Tatyana İvjenko“Nezavisimaya qazeta”, 15.10.2020 Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 16-da Türkiyəyə işgüzar səfərə yola düşəcək. Hərbi-texniki əməkdaşlıq haqqında sazişin imzalanması və azad ticarət zonasının (ATZ) yaradılması ilə bağlı danışıqların davam etdirilməsi planlaşdırılır. Əgər əvvəllər Kiyevdə Türkiyənin Krım məsələsindəki rolundan danışırdılarsa, indi buna Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsi əlavə edilib. Vladimir Zelenski bitərəf qalmağa çağırılır.Siyasi ekspert Yuri Kasyanov “Glavred” veb saytındakı bloqunda Ukraynanı Azərbaycan-Ermənistan münaqişəsinə sürükləməyə səy göstərildiyini yazıb: “Daha çox Azərbaycanın tərəfinə çəkilirlər. Dəlillər sadədir: Azərbaycan ordusu öz əraziləri üçün azadlıq müharibəsi aparır, bu müharibədəki qələbə Krımın və Donbasın azadlığına yol açacaq və ümumiyyətlə, Əliyev Krımı Rusiya ərazisi kimi tanımayıb… ”
Kasyanov Krım hadisələri, Donbasdakı müharibə ilə Dağlıq Qarabağda baş verənlər arasında paralel yaratmamağa çağırıb. “Bizim etnik qarşıdurmamız yox idi və yoxdur, Ukrayna açıq şəkildə qonşu bir dövlətin təcavüzünə məruz qalıb. Qarabağ uğrunda mübarizə mülki qətllər və qarşılıqlı nifrətlə uzun müddətdir davam edən qanlı bir tarixçədir”.
Ekspert Türkiyənin Azərbaycanı dəstəklədiyini və indi Ukraynanın “iki imperiya arasında uzun müddətdir davam edən qarşıdurmada Türkiyə ilə tərəf müqabili olmağa çağrıldığını” qeyd edib.
Kasyanov bildirib ki, Kiyev bu və ya digər tərəfi deyil, əksinə, öz milli maraqlarını rəhbər tutmalıdır.
Seçkilərdən dərhal sonra Türkiyəyə qarşı xüsusi münasibət göstərən prezident Zelenskidən neytral bir xətt tutması tələb olunur. Mütəxəssislər 2019-cu ilin yazında, Ukrayna prezident seçkilərinin ikinci turunun nəticələrinin artıq məlum olduğu, lakin yeni prezidentin andiçmə mərasimi hələ keçirilmədiyini bir vaxtda Zelenski və ailəsinin Türkiyəyə tətilə getdiyini qeyd edir. Prezident vəzifəsinə başladıqdan bir neçə ay sonra, 2019-cu ilin avqust ayında o, Ankara və İstanbula ilk rəsmi səfərini edib.
Q.Udovenko adına Ukrayna Diplomatik Akademiyasının direktor müavini Yevgeniya Qaber “Yevropeyskaya Pravda”-ya yazdığı məqalədə bu istiqamətin nə üçün seçildiyini yazıb: “İndiki mərhələdə Türkiyə Ukrayna üçün yalnız vacib tərəfdaş deyil, eyni zamanda, Qara dəniz hövzəsində təhlükəsizlik və sabitliyin böyük ölçüdə asılı olduğu bölgənin əsas oyunçusudur. Krım məsələsi, Krım tatarlarının qorunması, regional ölçüdə Rusiya, ABŞ, Aİ və NATO ilə münasibətlər, enerji təhlükəsizliyi, hərbi-texniki sahədə əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı məsələləri yeni Ukrayna prezidentinin türk istiqamətində çözməli olduğu məsələlərin dolaşıq hissələrindən yalnız biridir “.
Ukrayna və Türkiyə hələ 2011-ci ildə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Azad ticarət zonasının yaradılması barədə danışıqlar daha erkən başlayıb, lakin bu günə qədər başa çatmayıb. Zelenskiyə qədər bu xarici siyasət sahəsi xüsusilə qabarıq deyildi. Bu il, fevralın əvvəllərində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri zamanı münasibətlərdə yeni bir səhifə haqqında danışılıb. Rəsmi olaraq, səfər diplomatik əlaqələrin qurulmasının ildönümünə təsadüf edib. İqtisadi və hərbi-texniki əməkdaşlıqla bağlı bir çox məsələlər müzakirə olunub. Xüsusilə, tərəflərin “An-178” təyyarələri və həmlə dronların birgə istehsalı mövzusuna toxunduğu bildirilib.
Səfər nəticəsində Türkiyənin Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün hərbi və ikiqat istifadə mallarının alınması üçün təxminən 36 milyon dollar ayırdığı məlum olub. Qışda Kiyevdə bir çox başqa mövzu müzakirə edilib, o cümlədən 2014-cü ildən sonra Ukraynaya köçən Krım tatarları üçün mənzil tikintisi layihəsində türk tərəfinin iştirakı; ticarətin 2023-cü ilə qədər 10 milyard dollara qədər artması ilə iqtisadi əlaqələrin inkişafı və s.
Ekspert Aleksey Koval “Levı bereq” üçün yazdığı məqalədə prezidentlərin Ərdoğanın 2016-cı ildə Türkiyədəki hərbi çevriliş cəhdinin təşkilində ittihamladığı Fəthullah Gülənin adı ilə bağlı kompleks bir mövzunu belə müzakirə etdiyini yazıb. Koval qeyd edib: “Göründüyü kimi, Türkiyə prezidenti uzun müddət ukraynalı gənc tərəfdaşa dostunuzun da düşməninin sizin də düşməniniz olmasının strateji əlaqədə nə qədər vacib olduğunu izah etməli idi… Zelenskinin Ukrayna Təhlükəsizlik Xidmətini mötədil islamçılara qarşı təhrik edəcəyini vəd etməklə riskə getdiyini başa düşmək vacibdir. Axı Aİ ilə ABŞ-ın Türkiyə ilə münasibətləri Ankara gülənçilərə qarşı təqibləri gücləndirdikdən və Vaşinqton Güləni təhvil vermədikdən dərhal sonra pisləşib”.
Qeyd edək ki, sentyabrın ortalarında “Hürriyyət Daily News” nəşri “Kürdüstan Fəhlə Partiyası”nın üzvü İsa Özeri Türkiyə xüsusi xidmətinin Ukrayna ərazisində saxlaması barədə məlumat yayıb. Məlumatda Özerin bir müddət Odessada gizləndiyi deyilirdi.
Zelenskinin Türkiyəyə cavab səfəri (16-17 oktyabr) daha əvvəl hazırlanıb. Mütəxəssislərin fikrincə, xüsusi əməliyyat, doğrudan da, həyata keçirilsəydi, yalnız Ərdoğanla danışıqların arxa planını yaxşılaşdırmaq olardı. Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva deyib: “… İqtisadiyyata çox vaxt ayrılacaq. Nəhayət, azad ticarət zonası ilə bağlı danışıqları başa çatdırmalıyıq. Ukrayna ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq vacib məsələdir”.
Qeyd edək ki, oktyabrın 13-də Ukrayna hökuməti növbədənkənar iclas zamanı Türkiyə ilə hərbi sahədə əməkdaşlıq haqqında müqavilə imzalamağa imkan verən qərar qəbul edib. Sənədi imzalayacaq müdafiə naziri Andrey Taran iki dövlət arasında 21 hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsindən bəhs edildiyini söyləyib.
Tərcümə: Strateq.az
Tarix: 16-10-2020, 16:31