Karlotta Qall (Foto: İvor Prikett)“The New York Times”, 27.10.2020 İllər boyu Azərbaycan və Ermənistan liderləri ehtirasları alovlandırmamaq üçün mübahisəli Dağlıq Qarabağ ərazisinin statusu ilə bağlı müzakirələrin təxirə salınması barədə razılığa gəliblər. Ancaq bu bahar, Ermənistanın populist baş naziri bölgəni mübahisəsiz şəkildə Ermənistan ərazisi elan etdikdə, vəziyyət qəfildən dəyişib.Baş nazir Nikol Paşinyanın bəyanatı 1990-cı illərdə Ermənistanla amansız, nəticəsiz müharibəni uduzan azərbaycanlıların səbrini daşdırıb. Onları daha da qəzəbləndirən, azərbaycanlıların mədəni paytaxtı kimi qəbul etdiyi, lakin müharibə zamanı itirilən ərazilərdə yerləşən Şuşaya Paşinyanın səfəri olub.
Azərbaycan Prezidentinin xarici siyasət müşaviri Hikmət Hacıyev bildirib: “Danışıqlar prosesinin tabutuna vurulan son mismar onun Dağlıq Qarabağın erməni ərazisi olduğunu söyləməsi idi”.
İki ölkə bir ay əvvəl tammiqyaslı müharibəyə dönüş edib, Azərbaycan Ermənistanın 800.000 azərbaycanlını didərgin salmaqla, 26 il əvvəl ələ keçirdiyi torpaqların təqribən 13 faizini geri qaytarmaq qərarına gəlib. Döyüşlər Azərbaycan lehinə Türkiyəni və Ermənistanı dəstəkləyən Rusiyanı da çəkişməyə cəlb etmək təhdidi doğurur.
Münaqişədəki itkilərin sayı artıq minlərə çatıb, lakin qoşunları irəlilədikcə, Azərbaycan Prezidenti İlham Əliyev əsla ləngimə əlamətləri göstərmir və ölkə müharibə oduna tutulur.
Keçən həftəsonu Vaşinqtonun vasitəçiliyi ilə yaradılan atəşkəs qüvvəyə minəndən bir saat sonra pozulub, hər iki tərəf Bazar ertəsi səhəri artilleriya atəşi mübadiləsi edib.
Cənab Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və əvvəlki danışıqlarda razılaşdırılmış təməl prinsiplərə riayət edərək, erməni qüvvələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərə çəkilməsini tələb edir. Bunlar 10 il əvvəl razılaşdırılmış, lakin heç vaxt tətbiq olunmayan şərtlər idi və analitiklərin fikrincə, Ermənistanın bu il Dağlıq Qarabağ və müharibə dövründə ələ keçirilən ətraf bölgələrə iddia etməkdə daha birmənalı niyyət sərgiləyib.
Cənab Hacıyev bir müsahibəsində Ermənistan lideri Paşinyan 2018-ci ildə xalq üsyanından sonra hakimiyyətə gələndə, Azərbaycanın tərəqqiyə ümid etdiyini söyləyib. İlk görüşdə keçmiş jurnalist Paşinyan cənab Əliyevə Dağlıq Qarabağla bağlı yeni siyasət yürütməyə söz verib.
Bu siyasət heç vaxt yürüdülməyib. Analitiklərin sözlərinə görə, bu il gərginlik artıb, cənab Paşinyan və onun müdafiə naziri işğal ərazilərində getdikcə dah çox populist açıqlamalar verərək, Şuşanı regional paytaxta çevirmək planlarını açıqlayıb və avqust ayında Parlamenti oraya köçürəcəklərini deyiblər. Bu addımlar son nəticədə böyük səhv hesablamalar ola bilər.
Amerikalı-erməni tarixçi Jirayr Libaridiyan da bundan bəhs edir. “Mümkün olanlara diqqət yetirmək əvəzinə, xəyallarımıza qapıldıq”, – deyə sentyabr ayında o yazıb.
Müstəqil analitiklər Azərbaycanın böyük hücum hazırladığını söyləyərək, onu müharibənin əsas təhrikçisi kimi görürlər, əslində, cənab Paşinyan populist danışıqları ilə baiskardır.
“Məntiqlə buna başlamaq istəyən sadəcə status-kvonu arzusunda olan ermənilər deyil, Azərbaycandır, – Bunu “Carnegie Europe”-un baş elmi işçisi və “Qara bağ” adlı kitabın müəllifi Tomas de Vaal bildirib. – Ancaq ermənilər də təxribat xarakterli hərəkətlərlə rol oynayıblar”.
Ermənistan hökuməti Azərbaycanı planlı hücum təşkil etməkdə, hərtərəfli müharibəyə səbəb olan toqquşmalar yaratmaqda günahlandırıb və tam özünümüdafiə niyyəti ilə hərəkət etdiyini açıqlayıb.
Rusiya Ermənistanı dəstəkləmədə həlledici iştirakçı olub. İlk münaqişədə də o, Ermənistanı dəstəkləyib, ölkədə iki hərbi baza saxlayıb, İrəvanı dəstək və avadanlıq təmin edib.
Cənab de Vaal 2009-cu ildə mövcud olan öləzi barışıqdan bəri hər iki ölkə liderinin ehtiyatla davrandığını, status-kvoya sadiq qalmağı, sülh razılaşmasının tələb etdiyi ərazi güzəştləri risklərindən üstün tutduğunu bildirib.
2003-cü ildə prezidentliyini atasından miras alan cənab Əliyev ölkəsinin neft və qaz sərvətini ordu qurmaq, modern silahlar almaq və zabitləri Türkiyədə NATO standartlı təlimlərə göndərmək üçün istifadə edirdi.
Silahlanma səyləri 2016-cı ildə öz nəticəsini verib, o vaxt dörd gün davam edən döyüşdə Azərbaycan qüvvələri təmas xəttinin o üzündəki bir kəndə nəzarəti ələ keçirib. “Ancaq Rusiya irəliləməni dayandırmaq üçün müdaxilə edib”, – deyə keçmiş diplomat və hökumət tərəfindən maliyyələşdirilən Bakıdakı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev bildirib.
Onun sözlərinə görə, həmin dövrdə xalqın məyusluğu hiss olunan idi. Eyni ictimai təpkini Fərid Şəfiyev Rusiya son döyüşlərin cəmi ikinci həftəsində, oktyabrın 10-da atəşkəs haqqında danışıqlar barədə razılaşdıqda də müşahidə edib. “İnsanlar depressiyada idi”.
Mövcud qarşıdurmanın ilk qığılcımı iyul ayında Gürcüstandan Türkiyəyə uzanan Azərbaycanın həyati neft və qaz boru kəmərlərinin keçdiyi sərhəd şəhəri Tovuz yaxınlığında ölümcül toqquşmada meydana gəlib.
Erməni əsgərləri bir neçə zabit daxil olmaqla, ondan çox insanın ölümü ilə nəticələnən sərhədyanı atəş mübadiləsində Azərbaycan hərbi maşınını atəşə tutublar.
Öldürülənlərdən biri, general-mayor Polad Həşimovun qətli etiraz dalğası doğuran məşhur bir şəxsiyyət idi. Kiçik etiraz aksiyası paytaxt Bakıda on minlərlə insanın ölkənin Dağlıq Qarabağı geri almasını tələb edən yürüşə çevrilib.
Siyasət müşaviri Hacıyev bildirib: “İyul hadisələri şok dalğası doğurdu və ictimai rə, gənclər bu mesajı göndərdi: “Yetər”.
Azərbaycanlı jurnalist Xədicə İsmayılova koronavirus pandemiyası və kəskin su çatışmazlığı ilə bağlı təzyiqin artırdığını söyləyib. “Əliyevə ictimaiyyətin partlamağa hazır olduğu və hərəkət etmə vaxtının gəlib çastdığı aydın idi”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tovuzdakı toqquşmanı Azərbaycan üçün strateji təhlükə kimi qiymətləndirib və dərhal Azərbaycan hərbçiləri ilə ikihəftəlik ortaq hərbi təlimlərə təyyarələr və qoşun göndərib.
Türk analitiklər cənab Ərdoğanın bu addımını Rusiya ilə münasibətlərində təsir gücünü qazanmağın bir yolu olaraq görüblər. Ancaq bu yaxınlarda əsas təbii qaz mənbəyi kimi Rusiyanın əvəz edən türk müttəfiqini qorumaq da olduqca vacib idi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən olan cənab Şəfiyev bildirib: “Bu, Azərbaycanın müharibəyə girməsi haqqında Türkiyənin təşviq etdiyi bir klişedir”. Ancaq Şəfiyev də, həm cənab Ərdoğan, həm də cənab Əliyev kimi, o vaxtdan bəri Azərbaycanın çətinliyə düşəcəyi təqdirdə, Türkiyənin fəal dəstək vəd etdiyini təsdiqləyib.
Avqust ayında Azərbaycan səlahiyyətliləri sərhədi adlamış daha bir erməni hərbçisinin yaxalandığını bildirib. Hikmət Hacıyev deyib: “Olacaqların yaxınlaşdığını anladıq”.
İllərlə davam edən aralıq artilleriya atəşlərindən sonra sentyabr ayında hər iki tərəf döyüşə hazır olub.
Tərtər şəhəri yaxınlığındakı təmas xəttinin Azərbaycan tərəfində yaşayan kəndlilər sentyabrın 26-da Azərbaycan hərbçiləri tərəfindən xəbərdarlıq edilib. Onların bir qismi maşınlarla ərazidən çıxarılıb. Qalanlar ertəsi gün səhər saat 7-də erməni raket yağışının şahidi olub.
Təmas xəttindən cəmi 500 metr aralıda, Tərtərdə yaşayan 59 yaşlı Gülbəniz Bədəlova deyir: “Hər gün atəş səsləri eşidirik, amma bu tamamilə fərqli idi. Davamlı olaraq atəş açmağa başladılar və hamımız qorxduq”.
Azərbaycan mülki əhalisini müdafiə etdiyini söyləyərək qısar zamanda qisas alıb. Hacıyev bildirib: “Dinc insanlara hücum etməyə başladılar və əks-hücum əməliyyatı aparmaq məcburiyyətindəyik”.
Ancaq bəzi səlahiyyətlilər belə bir hücum üçün bir bəhanə gözlədiklərini etiraf ediblər.
Azərbaycan qoşunları artıq İranla sərhəd boyunca dörd cənub bölgənin bir hissəsini geri alıb və Ermənistandan mühüm tədarük yolu olan dağ keçidinə –“Laçın dəhlizi”nə təəccüblü bir məsafədə yaxınlaşıblar.
Ancaq bunun Azərbaycan qüvvələri üçün çox çətin olduğu şübhə doğurmur. Bakı itkilər barədə məlumatı açıqlamayıb, lakin Rusiya Prezidenti Vladimir Putin Cümə axşamı günü hər iki tərəfin bir aydan az davam edən döyüşlərdə artıq 2000-dən çox əsgər itirdiyini bildirib.
Tərəflərin rəsmi rəqəmlərinə görə, raket zərbələri nəticəsində Azərbaycandan ən az 65, Ermənistandan 37 mülki şəxs həlak olub.
Hücuma ictimai dəstək cənab Əliyev və ordunun arxasını möhkəmləndirib, lakin prezident gözləntiləri idarə edərkən çətinliklə qarşılaşa bilər.
Tərtərin atəşə tutulması nəticəsində yaşayış yerlərindən didərgin düşən bir çox azərbaycanlı ailələr əslən Qarabağdan olan qaçqınlardır və cənab Əliyevin cəmi bir neçə rayonu geri almasından sonra dayanacağı təqdirdə, razı qalmayacaqlarını söyləyiblər.
43 yaşlı Zərifə Süleymanova bildirib: “Bu, kifayət deyil. Çox cəsur oğullarımız var. Müharibə çox çəkməyəcək”.
Tərcümə: Strateq.az
Tarix: 29-10-2020, 20:14