Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin sülh yolu ilə həllini inkar etməzdən bir az əvvəl Rusiya prezidenti Vladimir Putinə zəng edib. “168.am" nəşrinin yazdığına görə, yaranmış vəziyyəti müzakirə edən baş nazir, atəşkəs üçün edə biləcəyi konkret güzəştlərdən danışıb və təkliflərini Azərbaycan rəhbərliyinə çatdırmağı xahiş edib.Putin cavabı isə onun üçün gözlənilməz olub. Ermənistan təmsilçisinə qulaq asan Prezident sakit formada ondan bütün şərtləri yazılı şəkildə ona çatdırmağı xahiş edib. Qəzet yazır ki, N. Paşinyan bu cavabdan möhkəm pərt olub.Putinin reaksiyası Paşinyanın artıq həmkarları arasında ciddi qəbul olunmadığını, onun ələ salındığını göstərir. Müşahidəçilər İrəvanın düşdüyü böhranlı vəziyyəti təkcə Azərbaycanın cəbhədə Ermənistan ordusunu darmadağın etməsi və geosiyasi səbəblərlə yox, həm də Paşinyanın qüsurlu şəxsi keyfiyyətləri ilə də izah edirlər.
Baş nazirin "Facebook"-da canlı yayım açıb əhalini silaha sarılmağa çağırması isə bundan əvvəl rəsmi fərmanla elan olunmuş ümumi səfərbərliyin iflasından xəbər verir. Çünki səfərbərlik haqqında döyüşlərin ilk günündə verilən fərmanda yaş məhdudiyyəti qoyulmamışdı və 55 yaşadək kişilərin Ermənistanı tərk etməsi qadağan edilmişdi.
Bu nəticəyə gətirən səbəblərdən biri döyüş meydanındakı qüvvələrin artıq məğlub əhval - ruhiyədə olmasıdır. Xatırladaq ki, seprataçıların rəhbəri Araik Artunyanın ona məktubla müraciət edərək qüvvələrinin tükəndiyini və döyüşlərin dayandırılmasının zəruriliyini bildirməsi real vəziyyətin necə olduğundan xəbər verir.
Dünən Ermənistanın ön cəbhədə döyüşən yarımhərbi "Yerkrapa" təşkilatının rəhbəri Yura Aleksyan da “Hraparak“ nəşrinə verdiyi müsahibədə əsgərlərin kütləvi qırğına verilməsinin mənasız olduğunu bəyan edib və təcili diplomatik vasitələrlə atəşkəsə nail olmağın vacibliyindən danışıb.Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumat erməni tərəfinin etiraf etdiyi ağır vəziyyəti tamamilə təsdiq edir: "...Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub. Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.
...543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib".
Tarix: 22-10-2020, 15:38