İrəvan Gəncənin dinc əhalisinə növbəti raket zərbəsi ilə Ermənistanın müasir dövlət siyasətinin əsl mahiyyətini göstərdi. Terror, faşizmin qəhrəmanlaşdırılması, rusofobiya və qonşulara qarşı nifrət XXI əsrdə soyqırımı həyata keçirməyin mümkün olduğunu düşünən monomilli ölkə üçün normal haldır.Bu sözləri axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.
“Artıq İrəvanın dövlət kimi fəaliyyətini xarakterizə etməyin, beynəlxalq hüquqa uyğun olub-olmadığını söyləməyin mənası qalmayıb. Hər şey aydındır. Azərbaycanın dinc sakinlərinə atılan raket zərbələri münaqişənin nizamlanmasının üstündən xətt çəkir. Fikrimcə, müharibə edən tərəflərin danışıqlar masasına keçmələri üçün bütün tədbirləri görən Rusiya Cənubi Qafqazda sülhə maraqlı olan üçüncü ölkələrlə də formatlara yenidən baxacaq. Rusiya faşist Almaniyasını xatırladan erməni hərbi komandanlığını cilovlayacaq”, – deyə Mixaylov qeyd edib.
O vurğulayıb ki, Azərbaycan terrorçuları cəzasız qoyacaq ölkə deyil:
“Təəssüf ki, İrəvan bunu başa düşmür və üstəlik, vətəndaşlarına badalaq gəlməyə davam edir. Fikrimcə, Paşinyan yanında olan insanlarla Azərbaycanın qələbəsindən sonra Haaqa tribunalına məruz qalmalı və dinc əhaliyə qarşı terror törətdiyinə görə cəzalandırılmalıdır”.
Tarix: 17-10-2020, 21:47