ABŞ ən güclü donanmasını Fars körfəzinə niyə göndərdi? – “Bir daşla 3 quş vurmaq istəyir”


 
Sentyabrın 18-də ABŞ-ın bir təyyarədaşıyıcı gəmisinin rəhbərliyi altında hərbi flotu Fars körfəzinə daxil olub.
 
Ovqat.com-un bildirdiyinə görə, məlumatı ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci operativ donanması yayıb.
 
Məlumata görə, flotun tərkibinə "Nimits" atom aviadaşıyıcısı, "Prinston" raket kreyserləri, "Filippin dənizi" və "Sterett" destroyeri  daxildir.
 
Bildirilir ki, gəmilər ABŞ-ın və beynəlxalq koalisiyanın Hərbi Dəniz Qüvvələrinin “Sarsılmaz qətiyyət" təlimlərində iştirak edəcək və “regional tərəfdaşlar”a dəstək verəcək.
 
Bütün bunlar öz yerində. Sirr deyil ki, ABŞ-ın son zamanlar həm Qara dəniz, həm də Fars körfəzində fəallaşması hiss olunur. Bəs bu fəallaşmanın alt qatında yatan səbəblər nədən ibarətdir?
 
Suallarımızı cavablandıran fəlsəfə elmləri doktoru, beynəlxalq məsələlər üzrə ekspert Aydəm İsmayılov ABŞ-ın Qara dəniz və Fars korfəzində hərbi qüvvələrini artırmasını onun neft və qaz strategiyasının tələbləri ilə əlaqələndirdi: “Məlum olduğu kimi, ABŞ bir müddət əvvəl özünün ən böyük hərbi gəmilərindən sayılan “Ruzvelt” təyyarədaşıyıcısını 6-cı donanmasının tərkibində Qara dənizə göndərdi. “Ruzvelt” bu zamana qədər onun əsasən 5-ci donanmasının tərkibində fəaliyyət göstərirdi. Bilirsiniz ki, 5-ci donanma Hind okeanının Qərb sahillərinə nəzarət edir. Bölgənin əsas strateji əhəmiyyətli hissəsi isə Hörmüz boğazı və Fars körfəzidir. Çünki bu körfəzdə Yaxın Şərq neftinin hardasa 40%-ı hasil olunur, qaz ehtiyatının isə mühüm hissəsi burda yerləşir. Bu baxımdan bölgə yeri gələndə Qara dənizdən daha böyük strateji əhəmiyyətə malikdir. Odur ki, “Ruzvelt” gəmisinin Qara dənizə göndərilməsi bir çox mütəxəssislərdə ABŞ-ın İrana qarşı siyasətini müvəqqəti də olsa dondurduğuna və Rusiyaya qarşı geopolitik mübarizəyə yönəldiyinə dair fikir formalaşdırırdı. İndi isə ABŞ-ın daha modern hərbi gəmilərindən sayılan "Nimits" atom aviadaşıyıcısını Fars körfəzinə göndərməsi  Vaşinqtonun İran siyasətindən geri çəkilmədiyini, Rusiya və Çin strategiyası ilə paralel şəkildə həyata keçirdiyini göstərir. Başqa təbirlə desək, ABŞ bir daşla 3 quş vurmaq istəyir”.
 
Aydəm İsmayılovun fikrincə, İran körfəzinə nəzarəti yalnız Yaxın Şərq üzərində hegemoniya qurmaq cəhdi kimi qiymətləndirmək düz olmaz: “İran körfəzinə nəzarət həm də Çin iqtisadiyyatını istədiyi kimi yönəltmək anlamına gəlir. Bilirsiniz ki, ABŞ-ın özünün körfəz neftinə ehtiyacı yoxdur. ABŞ son zamanlar qaya (şist) neftinə yatırdığı investisiya sayəsində nəinki özünü təmin etmə, hətta neftini ixrac etmə gücünə yüksəlib. Körfəz neftinin ən iri müştərisi isə Çindir. Çinin enerji ehtiyatının yarısı bu bölgədən təmin olunur. Bu isə olduqca ciddi rəqəmdir. Ən əsası isə, ABŞ İrana qarşı sanksiyalarını genişləndirdikcə, Çin ondan neft alışlarını artırır. Əlbəttə, bunun həm iqtisadi, həm də geopolitik səbəbi var. İqtisadi səbəb odur ki, sanksiyalara məruz qalan İran istər-istəməz qiymətləri aşağı salıb yeni müştəri axtarışına başlayır. Çinə isə daha ucuz enerji ehtiyatı tapmaq sərf edir. 
 
Geopolitik səbəbə gəlincə, Çin ABŞ-ı özünün ən ciddi rəqibi kimi görür. Rəqibinə qarşı nə qədər çox rəqib mövcud olsa, bu, Pekinin xeyrinədir. Görünür, ABŞ da Çin və İranın bu gizli ittifaqını pozmaq üçün bölgənin başlıca enerji mənbələrini nəzarət altına götürmək istəyir”.
 
Aydəm İsmayılov İran körfəzində və Qara dənizdə maraqların bu cür toqquşması nəhənglər arasında ciddi qarşıdurmalara yol aça bilər.
 



Tarix: 19-09-2020, 21:46
Xəbəri paylaş



Xəbər lenti