Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.
Putin fransalı həmkarını hərbi əməliyyatların eskalasiyasının qarşısını almaq və Dağlıq Qarabağ probleminin siyasi diplomatik yolla nizamlanması məqsədi ilə tezliklə danışıqların bərpa edilməsi ilə bağlı atılan addımlar barədə məlumatlandırıb.
Telefon danışığında oktyabrın 10-u və 17-də atəşkəslə bağlı əldə olunan razılığa riayət edilməsinin vacibliyi vurğulanıb.
Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, eləcə də BMT Təhlükəsizlik Şurasının xətti ilə sıx koordinasiyanın davam etdirilməsinə hazırlıq qeyd olunub.
Tarix: 20-10-2020, 20:55