Ermənilər şəkil çəkmək üçün nəzərdə tutulan PUA-ları “döyüşə” göndərir…



Son günlər KİV-lərdə Ermənistan silahlı qüvvələrinin “Orlan 10” PUA-ları əldə etməsi və onlardan döyüş əməliyyatlarında istifadə etməsi ilə bağlı məlumatlar geniş tirajlanır. Halbuki bu PUA-ların Ermənistana verilməsi ilə bağlı məlumatlar bir neçə ay əvvəl Azərbaycan mediasında ictimaiyyətə məlumat verilib.
Mövzunun aktuallığını nəzərə alaraq, Musavat.com hərbi ekspert Ədalət Verdiyevin “Orlan 10” PUA-ları haqqında topladığı məlumatları təqdim edir:
-Hazırda Rusiya istehsalı olan PUA-ların, əsasən də mülki təyinatlı vasitələrin nomenklaturası çox genişdir. Maraqlıdır ki, həm istehsalçılar, həm də KİV-lər bir-birinə çox yaxın xüsusiyyətlərə malik PUA-lar barədə məlumatları tam həcmdə tirajlasalar da, onların güc qurğuları barədə detalları açıqlamırlar. Məlum olur ki, Rusiya istehsalçıları əsasən Almaniya və Avstriya istehsalı olan PUA mühərriklərindən geniş istifadə ediblər. Bəzi mənbələrdə Fransa mühərriklərinə də eyham vurulur.
Amma Krım məsələsindən sonra tətbiq edilən sanksiyalar səbəbindən bir çox modellərin istehsalının dayandırılmasına səbəb olub. Çünki müvafiq detalları almaq mümkün olmur.
Rusiya istehsalı olan “Ptero”, TRIADA, “Qruşa”, “Orlan”, “Qranat”, “Zastava” və “Forpost” PUA-ları Ermənistana, Gürcüstana (Abxaziya) və Ukraynanın şərqinə ixrac edilib və edilir. Ermənistanın Rusiyadan əldə etdiyi PUA-ların adətən Fövqəladə Hallar Nazirliyi və digər qurumlar üçün alındığı bildirilsə də, sonradan bu PUA-lar erməni ordusu tərəfindən cəbhə bölgəsində tətbiq edilir.
“Orlan-10” pilotsuz uçuş aparatları Rusiyanın "Xüsusi Texnoloji Mərkəzi" MMC tərəfindən hazırlanıb. Kütləsi 18 kq olan PUA-lar 2010-cu ildən istehsal edilir. “Orlan-10” PUA-sının hazırlanmasında modul tipli bir arxitekturadan istifadə edilib ki, bu da avadanlıqların tərkibini çox qısa zamanda dəyişdirməyə və sökülən PUA-nı rahat nəql etməyə imkan verir. “Orlan-10” PUA-ları kompleks şəklində hazırlanır və aşağıdakılar üçün nəzərdə tutulur:
- əlçatmaz ərazilərdə müşahidə, hava kəşfiyyatı və axtarış aparılması;
- məhvetmə vasitələrinə hədəf təyin edilməsi;
- minimum sursat, mərmi və raket istehlakı ilə hədəflərin zərərsizləşdirilməsini, məhvini təmin etmək üçün artilleriya, aviasiya və digər məhv vasitələrinin atəşinin real zaman rejimində tənzimlənməsi;
- hədəflərin koordinatlarının, hündürlüyünün və buçaqlarının təyin edilməsi.
200-dən çox sayda istehsal edilən PUA porşenli mühərrikə malikdir. 2011-ci ildən aktiv istismar edilən kompleks Rusiya ordusu tərəfindən 2012-ci ilin sonunda silahlanmaya qəbul edilib. Bu günə qədər ümumilikdə 200-dən çox “Orlan-10” istehsal edilərək qoşunlara təhvil verilib. Onların bəziləri həm Ermənistan ordusuna, həm də bu ölkədəki Rusiya bazasına çatdırılıb. Bu komplekslərdən “İskəndər” kompleksləri üçün hədəf axtarışında və raket atəşinin idarə olunmasında istifadə etmək planlaşdırılıb. Lakin kompleksin maksimum atəş məsafəsi ilə PUA-nın idarəetmə məsafəsi arasındakı fərq “Orlan 10”-dan bu məqsədlə istifadəsini şübhə altına alır. Aparatlardan hər hansı birinin idarəetmə siqnallarını daha uzaq bir PUA-ya ötürmək üçün təkrarlayıcı kimi istifadə edilməsi bu çatışmazlığı kompensasiya edə bilər.
“Orlan-10” pilotsuz uçuş aparatı fotoaparat və girosabit televiziya kamerası ilə təchiz edilir. Yerüstü idarəetmə stansiyası eyni vaxtda 4 vasitəni idarə etməyə imkan verir.
“Orlan-10” pilotsuz vasitəsinin maksimum qalxma kütləsi 18 kiloqrama qədərdir, bunlardan 5 kq-ı faydalı yük ola bilər. Qarışıq (metal və plastik) materiallardan hazırlanan PUA, ön mühərrik və çəkmə pərinə malik yüksək qanadlı dizayn əsasında hazırlanıb. Quyruq pərləri də klassik sxemə görə hazırlanır, baxmayaraq ki, “Orlan”ın killəri stabilizatordan daha çox inkişaf etdirilib. Eyni zamanda, bu qərar olduqca başa düşülən görünür: yüngül bir dron çarpaz küləklərə daha az həssas olacaq və normal aerodinamika üçün mövcud nisbi - dar stabilizator kifayətdir.
Pilotsuz vasitənin buraxılması sökülə bilən xüsusi katapultdan həyata keçirilir. İlkin sürətlənmədən sonra uçuş aşağı güclü benzin mühərriki hesabına baş verir (AI-95 yanacağı tövsiyə olunur). Uçuş sürəti taktiki ehtiyacdan asılı olaraq saatda 75 ilə 170 kilometr arasında dəyişə bilər. PUA-nın maksimum uçuş yüksəkliyi 5 kilometrdir. Havada 18 saata qədər qalması və idarəetmə panelindən 180-200 kilometr məsafədə fəaliyyəti barədə iddialar isə tamamilə əsassızdır. Çünki 12.5 kq boş kütləyə malik PUA ən çoxü 3- 4 litr yanacaq daşıya bilər, bu isə 18 saat havada qalmanı təmin edə bilməz. Eyni zamanda bu miqdarda yanacaq nə 360-400 km-lik optimal, nə də 600 km-lik maksimum məsafəni qət etməyə yetərli ola bilməz. Ən azından bu gün 100 km üçün 0.6 - 0.8 litr yanacaq sərf edən benzin mühərriki dünyada mövcud deyil. Digər tərəfdən isə bu məsafədə rabitə və görüntü əlaqəsini təmin edən avadanlıqların, paraşütlə birlikdə cəmi 6-7 kq kütləyə malik PUA korpusunda yerləşdirilməsi də şübhə doğurur. Bu baxımdan PUA-nın kreyser sürətində maksimum fəaliyyət radiusu 50-100 km arasında dəyişə bilər.
Tapşırıq başa çatdıqdan sonra enmə paraşütlə həyata keçirilir: operator cihazı göstərilən əraziyə aparır, sürətini azaldır və paraşütün açılması üçün komanda verir. Paraşütlə yanaşı, sərt enmə zamanı cihazın qorunmasını təmin edən daha iki sistem mövcuddur. Yerə toxunmadan əvvəl pnevmatik amortizator şişirilir və icazə verilən artıq yük “Orlan”ın struktur elementlərindən ayrılır. Ayrılan faydalı yük yararsız hala düşür. Bu PUA-nın kütləsini azaltmaq və nəticədə enmə zamanı meydana gələn zədələri azaltmaq məqsədi daşıyır.
Sökülə bilən füzelyaj həll olunan tapşırıqlara uyğun gəlməklə PUA kompleksinin daşınma rahatlığını da təmin edir. Dronun qanad konsollarının içərisindəki əlavə həcm, kütləsi az olan faydalı yük avadanlığının korpusa yerləşdirilməsinə imkan verir.
“Orlan-10” eyni anda bir neçə növ hədəf avadanlığı ilə təchiz edilə bilər. Bunlara foto və videokameralar, termal görüntü cihazı, görüntünü konsola ötürmək üçün radioötürücü və siqnal təkrarlayıcı aiddir. Onların bəziləri kütlə məhdudiyyətini nəzərə alaraq, eyni vaxtda da quraşdırıla bilər. Siqnal təkrarlayıcı tövsiyə olunan məsafə xaricində olan bir neçə “Orlan”ın eyni vaxtda istifadəsi üçün faydaldır.
“Orlan-10” PUA-sında istifadə edilə bilən faydalı yüklər
Fotokameralar:
“Canon EOS 500D”;
“Canon EOS 50D”;
“Canon EOS 5D”.
Videokameralar:
Planlaşdırılan (“Flir Foton 320”, “Flir Foton 640”, BHV-558 EX);
Kurs üzrə (“Flir Foton 320”, “Flir Foton 640”, BHV-558 EX);
Fırlanan (“Flir Foton 320”, “Flir Foton 640”);
Girosabitləşdirilən (“Controp" D-STAMP, U-STAMP);
Termal kameralar (“Flir Foton 320”, “Flir Foton 640”).
Taktiki-Texniki Xüsusiyyətləri
Qanad açılımı: 3.10 m;
Uzunluğu: 1.80 m;
Boş kütləsi: 12.50 kq;
Maksimum qalxma kütləsi: 18 kq;
Mühərrikin növü: daxili yanma;
Kreyser sürəti: 100-150 km/saat;
Praktik uçuş məsafəsi 100 km, fəaliyyət radiusu isə 50-60 km olduğu ehtimal edilir.
Praktik uçuş yüksəkliyi: 5000 m.
Ermənistanın istifadə etdiyi Rusiya PUA-ları yalnız İsrail deyil, həm də Türkiyə və Azərbaycan istehsalı olan vasitələrdən geri qalır. Bunu davam edən döyüş əməliyyatları da sübut edir.
Ermənistanın istifadə etdiyi hərbi təyinatlı PUA-ları əsasən havadan ərazinin şəkillərini çəkmək üçün nəzərdə tutulur. Onlar gələcək qərarları qəbul etmək üçün bu məlumatları yalnız komanda məntəqəsinə ötürə bilirlər. Ermənistan PUA-ları silah komplekslərinə inteqrasiyası da təşkil edilməyib, yəni PUA özü silah kompleksinə hədəf göstərərək ona atəş açmaq üçün komanda verə bilmir. Son günlər havada üstünlüyü itirən Ermənistan ordusu, Azərbaycanın orta mənzilli HHM vasitələrini azad edilən ərazilərdə yerləşdirməsindən sonra hava hücum vasitələrinin, o cümlədən PUA-ların istifadəsini kifayət qədər məhdudlaşdırıb. Azərbaycan Ordusunun davam edən uğurlu əks hücum əməliyyatları isə hər keçən gün düşmən ordusunun arsenalında mövcud olan PUA-ların sayının da azalmasına, dəqiq desək, onların məhv edilməsinə səbəb olur…
Tarix: 7-11-2020, 17:08
Xəbəri paylaş



Xəbər lenti