Ermənistan ağır məğlubiyyətin şokunu yaşayır, suçlu tək Baş nazir deyil
"Ermənistanın indiki vəziyyətə gəlməsinin günahkarı son 20 ildə ona rəhbərlik edən hər kəsdir"Müzəffər ordumuzun qələbəsi nəticəsində məğlum olan Ermənistan günahkar axtarmaqla məşğuldur. Ordumuzun 44 günlük zəfəri Ermənistan daxilindəki bütün problemləri ortaya qoydu. Küçələrə axışan ermənilər fərasətsiz Nikol Paşinyanı və separatçıların başı Araik Arutyunyanı ittiham edir, baş nazirin istefasını istəyirlər. Lakin iqtidar və müxalifət nümayəndələrinin hamısının etiraf etdiyi əsas məqam Ermənistanın ağır məğlubiyyətə düçar olmasıdır. Müxalif “Parlaq Ermənistan” Partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyan feysbuk profilində yazıb ki, hazırda ölkədə hakimiyyət mövcud deyil. Onun sözlərinə görə, hakim “Mənim addımım” bloku idarəetməni itirib. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan da narahatlığını dilə gətirib.
O vurğulayıb ki, proses ona aparıb çıxaracaq ki, Qarabağda erməni qalmayacaq: “Azərbaycan qoşunları Şuşa ətrafındakı meşələrlə gələrək şəhəri mühasirəyə aldı. Onların böyük say üstünlüyü vardı və hava məkanı da əsasən PUA-lar hesabına qarşı tərəfin nəzarətində idi. Mənim də olduğum Komanda Məntəqəsini yalnız 10 saatlıq mühasirədən sonra boşaltdıq.
Bu məqsədlə ki, bölmələrimiz qarşı tərəfi daha rahat atəşə tuta bilsin. Şəhərin xəyanətlə təhvil verildiyi doğru deyil. Şuşa ətrafında hələ də erməni döyüşçülərin qaldığı barədə deyilənlər şayiədir. Var qüvvəmizlə vuruşsaq da, məğlubiyyət qaçılmaz oldu. Ancaq bunda təkcə ordu yox, hərbi-siyasi rəhbərliyimiz və parlament də günahkardır. Onlar bu məğlubiyyətə görə cavab verməlidirlər” . Ohanyan qeyd edib ki, imzalanan sazişdə göstərilənlər Ermənistan üçün çox pis nəticələr vəd edir:
“Yayınmağın yollarını mən bilmirəm. Əgər Ağdam və Kəlbəcəri təhvil vermədən indiki mövqelərdə qalsaydıq, onda Dağlıq Qarabağın lap əvvəlki sahəsi qədər bir ərazi əlimizdə qalmış olardı. Amma sazişdəki şərtlərə görə bunlar da əldən çıxanda ərazi həddindən artıq daralır. Nəticədə Dağlıq Qarabağ Azərbaycanın içində, dəhlizi olan yığcam bir əraziyə çevrilir”.
Məlumat üçün bildirək ki, Ohanyan son döyüşlərdə Şuşa və ətrafında vuruşan erməni bölmələrinin qeyri-rəsmi komandanı idi. Erməni siyasi müşahidəçi Ramella Mnatsakanyan da hərbi məğlubiyyətə uğradıqlarını, hər şey bitdiyini açıqlayıb:
“Bu, Ermənistan üçün böyük bir faciədir. Əbəs yerə qurbanlar verildi. Qarabağ beşillik planın üfüqündə həm fiziki, həm də mənəvi cəhətdən itirildi”. Onun sözlərinə görə, bundan sonra heç bir müqavimət mümkün deyil və Ermənistanda hakimiyyət dəyişikliyi yaxşılığa doğru heç nəyi dəyişməyəcək:
“Erməni cəmiyyəti Paşinyan tərəfindən Ermənistanın deyil, rəsmi Bakı, Moskva və Ankaranın maraqlarına cavab verən sülh haqqında rəzil bir bəyannamənin imzalanmasının şahidi oldu”. Keçmiş prezident Levon Ter-Petrosyan da baş naziri suçlayıb. Bildirib ki, Paşinyan Ermənistanı bəlaya düçar etdi: “Hakim “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət erməni xalqına qarşı bağışlanmaz bir cinayət törətməklə yaratdıqları fəlakəti hələ başa düşməyiblər.
Hökumət bununla daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd edir, qarşıdurmanı ağırlaşdıran bir yol tutduğunu açıq şəkildə göstərir”. Qeyd edək ki, noyabrın 10-da Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri Dağlıq Qarabağla bağlı növbədənkənar iclas keçirməyə çalışmışdı. Ancaq “Mənim addımım” iştirak etmədiyindən yetərsay olmayıb və toplantı baş tutmayıb. Bunun ardınca hakim fraksiya Ermənistanda daxili siyasi, hərbi vəziyyəti pozmağa yönəlmiş heç bir iclasda iştirak etmək fikrində olmadığını bildirib.
Düşmən ölkədəki vəziyyəti şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Ermənistanın indiki vəziyyətə gəlməsinin günahkarı son 20 ildə ona rəhbərlik edən hər kəsdir. Siyasi şərhçinin sözlərinə görə, ermənilər təkcə Paşinyanı və ya Arutyunyanı suçlamırlar, Koçaryanı, Sarkisyanı və digər rəhbərləri də ittiham edirlər:
“Paşinyan ümumiyyətlə, danışıqlar prosesinə ciddi zərbə vurdu, prosesin konfiqurasiyasını dəyişdirməyə çalışdı. İstədi ki, qondarma Dağlıq Qarabağ “respublikası” müzakirələrə qoşulsun. Həddən artıq avantürist və ortamı gərginləşdirən fikirlər söylədi. Üstəlik, Paşinyan həqiqətən səriştəsiz idi və proseslərə hakim deyildi.
Ermənilər Paşinyanı münaqişəni vaxtında həll etmədiyi üçün suçlamırlar, guya, özlərinə “məxsus” torpaqları itirdiyi üçün baş nazirə diş qıcayırlar. Vahid müqavimət göstərilmədiyini bəhanə gətirərək Azərbaycan Ordusunun qələbəsinin əhəmiyyətini azaltmaq istəyirlər. Ermənistanda məsuliyyət bütün ermənilərin üzərindədir.
Bu yalnız hakimiyyətin deyil, ordu rəhbərlərinin və digər siyasi sferaların da günahıdır. Tək-tük erməni istisna olmaqla radikal toplumun hamısı qəbahət və günah içindədir. Əksər erməni faşizm ideologiyasına müsbət baxır. Vaxtında işğalçılıqdan, təcavüzdən əl çəkib, özlərinə normal rəhbər seçsəydilər rəzil duruma düşməzdilər. Ermənistan və ermənilər həmişə regionda təhlükə mənbəyi olub və olmaqda da davam edəcəklər”.
Tarix: 13-11-2020, 12:07