Bakının tərəfini tutmağın arxasındakı impuls:RƏSMİ TEHRAN NİYƏ BİTƏRƏFLİKDƏN VASİTƏÇİLİYƏ MEYLLƏNDİ?


Aleks Vatanka
“Foreign Policy”, 14.10.2020
 
Ermənistanla Azərbaycan arasındakı döyüş İran üçün xüsusilə pis məqamda baş verir. Evdə o, ABŞ sanksiyaları ucbatından son dərəcə çətin iqtisadi vəziyyətlə qarşılaşır. Xaricdə, son illərdə kifayət qədər sərmayə qoyduğu Ərəb dünyasında – İraqdan Suriyaya qədər bir çox yarımçıq geosiyasi sərgüzəştlərdə iştirak edir.
Daha əvvəl vasitəçi rolunu oynadığı Cənubi Qafqazdakı münaqişəyə yenidən cəlb olunmaq istəsə də, Tehranın bunu həyata keçirmək üçün münaqişəyə coğrafi yaxınlığına görə təklif edə biləcəyi şey xeyli azdır. Daha dəhşətlisi budur ki, 1990-cı illərin əvvəllərində Ermənistan və Azərbaycan arasında mübahisəli Dağlıq Qarabağ ərazisi uğrunda döyüşlərin baş verdiyi zamandan fərqli olaraq, Tehran hazırda iki tərəf arasında daha səmərəli işləyə biləcəyi diplomatik müstəqilliyə sahib deyil.
Bu dəfə İran Rusiya, Türkiyə və Qərbə güzəştə getmək məcburiyyətindədir, çünki bu güclər qarşıdurmanın trayektoriyasını formalaşdırır. Hərçənd İranın azəri azlığı ucbatından (təqribən 20 milyonluq bir qüvvə) Ermənistan-Azərbaycan münaqişəsinin həddini aşaraq İranın təhlükəsizliyi üçün ciddi risk yaratma ehtimalı var. Tehran bu qarşıdurmada uduzmaq istəmir, amma biləyi gücsüzdür.
Sentyabrın 27-də xristian əksəriyyətli Ermənistan və şiə müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan arasında son döyüşlər başlayandan Tehranın bu yeni qarşıdurmanı əvvəlki atışmalardan keyfiyyətcə fərqli olduğunu qəbul etməsi 3 gün çəkib. 1988-1994-cü illər müharibəsinin sonunda atəşkəs imzalansa da, iki qonşu ölkə bu yay da daxil olmaqla, illərdən bəri çoxsaylı döyüş əməliyyatları aparıb. Hərbi əməliyyatın dördüncü günü sonun yaxınlaşmadığını başa düşən Tehran birdən-birə diplomatik ritorikasını bitərəfliyi İrəvanla Bakı arasında vasitəçilik istəyi ilə azərbaycanlıların tərəfinə keçməyə dəyişdirib.
Oktyabrın 1-də etnik əhalisi azəri olan ölkənin şimal-qərbindəki 4 əyalətində Ali Lider Əli Xamnəinin siyasi nümayəndələri Azərbaycana dəstək verən birgə bəyanat yayıblar. Bəyanatda separatçı Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğuna şübhə olmadığı bildirilib. Amma bəyanat rəsmi Tehranın Ermənistana göndərilən Rusiya hərbi təchizatı üçün hava məkanını açması xəbəri ortaya çıxdığı an verilib. Etirazlar təkcə İranın Şərqi Azərbaycan əyalətində olmayıb, hətta Tehranda “Qarabağ bizimdir, bizim olacaq!” şüarı səslənib.
Sadəcə İranın Ermənistan üçün silah göndərmə kanalı olması ehtimalı partlayış doğura bilərdi və Tehran tərəfindən sürətlə inkar edilib. İran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və Xamnəinin xarici siyasət məsələləri üzrə baş müşaviri Əli Əkbər Vilayəti – hamısı Ermənistanın 1994-cü ildən bəri işğal etdiyi Azərbaycan ərazisini tərk etməli olduğunu təkrarlayıb. Ayətullah Hüseyn Nuri Həmədani isə münaqişəni dini baxımdan çərçivələndirib: “Dağlıq Qarabağ İslam dünyasının bir hissəsidir, İslam ölkəsinə qaytarılmalı və azad edilməlidir”.
Bakının tərəfini tutmağın arxasındakı populyar impuls o qədər böyükdür ki, Tehrana Azərbaycanın İsraillə yaxın tərəfdaşlığına mane törətməyə belə imkan vermir. Dünyada şiələrin əksəriyyət təşkil etdiyi dörd ölkədən biri olan Azərbaycan (İran, İraq və Bəhreynlə birlikdə) Tehranın gözü qarşısında İsraillə yaxın iqtisadi, hərbi və kəşfiyyat əlaqələri qurur. Ancaq bu, təxminən 20 ildir ki, reallıqdır və iranlılar buna uyğunlaşmağı alışıblar.
Qısası, İran öz azəri azlığına qarşı fəaliyyət göstərmək iqtidarında deyil. Sovet İttifaqının dağılmasından, 1990-cı illərin əvvəllərindən fərqli olaraq, 1800-cü illərin əvvəllərindən etibarən Rusiya / sovet hakimiyyəti altında olmuş şimaldakı qardaşları ilə İran azərbaycanlılarının yenidən əlaqə qurması üçün yeni bir fəza açılıb. Ermənistan-Azərbaycan münaqişəsinin dinamikasında onlar Bakıya daha həvəslə arxa dururlar. Bu, Tehran üçün ciddi narahatlıq yaradır. Çünki İran çoxmillətli bir ölkədir və Tehran Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı azlıqların qiyamını idarə etməyə hazır deyil.
Onsuz da davakar etnik qruplarla vaxtaşırı atışmalar həyati gerçəklikdir. Cənub-şərqdə, Pakistanla sərhəddə, etnik bəluc-sünni “Ceyş əl-Ədl”, “əl-Qaidə” ilə əlaqələri olduğu bildirilən qrup İran təhlükəsizlik qüvvələrini hədəfə almağa davam edir. Tehran əleyhinə həm də İranın İraqla sərhədindəki qərb əyalətlərində, kürd bölgələrində də müqavimət var.
İranı partlamağa hazır barıt çəlləyi kimi göstərmək, əlbəttə,  şişirtmədir. Amma Tehranın Bakını dəstəkləyən qəfil ritorik dəyişikliyinin arxasında etnik azlıq amilinin durmaması iddiası da eyni dərəcədə yanıldıcıdır.
Tərcümə: Strateq.az
Tarix: 15-10-2020, 15:02
Xəbəri paylaş



Xəbər lenti