Fransanın bitməyən türk düşmənliyi: Bu dəfə Qarabağda alovlandı - BİZİM TƏHLİL


Fransanın bitməyən türk düşmənliyi: Bu dəfə Qarabağda alovlandı - BİZİM TƏHLİL

Fransa Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ənənəvi olaraq Ermənistanın yanında yer alıb. Azərbaycanın işğal altındakı ərazilərdə hərbi əməliyyatlara başlaması Fransa prezidenti Emmanuel Makronu ciddi narahat etməyə başlayıb.
Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi edən Emmanuel Makron Azərbaycanla-Ermənistan arasında gedən döyüşləri müzakirə edib. Dövlət başçıları "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə pisləşdiyini bildirib, davam edən döyüş əməliyyatlarından narahatlıqlarını ifadə ediblər.
Putin və Makron münaqişə tərəflərini atəşkəsin tezliklə və tamamilə dayandırılmasına və gərginliyin aradan qaldırılmasına çağırıblar.
"Dağlıq Qarabağ böhranının siyasi-diplomatik üsullarla tənzimlənməsinin alternativsiz olduğu vurğulanıb. Bu kontekstdə gələcək qarşılıqlı fəaliyyətin konkret parametrləri, ilk növbədə, ATƏT - in Minsk Qrupu formatında nəzərdən keçirilir", - deyə Kremlin məlumatında bildirilib.
Əslində, Fransa prezidenti atəşkəsə çağırışlar etməklə Azərbaycanın hərbi əməliyyatları dayandırmasına nail olmağa çalışır. Fransa prezidentinin bu məsələdə Ermənistanı himayə etməsi gözlənilən idi. Çünki E.Makron hakimiyyətə gəldiyi ilk günlərdən Ermənistanın mövqeyini müdafiə edib.
Məlumdur ki, dünyada erməni diasporunun ən güclü olduğu ikinci dövlət Fransadır. Bu isə Makronun hakimiyyətinə təsirsiz ötüşmür. O, yeganə prezidentdir ki, qondarma erməni soyqırımı iddiasını qanunvericiliyə salıb. Yəni uydurma soyqırımı inkar etmək qanunun pozulması hesab edilir və həmin şəxsə qarşı cinayət işi açılır.
Ancaq Fransa prezidentinin “sülh təşəbbüsü” yalnız erməni diasporasının Makronla olan subyektiv münasibətlər ilə yekunlaşmır.
Makronun Ermənistanın dünyada birinci müttəfiqi sayılan Rusiyaya müraciət etməsi təsadüfi deyil. Hər iki dövlət Ermənistanın hamisi olmaqla yanaşı həm də ATƏT-in Minsk Qrupunun həmsədrdir. Fransanın və Rusiyanın döyüş əməliyyatlarını dayandırmaq və münaqişənin həllini diplomatik üsullarla həll etmək mesajı atəşkəsə nail olmaq və Minsk Qrupunun vasitəçiliyi ilə prosesi əvvəlki danışıqlar müstəvisinə qaytarmaq cəhdindən xəbər verir. Bu danışıqlar da Azərbaycanı hərbi əməliyyatlardan yayındırmaq və status-kvonun saxlanılmasına xidmət edir.

Prezident Makronun açıqlaması həm də rəsmi Parisin son illər ortaya qoyduğu geosiyasi ambisiyalarla bağlıdır. Fransa digər bölgələrdə olduğu kimi son illər Cənubi Qafqazda da iddiasını ortaya qoymağa başlayıb. Ermənistan bu prosesdə Fransanın əsas dayağı kimi çıxış edir.
Nikol Paşinyan 2018-ci ildə ABŞ-ın siyasi dəstəyi ilə hakimiyyətə gəlsə də sonradan Dağlıq Qarabağ probleminin həllinə dair götürdüyü öhdəliklərdən yayınmaq və “Bolton planı” (Bu sənəd münaqişənin mərhələli həllini nəzərdə tutur) adlı təkliflər paketindən imtina etmək üçün Fransa ilə yaxınlaşma nümayiş etdirməyə başladı. 2018-ci ilin noyabr ayında İrəvanda “Frankomaniya” ittifaqının sammiti keçirildi.
Həmin vaxt Makronun səfər proqramına Azərbaycan da daxil idi. Lakin o, Ermənistana gəlsə də Azərbaycana səfərini təxirə saldı. Bununla da Minsk Qrupunun həmsədri olan bir ölkənin başçısı Azərbaycana qarşı ayrı-seçkilik mövqeyini açıq-aşkar nümayiş etdirdi.
Fransa Gürcüstanda Salome Zurabişvilinin də prezident seçilməsində maraqlı tərəf kimi çııxş edib. Ona görə də Cənubi Qafqazda Fransa və Rusiyanın maraqları bir çox məsələlərə münasibətdə üst-üstə düşür.
Hətta Fransa 2018-2019-cu illərdə Abxaziya və Cənubi Osetiyadan keçməklə Ermənistana quru yolun açılması üçün Rusiya ilə Gürcüstan arasında danışıqların təşkilində iştirak edib. Yalnız 2019-cu ilin iyun ayında Gürcüstanda Rusiya parlamentinin deputatlarına etiraz aksiyalarının başlanması bu prosesi yarımçıq qoydu.
Qeyd edilən səbəblərdən Fransa yalnız Avropa Birliyi məkanında deyil, həm də Cənubi Qafqazda ABŞ-a qarşı geosiyasi rəqib kimi çıxış edir. Bu proses E.Makronun hakimiyyəti dövründə daha çox müşahidə olunur. Ancaq Fransanın son zamanlar Azərbaycanı dayandırmaq və Ermənistanın məğlubiyyətinin qarşısı almaq səyləri xüsusilə Türkiyə amili ilə bağlıdır.
Türkiyənin son zamanlar Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fəallaşması Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirib. Bu isə yalnız Rusiyanı deyil, həm də Fransanı narahat edir. Çünki Azərbaycanın müharibədə qalib gəlməsi regionda geosiyasi balansın Türkiyənin xeyrinə dəyişməsi deməkdir.
Hazırda Fransa Türkiyə ilə yalnız Cənubi Qafqazda deyil, həm də Liviyada və Şərqi Aralıq dənizi hövzəsində rəqabət aparır. Fransa Rusiya, Misir və Birləşmiş Ərəb Əmirliklikləri ilə birlikdə Liviyada legitim hökuməti devirmək üçün qiyamçı qüvvələrin komandanı Xəlifə Həftərə geniş dəstək verir. Lakin Türkiyənin köməyi ilə qiyamçıların darmadağın edilməsi Fransanın Liviyadakı planlarını pozub.
Eyni zamanda, Fransa Liviya ilə Türkiyə arasında 2019-cu il noyabrın 26-da imzalanmış “Su Sərhədlərinin Delimitasiyası və Demarkasiyasına dair Müqavilə”ni tanımaq istəmir. Çünki həmin sənəd Türkiyənin şərqi Aralıq dənizi hövzəsində ərazi sularını dəqiq müəyyən etməklə yanaşı, həm də genişləndirir.
Sözügedən müqavilə Türkiyəyə Aralıq dənizinin şərqində neft və təbii qaz yataqlarının kəşfiyyatı ilə məşğul olmaq hüquq verir. Fransa isə bu prosesin qarşısını almağa çalışır. Hətta Makron hökuməti Yunanıstanla Türkiyə arasındakiçik adalar uğrunda yaranmış qarşıdurmada Afinanı dəstəkləməklə Ankaraya təzyiq göstərməyə çalışır.
Son günlər bu rəqabətin başqa bir bölgəyə-Cənubi Qafqaza da keçdiyini görmək olar. Fransa Ermənistanın mövqelərinin zəifləməsini və Türkiyənin Cənubi Qafqazda təsir dsairəsinin artmasını özünün regiondakı maraqlarına zərbə hesab edir./Cebhe.info/

Tarix: 1-10-2020, 16:13
Xəbəri paylaş



Xəbər lenti