Fransanın prezidenti Emmanuel Makronu İslam dinini təqib etdiyinə görə günahlandıran Çeçenistan başçısı Ramzan Kadırov bəyan edib ki, o, siyasətçi kimi yox, bir müsəlman kimi çıxış edib. Kadırov beləliklə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bu bəyanatını şərh edib ki,
«Rusiyanın xarici siyasətini bölgə başçıları yox, prezident formalaşdırır».«Mən, Dmitri Sergeyeviçlə razıyam və yaxşı bilirəm ki, subyektlərin başçıları xarici siyasəti formalaşdırmırlar. Xarici və daxili münasibətlərin kim tərəfindən tənzimləndiyini əla ayırd edirəm və mənə bu mövzuda heç nəyi izah etmək lazım deyil» - Kadırov öz teleqram-kanalında yazıb.
Ancaq Çeçenistan başçısının sözlərinə görə, «o faktı da nəzərə almaq lazımdır ki, mən, Fransa hakimiyyətinin ünvanına öz fikirlərimi siyasətçi kimi yox, bir müsəlman kimi ifadə etmişəm».
«Mən, Dmitri Peskovla o zaman daha çox razılaşardım ki, o, mənim sözlərimə qiymət verərkən bu məqamı nəzərə alaydı. O zaman onun cavabı daha obyektiv alınardı» - deyə, Kadırov yazır.
O, Makronun ünvanına hədələri yenidən təkrarlayıb.
«İndi isə bir müsəlman kimi, Makron barədə əvvəlki sözlərimi təkrar edirəm və min dəfə də bunu etməyə hazıram. Bu, öz dinini nəhayətsiz sevən, müqəddəs Quranda yazılanlara və sünnəyə ciddi şəkildə sadiq olan bir insan kimi, mənim hüququmdur. Bu mövqeyim xatirinə lazım gələrsə, vəzifəmdən imtina etməyə, əziyyət çəkməyə və ya həyatımı qurban verməyə hazıram. Ancaq allahsızların din üzərinə hücumlarını susqunluqla müşahidə etməyi bacarmaram və buna hazırlaşmıram!» - Çeçenistan başçısı bəyan edib.
AzPolitika.info
Tarix: 30-10-2020, 07:30