Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 14 oktyabrda keçirdiyi mətbuat konfransında Qarabağın taleyi haqda yenə “gələcək zamanla” danışması müşahidə edildi. Lavrov deyib ki, danışıqlar masasında olan və müzakirə edilən sənəd Ermənistan ordusunun Dağlıq Qarabağın təhlükəsizliyinə və Ermənistanla etibarlı quru yolu əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə, regionun statusunun müəyyən edilməsinə qədər 5 rayondan çıxarılmasını nəzərdə tutur, daha sonra Ermənistan ordusu daha 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Ancaq konkret olaraq Ermənistanın bunun nə vaxt edəcəyini demir. Belə görünür ki, Lavrov Azərbaycanı yenə bu köhnə nağılla danışıqlar masasına qaytarmaq istəyir. Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın xarici işlər naziri bütün gücü ilə Qarabağ məsələsinin həllinin yenə qeyri-müəyyənliyə yuvarlanmasına çalışır. Rusiya hərbçilərinin müşahidəçi qismində Dağlıq Qarabağa göndərilməsi ideyasının ortalığa atılması da problemin həllinin qarşısını almağa hədəflənib: “Bunlar başa düşmürlər ki, bölgədə çox ciddi müharibə gedir, Azərbaycan işğal altındakı torpaqlarının bir hissəsini azad edib, uzun illər mövcud olan status-kvo artıq mövcud deyil, uzun illər istifadə edilən terminlərin bir çoxu artıq gündəlikdə yoxdur, bu terminləri artıq işlətmək mümkünsüzdür, təmas xətti artıq aradan qalxıb. Belə bir vəziyyətdə yenidən illərlə müzakirə olunan haqqında söhbət gedən sənədin yenidən olduğu kimi ortaya atılması mənasızdır və qəbul edilə bilməz. İkincisi də belə bir vəziyyətdə hansı müşahidəçilikdən söhbət gedə bilər?! Üçüncüsü, niyə məhz Rusiya Azərbaycanın ərazisinə müşahidəçi göndərməlidir?! Hansı əsasla, hansı hüquqla?! Diplomatiyamız bax bu başqatmaya belə reaksiya verəcək yəqin.
Sergey Lavrovun dedikləri bir şeydir, formalaşmaqda olan reallıq başqa bir şeydir. Bundan sonra istənilən vasitəçi qismində iştirak edən dövlət mövcud reallıqlara uyğun təkliflər verməlidir, uzun illər mövcud olmuş və artıq mövcud olmayan status-kvoya uyğun təkliflərlə, təşəbbüslərlə çıxış etməməlidir".
Qabil Hüseynli: “Vasitəçi qismində iştirak edən dövlət mövcud reallıqlara uyğun təkliflər verməlidir”Politoloqun sözlərinə görə, əks halda, həmsədr dövlətlər əmin olmalıdırlar ki, problemi Azərbaycan Ordusu həll etməkdə davam eləyəcək: “Arxasında güclü ordunun dayandığı diplomatiya da kəsərli olmalı və sözünü deməyi bacarmalıdır. Mümkün qədər Azərbaycanın daxili işi olan torpaqlarını azad etmək prosesinə Rusiyanın müdaxiləsinin qarşısını danışıqlarla almaq lazımdır. Rusiyada əminlik yaradılmalıdır ki, o, Dağlıq Qarabağda hər hansı formada, hər hansı formatda olacaqsa eyni formada, eyni formatda Türkiyəni də orada görəcək. Rusiya Cənubi Qafqazda, o cümlədən Qafqazda sabitlik istəyirsə, ən azından Dağlıq Qarabağ məsələsində neytral qalmalıdır, daha düzgün olar ki, işğalçı Ermənistana ordusunu işğal olunmuş bütün ərazilərdən çıxarması üçün təsir etsin. Bunlar olmayacaqsa, qeyd etdiyim bölgələrdə sabitlik olmayacaq və bundan Rusiya dövləti də ciddi ziyan görməyə başlayacaq”.
Tofiq Abbasov: “Məsələ elə bir səviyyəyə çıxıb ki, Lavrov öz oyununu oynamaq istəsə də artıq bu, qəbul oluna bilməz”Politoloq Tofiq Abbasov isə bildirdi ki, artıq Sergey Lavrovun şəxsi istəyi prosesdə rol oynaya bilməz. Məsələ elə bir səviyyəyə çıxıb ki, Sergey Lavrov erməni kökənli adam kimi öz oyununu oynamaq istəsə də, artıq bu, qəbul oluna bilməz: “Dağlıq Qarabağ məsələsində vəziyyət artıq əvvəlki kimi deyil. İkincisi, artıq Türkiyə də bölgədə ən ciddi aktyorlardan biridir. Sergey Lavrov öz ölkəsinin əsas emisarlarından biri kimi dövlət mövqeyindən yanaşır və yanaşmalıdır. Burada artıq şəxsi oyun ola bilməz. İndi Azərbaycan status-kvonu dəyişdi, yeni reallıq var və buna uyğun təkliflər verilməlidir. Digər tərəfdən də heç kim elə düşünməsin ki, Azərbaycan dövləti Dağlıq Qarabağdakı erməni vətəndaşlarının burada yaşamasına razı deyil. Azərbaycanın Prezidenti İlham Əliyev bəyan edib ki, erməni vətəndaşlarımız istəsələr gəlib burada yaşaya bilərlər. Azərbaycanın qanunlarını tanıyan erməni vətəndaşlarımızın hüquqlarını dövlət olaraq qoruyacağıq. Dağlıq Qarabağda ermənilər ancaq bu şəkildə yaşaya bilər. Artıq Azərbaycana güc dili ilə danışmaq imkanı verilməyəcək. Bizim diplomatiyamız bu prinsipdən çıxış etməlidir”. Politoloqun fikrincə, Sergey Lavrov həm də dolayısı ilə bizə demək istəyir ki, Dağlıq Qarabağdan erməni əhalini tam birdəfəlik çıxarmaq mümkün olmayacaq: “Heç biz bunu istəmirik də. Dediyim kimi, Azərbaycan Prezidenti bəyan edib ki, Dağlıq Qarabağdakı Azərbaycanın qanunlarını, ərazi bütövlüyünü tanıyan erməni vətəndaşlarımızın Dağlıq Qarabağda yaşamasına şərait yaratmağa hazırdır. Azərbaycan Ermənistandan fərqli olaraq sözünə, vədinə, imzasına hörmət edən dövlətdir. Bunu hər kəs bilməlidir. Dağlıq Qarabağ tam şəkildə işğalçılardan azad edilməlidir və bundan sonra danışıqlarda erməni vətəndaşlarımızın orada gəlib yaşaması məsələsi müzakirə olunmalıdır. Ermənistan artıq bizə şərt qoya bilməz. Şərti biz qoyacağıq. Bunu Sergey Lavrov gözəl başa düşür. Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq barədə rəsmi qərarını elan etsə və konkret vaxt, qrafik elan edilsə, həmin andaca Azərbaycan hərbi əməliyyatı dayandırmağa hazırdır. Bunu da dəfələrlə ölkəmizin rəhbərliyi bəyan edib. Yəni yaxşı olar ki, Rusiya xarici işlər naziri məsələni Ermənistanla həll etsin. Bizim mövqeyimiz bəllidir”.
Tarix: 16-10-2020, 14:03