Soros anti-Rusiya qüvvələrini Ermənistanda niyə hakimiyyətə gətirib?

Politoloq: “Bu proseslərin önündə Paşınyan özü gedir və Rusiya bunun fərqindədir”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın ən böyük informasiya agentliyi olan TASS-a müsahibəsində hazırkı Ermənistan rəhbərliyinin Rusiyaya heç də dost olmayan münasibətinə toxunub. Bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünyada rəngli inqilabların təşkilində əsas yerlərdən birini tutan ABŞ milyarderi Corc Sorosun yardımı ilə hakimiyyətə gəlib: “O, (Paşinyan-red.) Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası ”Çıxış" adlanırdı - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxır edirdilər. Buna görə də mən, düzünü desəm, Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə təəccüblənirəm".
Qeyd edək ki, Azərbaycan Prezidenti N.Paşinyanın məhz C.Sorosun adamı olduğunu artıq bir neçə dəfə vurğulayıb. ABŞ milyarderi Paşinyanı hakimiyyətə hansı məqsədlərlə gətirib?
Sualı cavablandıran Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyevanın sözlərinə görə, C.Sorosun öz adına yaratdığı fond artıq çoxdan bir fərdə bağlı QHT və beyin mərkəz şəbəkəsi olmaqdan çıxıb  və qlobal siyasi instituta transformasiya olunub: “Soros şəbəkəsi qlobal səviyyədə siyasi-ictimai, hüquqi, iqtisadi, hətta hərbi təmayüllü beynəlxalq təşkilatlarda genişlənib və qlobal səviyyədə bu sahələrdəki proseslərə sirayət etmək imkanına malikdir. Soros Fondu regional və lokal təmsilçiliklərinin mövcud olduqları ölkələrdə daha çox gənclər sektoru ilə təmas qurur. Gənc ictimai-siyasi fəallara müasir dünyanın tələblərinə cavab verən, cəld, çevik komanda idarəetməsini öyrənməsi, strateji kommunikasiya alətlərinə və onlardan istifadə vərdişlərinə yiyələnməsi, yüksək səviyyədə əlaqələr qurmaq və ən əsası, daxili və xarici risk və perspektivlər faktorunun nəzərə alınması ilə regionda və dünyada gedən prosesləri dəyərləndirmək imkanlarını inkişaf etdirmək üçün şanslar yaradır.

Bu, məsələnin üzdə görünən tərəfidir, görünməyən tərəfi isə belə təsisatların uzunmüddətli hesablarda ölkə daxilində kənar nüfuz agentləri kimi, cəmiyyətlərə yad dəyərlərin daşıyıcısı kimi fikir liderlərinin yetişdirilməsi ilə məşğul olmalarıdır. Bunun məntiqi axarı kimi cəmiyyətlərdə yad dəyərlər daşıyıcısı olan alternativlərin yaranması və bu faktor üzərindən çox asanlıqla dövlətlərin milli maraqlarına zidd gedə biləcək liderlərin yetişdirilməsi, belə liderlərin yönləndirə bildiyi cəmiyyətlərin və uğur qazanacağı hallar isə hökumətlərin öz məqsədləri üçün idarə olunması perspektivləri güdülür".
İnstitut rəhbəri deyir ki, Soros şəbəkəsini Azərbaycana qarşı beynəlxalq təşkilatlarda, onların iqtisadi və siyasi hesabatlarında həmişə öndə görürük: “Beynəlxalq təşkilatlarda Soros şəbəkəsi ilə erməni lobbisinin alyansı illərdir Azərbaycana qarşı gedən proseslərin aparıcı qüvvəsidir. Soros şəbəkəsinin adının son illər müxtəlif ölkələrdə siyasi qalmaqallarda hallanması, çirkli proseslərdə ifşa olunmaları fondun bütün dünyada şəbəkəni başqa qruplar adı altında fəaliyyətə vadar etdi. Belə qruplar daha çox təhsil, iqtisadi və s. kimi sahələrə transfer olundular.
Paşinyan və Soros: İrəvanda anti-Rusiya şəbəkəsi...
Ermənistanda Soros Fondunun ictimai dayaqları uzun illərdir formalaşıb. Fond 2018-ci ildəki küçə yürüşləri, qanunsuz mitinqlər və kütləvi aksiyaların təşkili və maliyyələşməsində iştirak edib. Bu prosesdə ilk günlərində maraq dairələrinə daxil bir neçə şəxsi müdafiə etsələr də, bir müddət sonra konkret olaraq Nikol Paşınyanı dəstəklədilər və nəhayət, küçədən gələn Paşinyanın baş nazir olmasına da nail oldular. “Sorosun uşaqları” deyilən zümrə hakimiyyətdə həlledici postlar tutdu. Bundan sonra Ermənistan daxili siyasətində parçalanmalar baş verdi və ənənəvi rusiyayönümlü Qarabağ klanı, Soros qrupu və anti-sorosçu müxalifətçilərə parçalandı. Hakimiyyətdə təmsil olunan Soros qrupu isə ilk növbədə rusiyayönümlü siyasi institutlar və onların iqtisadi rıçaqlarını ələ keçirdi və daxildə Rusiyaya qarşı bir səlib yürüşü elan etdi. Bu proseslərin önündə, əlbəttə, Paşınyan özü gedirdi və Rusiya bunun fərqindədir".
Azərbaycan Ordusu döyüş meydanında hərbi üstünlüyü tamamilə ələ alaraq sürətlə torpaqlarımızı işğaldan azad edir. Ermənistanın bu qarşıdurmada məğlub olduğu açıq hiss olunmaqdadır. Rusiya indiki Ermənistan hakimiyyətini, konkret N.Paşinyanı müdafiə edəcəkmi?/“Yeni Müsavat”/

Tarix: 21-10-2020, 09:54
Xəbəri paylaş



Xəbər lenti