bəsic”in hər hansı bir partiya və ya qrupla əlaqəsi olmamalı və onlar siyasi fəaliyyətdən kənarda qalmalıdırlar”.İran Silahlı Qüvvələri ilə əlaqəli qanunvericilikdə siyasi və seçki arenalarında qadağanı açıq şəkildə vurğulayan bir neçə müddəa var. Bu qadağa Silahlı Qüvvələrin Cinayət Məcəlləsinin 40-cı maddəsində, İnqilab Keşikçilərinin Statusunun 47-ci maddəsində, İİKK-yə İşə Qəbul Qanununun 16-cı maddəsində, Ordu Qanununun 29-cu maddəsində və hüquq-mühafizə orqanlarının İşə qəbul Qanununun 16-cı maddəsində qeyd edilib.
Bu müddəalar İnqilab Keşikçilərinin siyasətə müdaxilələrini daha gizli və nadir hala gətirib. Ancaq bu hallar 1990-cı illərin ortalarında daha aydın şəkil alıb. Ən əhəmiyyətlilərindən biri də İnqilab Keşikçiləri komandirlərinin o vaxtkı prezident Məhəmməd Xatəmiyə yazdığı məktub idi.
Bununla belə, “Sepah”ın iqtisadi fəaliyyətinin genişlənməsi ilə bu qüvvənin siyasətə girişi tədricən haqlı hala gəlib və tabu aradan qalxıb. İİKK komandirləri son illərdə qanunu istədikləri kimi oxumağa başlayıb və özlərinə haqq qazandıraraq, qanunvericilikdəki qadağaların müharibə vəziyyətinə aid olduğunu vurğulayıblar.
Uzun illər İİKK-nin yüksək səviyyəli komandirlərindən biri olan İsmayıl Kövsəri 8 və 9-cu çağırış parlamentlərdə nümayəndə olub, ancaq 10-cu çağırış seçkilərində uduzduqda, yenidən hərbi uniformasını geyinib və “Sarullah”ın rəhbərliyini öhdəsinə alıb.
“Khabar Online”-a verdiyi müsahibədə Kövsəri prezidentliyə namizəd olmaq istəyən hərbiçinin istefa verməli və ya təqaüdə getməli olduğunu söyləyib:
“Bu vəziyyətdə problem yoxdur”. İnqilab Keşikçiləri “Pastor”u fəth etməyə hazırlaşır?İİKK üçün prezidentliyin cəlbediciliyi məsələsi, bir zamanlar məhdud olsa da, indi saysız-hesabsız dəlillərlə yeni bir mərhələyə qədəm qoyub.
“Sepah” uzun müddətdir ki, İranın ümumi rəhbərliyini ələ keçirməyə çalışır. Xüsusilə qanunverici hakimiyyəti ələ aldıqdan sonra.İnqilab Keşikçiləri komandirlərinin qanunverici hakimiyyətdə iştirakı 9 və 10-cu çağırış İslami Şura Məclisində artıb, lakin indiki parlamentdə (11-ci çağırış) bu, ən şəffaf dövr olub. Hazırda parlamentin sədri (əlbəttə, əvvəlki iki dövrdə olduğu kimi) keçmiş İnqilab Keşikçiləri komandiridir və parlament rəhbərliyinin təxminən üçdə ikisi İİKK və “Bəsic” komandirlərindən ibarətdir.
Buna görə də, İnqilab Keşikçilərinin bu dövrdə icra hakimiyyətini qazanma şansının çox olduğunu söylənməsi məntiqsiz deyil.
Əvvəllər hərbiçilərin siyasətdəki varlığı tabu idi və müdaxilələr gizli idisə, indi bir sıra İİKK komandirləri və ya onlara yaxın şəxslər mövcud problemləri həll etməyin yeganə yolunun ölkənin yüyənini orduya təhvil vermək olduğunu söyləyirlər.Təxminən 2 ay əvvəl İİKK-çi Möhsen Rəfiqdust “Khabar online” saytına bildirib:
“İndi 1 dollar 26 min tüməndir. Bəlkə də, bir hərbçi hakimiyyətə gəlsə və güc vasitəsilə vəziyyəti nəzarətə alsa, insanlar bu vəziyyətdən qurtara bilər”. Siyahıdakı adlarKeçmiş İnqilab Keşikçiləri komandiri və Radio-Televiziya Qurumunun sabiq müdiri İzzətullah Zərqami bu yaxınlarda
“bir mikroavtobus dolu adam”ın “Pastor”a (
Prezident iqamətgahına verilən qısa ad, Tehranın eyniadlı xiyabanında yerləşdiyindən bu cür adlandırılır –
tərc.) girmək üçün yarış intizarında olduğunu bildirib.
Onun özü də bu mikroavtobusdakı adamlardan biridir.
Başqa namizədlər də var:
Məhəmməd Baqir Qalibaf, Əli Laricani, Möhsen Rezai, Pərviz Fəttah, Mehrdad Bəzarpaş, Səid Məhəmməd və Hüseyn Dehqan.Son 2 nəfər hələ də hərbi vəzifələr tutur: onlardan biri “Xatəmül-Ənbiya” bazasına rəhbərlik edir, digəri İslam Respublikası Rəhbərinin hərbi müşaviridir.
Digər mümkün namizədlərdən bəzilərinin İnqilab Keşikçiləri ilə yaxın əlaqələri var və hətta İnqilab Keşikçilərinin əsas namizədi ola bilərlər. Bu şəxslər Səid Cəlili, Məhəmməd Moxber, Məhəmməd Qumi, Əli Nikzad və Əlirza Zakanidir.
Bu namizədlər və ya onların tərəfdarları arasındakı mübahisələr getdikcə daha açıq hal alır, amansızlaşır və seçkilərə 7 ay qalmış mühafizəkar, prinsipçi və “ədalət axtaran” kimi qruplarda bir çox qarşılıqlı tənqid və təhqir doğurur.
Son 2 ildə İslam Respublikasının lideri Əli Xamnəi üstünlük verdiyi namizədin xüsusiyyətlərini açıqlayıb. Əvvəlcə o,
“gənc inqilabi hökumət” və son zamanlarda “
“Hizbullah”çı gənc hökumət” ifadəsindən istifadə edib.
Söz düşmüşkən, 11-ci parlament bəzilərinin yolunu bağlayacaq, bəzilərinə də yol açacaq “Seçki qanunu”a dəyişikliklər üzərində işləyir.
Ancaq unutmamalıyıq ki, keçmiş illərdə “Pastor”a qədəm basmaq üçün şanslarını sınayan hərbiçilərin hamısı uğursuz olub: Möhsen Rezai və Məhəmməd Baqir Qalibafdan tutmuş Əli Laricaniyə qədər.
Əvvəlki illərdə İİKK ilə əlaqəli tənqidlər, yəni Əhmədinejadın (“qaçaqmalçı qardaşlarımız”) və Ruhaninin (“silahlı hökumət”) şərhləri səslənib.
Sonda xatırladaq ki, İranda prezident seçkilərinin
18 iyun 2021-ci il tarixində keçirilməsi planlaşdırılır və yeni prezident vəzifəsinin icrasına avqust ayında başlayacaq.
Tərcümə Strateq.az-ındır
Tarix: 21-11-2020, 14:08