Ermənistanın İran “nəfəsliyi” kəsilir

Tehrana mənfi cavab İrəvana baha başa gəlir

Ermənistan İranı da itirir. Belə ki, ermənilər Tehranın nizamlama planını qəbul etmir, çünki İran da işğaldakı torpaqların boşaldılmasını əsas şərt kimi qoyur.  Ötən həftə Tehranın nümayəndəsi Abbas Əraqçi Bakı, Moskva, Ankara və İrəvana səfər edib və İranın təşəbbüsünü təqdim edib. Bütün tərəflərin reaksiyası təmkinli olub, İrəvanda isə Tehranın ideyasını “öyrənməyi” vəd ediblər.  Sonradan Ermənistan hökumətinə yaxın ekspertlər işarə ediblər ki, Tehranın planı İrəvanı qane etmir, çünki Ermənistanın artıq imtina etdiyi həll planının eynisini nəzərdə tutur.
Noyabrın 3-də isə İranın dini lideri Ayətulla Seyid Əli Xamneyi müraciətində bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır, ərazilərin azad edilməsi zəruridir.
Xamneyi bu məsələdə Azərbaycanın beynəlxalq qanunlar baxımından haqlı olduğunu bildirib. İranın Ali lideri qeyd edib ki, İranın iki qonşusu arasında baş verən döyüşlər təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir.  Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır. Müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər.
Beləliklə, Ermənistan regionda daha bir ölkənin dəstəyini itirir. Ermənistanın İranın dəstəyindən məhrum olması işğalçı ölkəni hansı sahələrdə itkilərə məruz qoya bilər?

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, məsələ ilk baxışda göründüyü qədər sadə deyil. Hazırda bir sıra dövlətlər, hətta beynəlxalq təşkilatlar var ki, onların bu və ya digər təşəbbüsləri işğalçı Ermənistanı xilas etməyə hesablanıb. Qonşu İranın təşəbbüsünə gəldikdə isə onun təqdim etdiyi nizamlama planının nədən ibarət olması haqqında ictimailəşmiş dəqiq  məlumatlar yoxdur. Ona görə də biz yalnız ümumi məntiqə əsaslanaraq sadəcə intiutiv təhlil əsasında mülahizələr irəli sürə bilərik: “Ermənistanın müxtəlif kanallar vasitəsilə informasiya məkanına sızdırdığı məlumat - yəni onun İranın nizamlama planını qəbul etmədiyini bildirməsi sadəcə informasiya kəşfiyyatı xarakteri daşıyır. Məntiq isə çox primitivdir. Əgər mən qəbul etmədiyimi bildirirəmsə, deməli, əks tərəf bunu qəbul etdiyini bildirəcək. Bax, burada da əsil niyyət ortaya çıxır və bizə əslində planın nədən ibarət olması haqqında məlumat verir. Məntiq ən yaxşı casusdur. Beləliklə, məntiq casusluğu ilə biz artıq müəyyən məsələləri bilirik. Ancaq biz istəsək ki, ciddi şəkildə rasional analiz metodu vasitəsilə nizamlama ilə bağlı proqnoz irəli sürək, onda tamamilə başqa mənzərə ortaya çıxır. Hazırkı hərbi-siyasi reallıq ondan ibarətdir ki, Azərbaycan qısa müddətdə öz ərazi bütövlüyünü bərpa edəcək. Bu prosesin qarşısında heç bir hərbi, siyasi, diplomatik maneə görünmür. Qarşıya çıxan bütün maneələr Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu tərəfindən darmadağın edilir. Belə olduqda nizamlanmanın da tək formulu ortaya çıxır. Azərbaycan beynəlxalq hüquqla tanınan ərazisində öz süveren hüquqlarnı bərpa edir və işğaldan azad etdiyi ərazilərdə də hansı struktural inzibati vahid formalaşdıracağını özü bilir. Ona görə də  xaricdən ”nizamlama" deyə təşəbbüslər irəli sürüldüyündə nəyin nəzərdə tutulduğu əslində elə də aydın deyil".
Deputat qeyd etdi ki, İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin müraciəti isə işğalçı Ermənistanın öz adı ilə çağırılmasıdır və hətta Ermənistan qarşısında tələb kimi görünür. Bu müraciət çox ciddi hadisədir və Ermənistanın İran nəfəsliyinin də kəsilməkdə olduğunun göstəricisir. Ermənistanın İranın dəstəyindən məhrum olması onun Qarabağ məsələsində məğlubiyyətini bir qədər də tezləşdirəcək amildir.
Tarix: 4-11-2020, 08:48
Xəbəri paylaş



Xəbər lenti