Qərbdən Kremlə sanksiyalar yağışı: Navalnıya görə Rusiyanı nə gözləyir?

Politoloqlara görə, Avropa Birliyi ilə Britaniyanın Putinə yaxın rəsmilərə sanksiyası ölkənin maliyyə və tədiyyə qabiliyyətini azaldacaq, Qərbin Rusiyadakı son şirkətləri də ölkəni tərk edəcək...

Qərbdən Kremlə yeni sanksiyalar yağmağa başladı. Bu dəfə Putin administrasiyası tənqidçisi Aleksey Navalnının zəhərlənməsinə görə beynəlxalq güclərin hədəfinə tuş gəlib. Moskva üçün təzə olmayan və ağır sanksiyaların altından çətinliklə də olsa çıxmağı bacarmaq yeni təzyiqlərə duruş gətirə biləcəyi qənaəti yaradır.
“Yeni Müsavat” xəbər verir ki, Avropa Birliyi və Britaniya Rusiya prezidenti Vladimir Putinə yaxın yüksək səviyyəli rəsmilərə sanksiya tətbiq edib. Sibirdən uçarkən xəstələndikdən sonra Navalnının müalicə olunduğu Almaniya və Fransanın təzyiqi ilə Avropa Birliyi, Britaniya altı rusiyalı və dövlət elmi araşdırmalar mərkəzini hədəf alıb. Kreml bu sanksiyaları Moskvaya qarşı qərəzli bir addım kimi qiymətləndirərək, qınayıb və lazımi cavab verəcəyini vəd edib.
Diplomatların dediyinə görə, Britaniyanın Avropa Birliyindən çıxmasına baxmayaraq, London hələ də qurumla bərabər sanksiyaların koordinasiyalaşdırılmasında iştirak edir.
Hədəf alınanlar Prezident siyasət söbəsinin müdiri Andrey Yarin, Putin adminstrasiyası baş katibinin birinci müavini Sergey Kiriyenko, Putinin Sibirdəki elçisi Sergey Menyaylo, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexandr Bortnikov və Rusiya müdafiə nazirinin iki müavinidir. Həmçinin, Dövlət Kimya və Texnologiya Elmi Tədqiqat İnstitutu da sanksiyalara məruz qalıb.
“Sinir sistemini iflic edən Noviçok maddəsindən istifadə institutun kimyəvi silahların məhv edilməsi ilə bağlı öhdəliyi yerinə yetirməməsi səbəbindən mümkün olub” - deyə, rəsmi məlumatda bildirilib.
Moskva Navalnının öldürülməsi üçün Sovetin sinir sistemini iflic edən Noviçok maddəsi ilə zəhərləndiyinə dair ittihamları rədd edib və sanksiyalar üçün heç bir əsas olmadığını deyib. Kremlin sözçüsü Dmitri Peskov qərarda heç bir məntiqin olmadığını və sanksiyaların münasibətlərə zərər verdiyini bildirib.
Bəs bu hadisə  Qərblə Rusiyanın münasibətlərinə necə təsir edəcək? Ölkəni yeni sanksiyalara görə nə gözləyir?

Suallarımızı cavablandıran politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Navalnı ilə bağlı daha ciddi sanksiyalar gözləyirdi. Onun sözlərinə görə, ilkin variantda hətta Putinin adının da sanksiyaya cəlb edilən siyahısına salmaq nəzərdə tutulurdu. Lakin qərar dəyişir və yüksək vəzifəli məmurlara şamil olunur.
Q.Hüseynli hesab edir ki, bundan əvvəlki sanksiyalar Rusiya üçün daha ağır idi, amma Navalnıya görə yeni qərarlar ölkənin vəziyyətini daha da çətinləşdirəcək.  “Rusiyanın maliyyə bazarlarını, pul dövriyyəsini çökdürən, bank əməliyyatlarını sıradan çıxaran məsələlər nəzərdə tutulur. İndiki sanksiyalar əvvəlki sanksiyalar siyahısına daxil edilib. Zahirən yüngül görünə bilər, amma əvvəlki sanksiyaları nəzərə alsaq, Rusiya iqtisadiyyatına ciddi təsir göstərəcək. İqtisadiyyata cəlb edilmiş Qərbin elm və texnologiya tutumlu şirkətləri onsuz da ölkəni tərk edib, bundan sonra sonuncular da Rusiyadan gedəcək. Bu, həm də Qərblə ticarət əlaqələrinə mənfi təsir edəcək.
Çünki Rusiya bazarı strateji məhsullara, yüksək texnologiyalı məhsullara daha çox ehtiyac duyacaq və dünya bazarında əldə edə bilməyəcək", - deyə politoloq proqnoz verir.
Analitikin fikrincə, bununla belə, Qərb yaxşı bilir ki, Rusiya ilə sona qədər baş etmək mümkün deyil: “Onlarda neoimperialist havası var. Bu abı-hava sovetdən sonra yaranmış nostalgiya ilə əlaqədar deyil. Putin SSRİ-nin dağılmasını 20-ci əsrin faciəsi adlandırır. Onun əsas məqsədi keçmiş sovet ölkələrinin siyasi-iqtisadi birliyini yaratmaqdır. İndiyə qədər yaradılan Avrasiya İttifaqı, Belarusla ittifaq münasibətlər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı SSRİ-ni əvəz edəcək birliyə nail olmaq məqsədi güdür. Amma buna nail olmaq asan deyil. Çünki paralel Qərbin sanksiyaları Rusiyaya ciddi təsir edir. Bu sıxışdırmalar böhran şəraiti üçün nəzərdə tutulmuş valyuta, sığorta rezervlərinin sürətlə əriməsinə gətirib çıxarır, ölkənin maliyyə və tədiyyə qabiliyyəti azalır. Bu baxımdan Navalnı hadisəsi Rusiyaya ağır təsir göstərəcək. Üstəlik, Rusiyada əhalinin maddi firavanlıq səviyyəsi artmır ki, aşağı düşür. Eyni zamanda Xabarovskda, Yekaterunburqda baş verənlər gah sönüb, gah alovlanmaqla göstərir ki, ölkəni bürüyə bilər. Etirazlar Putinin gedişi tələbinə dair şüarlarla müşayiət olunur. İndi isə Navalnıya görə sanksiyalar ölkədə ictimai-siyasi vəziyyəti bir az da gərginləşdirəcək”.
Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”
Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Navalnı Putin hakimiyyəti üçün yeni problemdir. Onun fikrincə, Rusiya bu sanksiyalara dözəcək, amma ağır təsirləri var: “İlk növbədə Qərb-Rusiya cəbhəsində soyuq müharibə dərinləşəcək. Rusiyada pandemiya da vəziyyəti pisləşdirib, yoluxanlar sürətlə artır, iqtisadi çətinliklər böyüyür və bu ərəfədə yeni sanksiyalar böyük zərbədir. Hər halda Navalnının zəhərlənməsi Qərb üçün yaxşı bəhanə oldu”.
Emil SALAMOĞLU



Tarix: 17-10-2020, 14:49
Xəbəri paylaş



Xəbər lenti